

Avropanın “Kopernik” iqlim dəyişikliyi xidmətinin məlumatına görə, may ayında dünya okeanının səthinin temperaturu tarixdə qeydə alınan ikinci ən yüksək həddə çatıb.
AZƏRTAC xəbər verir ki, ekspertlərin son rəyində bildirilib: “2025-ci ilin mayında dünya dənizlərinin səthinin orta temperaturu 20,79 dərəcə təşkil edib ki, bu da 2024-cü ilin mayında qeydə alınan rekord temperaturdan 0,14 dərəcə azdır. Amma istiləşmə çox yüksək səviyyədədir və dənizlərin ekosisteminin təhdid edir”.
Alimlər dünya okeanının səthində temperaturun yüksək olmasını onunla izah edirlər ki, o, atmosferə atılan karbon qazının 25-30 faizini və izafi istiliyin təxminən 90 faizini udur. Klimatoloqların fikrincə, buna görə də dünya okeanı qlobal istiləşmənin əsas təbii əyləci olaraq qalır. Lakin alimlər bunun dənizlərin ekosistemlərində köklü dəyişikliklərə səbəb ola biləcəyindən ehtiyat edirlər. Xüsusilə, dünya okeanının sularının istiləşməsi və turşulaşması mərcan poliplərinin kalsium və karbon turşusu ionlarını tutmasına mane olur. Bu, öz növbəsində, mərcan riflərinin məhvinə səbəb olacaq. Klimatoloqlar, həmçinin bu proseslərin təkhüceyrəli yosunların çoxalmasını sürətləndirəcəyindən qorxurlar ki, bu da digər dəniz sakinlərinin oksigenlə təchizatını kəskin şəkildə azalda bilər.