Qətərdən İran və İsrailə dialoq çağrışı Dünya

Qətərdən İran və İsrailə dialoq çağrışı

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Qətərin Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Təşkilatlar yanında daimi nümayəndəsi Casim Yaqub əl-Həmadi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) idarə heyətinin iclasında qiymətləndirmə aparıb.

Xalqcəbhəsi.az “Haber Global”a istinadən bildirir ki, Həmadi İsrailin İrana hücumlarını şiddətlə qınadıqlarını bir daha vurğulayıb. Beynəlxalq ictimaiyyəti sözügedən hücumları dayandırmaq üçün mənəvi və hüquqi məsuliyyət daşımağa çağıran Həmadi, "İsrailin İrana hücumunun önləyici özünümüdafiə olduğu iddiasının heç bir hüquqi əsası olmadığına" diqqət çəkib.

Həmadi davam edən gərginliyin təkcə regional deyil, qlobal səviyyədə humanitar və təhlükəsizlik fəlakətinə səbəb olacağını vurğulayaraq tərəfləri dialoqa, maksimum təmkinli olmağa və gərginliyi azaltmağa çağırıb. O, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) icazəsi olmadan özünümüdafiə məqsədilə güc tətbiqinin qadağan edilməsinin beynəlxalq hüququn iki məcburi norması olduğunu ifadə edərək "Beynəlxalq ictimaiyyət və BMT TŞ bu normalara riayət etməli və onların pozulmasının qarşısını almalıdır. Çünki bu, beynəlxalq münasibətlərdə xaos yaradır və bizi cəngəllik qanunlarına qaytarır” deyib.

Həmadi qeyd edib ki, nüvə obyektlərinə silahlı hücumlar insanlara və ətraf mühitə verəcəyi zərər və nüvə təhlükəsizliyi baxımından ciddi nəticələrə səbəb olacağı üçün pislənilməli olan hərəkətlərdir.