“Ankara prioritetlərini dəyişməyəcək” Dünya

“Ankara prioritetlərini dəyişməyəcək”

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı verdiyi bəyanat Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunu yenidən gündəmə gətirdi.
Türkiyəli nazirin sözlərinə görə, ölkəsi Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. O, eyni zamanda bunu, Avropa İttifaqı ilə analoji sazişə mane olmamaq şərtilə qiymətləndirməyin vacib olduğunu vurğulayıb.
Qardaş ölkənin nazirinin bu açıqlaması Ermənistanda dərhal reaksiya doğurdu. İrəvanın fikrincə, Ermənistanın AİB-nin üzvü olmaqla yanaşı, Türkiyə ilə həmsərhəd yeganə üzv ölkə olması xüsusi üstünlük sayılmalıdır.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, Ankaranın birtərəfli qaydada Ermənistanla sərhədi bağlaması Türkiyənin AİB ilə gömrük razılaşmasını imzalamasına mane olur.
Erməni ekspertlərin fikrincə, Türkiyə AİB ilə gömrük anlaşmasını imzalamaq istəyəcəyi halda, İrəvan Ankara qarşısında bir sıra şərtlərlə çıxış edə, məsələn, sərhədlərin açılmasını tələb edə bilər.
İndiki halda Ermənistanın mövzu ilə bağlı iddiaları nə dərəcədə real görünür və rəsmi Ankaradan məsələ ilə bağlı hansı gözləntilər var?
Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov Türkiyənin iqtisadiyyat nazirinin verdiyi bəyanatın arxasında siyasi intriqanın da olmasını istisna etmir.
Türkiyənin Qərblə, o cümlədən ABŞ-la mühasibətlərinin son vaxtlar gərgin olduğunu deyən müsahibimiz hesab edir ki, Nihat Zeybekçinin çıxışı Türkiyənin illərdir sıralarına daxil etməyən Avropa İttifaqına ünvanlanan şantaj da ola bilər. Fikrət Sadıxov həmçinin qeyd edib ki, AİB-nin aparıcı üzvü Rusiya olduğu üçün Türkiyənin qurumla mümkün əməkdaşlığında İrəvan heç bir həlledici səsə malik deyil.
"Türkiyə Avrasiya İqtisadi Birliklə əməkdaşlıq etmək istəyərsə, Ermənistan burada heç bir rol oynamayacaq. Birliyin digər üzvləri olan Qazaxıstan, Qırğızıstan və Belarusun isə Türkiyə ilə çox yaxşı əməkdaşlıq münasibətləri var", - o vurğulayıb.
Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Ermənistanın gözləntilərinə gəlincə, politoloq hesab edir ki, Ankara özünün xarici siyasət prioritetlərini heç zaman dəyişməyəcək: "Burada yaxın və uzaq gələcəkdə nə Ermənistanla münasibətlərin qurulması, nə də sərhədlərin açılması nəzərdə tutulur. Türkiyə Abdullah Gülün prezident olduğu dövrdə Ermənistanla Sürix protokollarını imzaladı. Amma sonradan başa düşdülər ki, Ermənistan özünün siyasi ambisiyalarından geri çəkilmək niyyətində deyil. Ermənistanın 1915-ci il hadisələrini "soyqırımı" kimi qələmə verməsi və dünya ölkələri tərəfindən tanınması cəhdlərindən geri çəkilməməsi, Türkiyəyə qarşı ərazi iddiaları İrəvanın dəyişməz siyasətidir. Eyni zamanda, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal faktı var. Türkiyə Ermənistanla münasibətlərin qurulması və sərhədlərin açılması üçün İrəvandan xarici siyasətində prioritetlərin dəyişdirilməsini tələb edir. "Soyqırımı" iddialarından geri çəkilməsə, Türkiyəyə qarşı ərazi iddialarını davam etdirsə və Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymasa, Ermənistan bundan sonra da qapalı və təcrid olunmuş dövlət olaraq qalacaq".
Xatırladaq ki, 2009-cu il mayın 13-də o zaman Türkiyə baş naziri olan Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Milli Məclisdəki çıxışında verdiyi bəyanat mövcud şərtlər altında- Dağlıq Qarabağda işğal bitmədən Türkiyə-Ermənistan sərhədlərin açılmayacağanı göstərdi.Türkiyənin digər rəsmi şəxsləri də dəfələrlə Dağlıq Qarabağda işğal bitmədən sərhədlərin açılmayacağını bəyan ediblər.
Müsahibimiz hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayında Bakıya səfərində də analoji bəyanatları səsləndiriləcəyi şübhəsizdir:
"Düşünürəm ki, Türkiyə prezidentinin bu mövzuda mövqeyi kifayət qədər qətidir. O, qəti şəkildə ifadə edib ki, işğal olunmuş torpaqlar azad edilməyincə, nə Ermənistanla sərhədlər açıla bilər, nə də hər hansı münasibətlər qurula bilər. Şübhə etmirəm ki, Ərdoğan Azərbaycana səfərində nəinki bu fikir yenidən səsləndirəcək, həmçinin daha da gücləndirəcək".
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə hesab edir ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin məlum açıqlamasına Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçaryanın verdiyi tələsik və aqressiv reaksiya düşündürücüdür: "Köçaryanın qənaətinə görə, Türkiyənin Gömrük İttifaqına qoşulmasına mane olan iki əsas səbəb var. Bunlardan birincisi Türkiyə-Ermənistan sərhədinin bağlı olması, digəri isə Avrasiya İqtisadi İttifaqı haqqında müqavilədir. İkinci məsələdə Köçaryan qismən haqlıdır. Çünki Gömrük İttifaqı Avrasiya İqtisadi İttifaqının tərkibində olan bir birlikdir və Aİİ-nin Hökümətlərarası Şurasının, Avrasiya Ali İqtisadi Şurasının və Avrasiya İqtisadi Komissiyasının qərarlarına tabedir. Yəni Avrasiya İqtisadi İttifaqına qoşulmayan dövlətlər heç bir halda Gömrük İttifaqına da qoşula bilməzlər. Köçaryanın birinci bəhanəsi isə siyasi avantüradır. Çünki Türkiyə-Ermənistan sərhədlərinin bağlı olmasının yeganə səbəbi Azərbaycan torpaqlarının işğalı ilə bağlı olan məsələdir. Əgər Ermənistan beynəlxalq öhdəliklərinə əməl edib işğala son qoyarsa o zaman şübhəsiz ki, sərhədlər də açılacaq.
Türkiyənin Avrasiya İqtisadi İttifaqına üzvlüyünə gəldikdə isə bu yalnız İttifaqa üzv dövlətlərin başçılarının konsensus əsasında qəbul etdiyi qərar nəticəsində baş tuta bilər. Yəni Ermənistanın formal da olsa bu və ya digər qərarın qəbul olunmasına veto qoymaq hüququ var.
Lakin Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərin qurulması üçün başqa yollar da var. Bu qurumun ayrı-ayrı üzvləri ilə imzalanan ikitərəfli və çoxtərəfli beynəlxalaq müqavilələr əsasında baş tuta bilər.
Doğrusu Nihat Zeybekçinin nə üçün belə bir açıqlama ilə çıxış etdiyinin izahını da tapmaq çox çətindir. Ola bilsin ki, hörmətli nazir Merkelin "acığına" başqa alternativlərinin olduğunu demək istəyir. Şərq siyasətində belə detallarla qarşılaşmağın mümkünlüyünü nəzərə alıb, "Merkelin acığına" məsələsini də istisna etmirəm. Çox güman ki, Zeybekçinin açıqlamasının Rusiyaya pomidor ixracı sevdası ilə də bir o qədər də ciddi əlaqəsi yoxdur. Əks təqdirdə siyasi terminalogiyamıza "futbol diplomatiyası"ndan sonra "pomidor diplomatiyası" sözlərini də əlavə etmək məcburiyyətində qalmalı olacaqdıq.
Türkiyə isə Avrasiya İqtisadi İttifaqına üzv ola bilər. Buna Ermənistanın maneə yaratmaq imkanları demək olar ki, yox dərəcəsindədir. İrəvanın son dövrlərdə bu və yta digər məsələlərlə bağlı yenidən qərblə Rusiya arasında manevr etməyə cəhd göstərməsi də nəzərə alınması vacib olan məqamlardandır. Amma Ermənistan indi elə bir durumdadır ki, Moskvanın iradəsindən kənar istənilən addım bu ölkəni hətta forpost statusundan da məhrum edə, ayaqaltı statusu üçün yalvarmağa möhtat qoya bilər. İndiki halda hər şey Ankara və Moskvanın hansı prinsiplər əsasında razılığa gələ biləcəklərindən asılıdır. Türkiyənin Avrasiya İqtisadi İttifaqına qoşulması bu qurumun formal təşkilat statusundan qurtulması və real gücə çevrilməsi deməkdir. Rusiya üçün bu indi ətrafındakı təzyiq həlqələrinin sıxıldığı bir zamanda xilas yolu deməkdir. Moskvanın geosiyasi maraqlarında Ermənistan sadəcə bir vasitə və alətdir. Alətin funksiyası isə onu tutan əlin sahibinin iradəsindəm asılıdır.
Unutmaq lazım deyil ki, sərhədlərin açılma məsələsini Ermənistanın xarici işlər nazirinin müavini dilə gətirib. Bu məsələ ilə bağlı Türkiyə hakimiyyətinin mövqeyi bəllidir. Türkiyə prezidentinin bu mövqedən geri çəkiləcəyi isə inandırıcı deyil. Bu baxımdan da Nihat Zeybekçinin açıqlamasını Şavarş Köçəryanın cavabı kontekstindən şərh olunmasını tamamilə yanlış hesab edirəm".