

“Ümid edirik ki, İran ilə İsrail arasında baş verən qismi müharibə tammiqyaslı müharibə fazasına keçmədən bitəcək”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.
Deputat əlavə edib ki, hazırda tərəflərin ortaq bir nöqtəyə gəlməsi mümkün görünmür və elə bu gün ABŞ-nin bu müharibə ilə bağlı yeni mövqeyi ortaya çıxacaq: “Çünki ABŞ Prezidenti Kanadada Böyük 7-lərin (G7) tədbirindən vaxtından əvvəl ayrılaraq ölkəsinə döndü və hazırda Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Trampın kabineti bir araya gəlməkdədir. Buradan çıxan mövqe də, yəni ABŞ-nin ən yeni mövqeyi də İran və İsrail arasında müharibənin nə qədər davam edəcəyi və nə ilə bitəcəyi haqqında yeni bir ipucları verəcək. Amma nə olursa olsun, nəticə etibarı ilə müharibənin bitməsi regionda yeni imkanlar yaradacaq. Çünki bu vaxta qədər regional inteqrasiyaya mane olan, sülh təşəbbüslərinə qarşı çıxan və beləliklə də özünü təcrid edən, yalnızlaşdıran bir ölkədən söhbət gedir. Düşünürük ki, müharibənin nəticəsində daha konstruktiv meyillər formalaşa bilər. Bu isə bütün region ölkələri, eyni zamanda, Cənubi Qafqaz üçün də yeni sülh fürsətləri yarada bilər”.
Röya İsrafilova