“Azərbaycan bu münaqişədən narahatdır” Gündəm

“Azərbaycan bu münaqişədən narahatdır”

“Dünyamız növbəti bir münaqişənin, müharibənin astanasındadır. Bizim arzumuz ondan ibarətdir ki, müharibə olmasın və bu, baş verən münaqişə ən qısa vaxtda yekunlaşsın. Müharibə insan itkisi deməkdir, biz də müharibəni yaşamış xalqıq. Buna görə də biz heç bir xalqa, heç bir dövlətə müharibə arzulamırıq”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə öz mövqeyini bildirdiyini xatırladaraq vurğulayıb ki, Azərbaycan bu münaqişədən narahatdır: “Biz müharibənin ən qısa vaxtda bitməsini arzulayırıq. Qeyd etdiyim kimi, müharibə itki deməkdir və bu müharibənin uzun müddət davam etməsi heç bir tərəfə, eyni zamanda, dünyamıza yaxşı heçnə vəd etmir. İsrail bizim müttəfiqimizdir. Bizim İsrail ilə münasibətlərimiz hər zaman yaxşı olub. Vətən müharibəsi dövründə İsrail bizim yanımızda oldu, Azərbaycanı müasir silahlarla təchiz etdi. Eyni zamanda, İran da bizim yaxın qonşumuzdur. Son vaxtlar münasibətlərimiz inkişaf edir. Həmçinin İranda çox sayda azərbaycanlı yaşayır və onların taleyi də insanlarımızı düşündürür. Biz ona görə də müharibənin ən qısa müddətdə yekunlaşmasını arzu edirik. İnanırıq ki, tərəflər razılığa gəlib münaqişənin bitməsi üçün real addımlar atacaqlar”.

Röya İsrafilova