ABŞ Danimarkaya hava-hava raketlərinin satışını təsdiqləyib Dünya

ABŞ Danimarkaya hava-hava raketlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Danimarkaya 951 milyon dollara hava-hava raketlərinin satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah satışından məsul olan Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi açıqlama verib.

Açıqlamaya görə, Danimarka hökuməti əvvəllər ABŞ-dan 236 ədəd AMRAAM-ER (Qabaqcıl Orta Mənzilli Hava-Hava Raketi) raketi və əlaqəli avadanlıq almağı xahiş edib.

Sənəddə vurğulanır ki, təklif olunan satış NATO müttəfiqinin təhlükəsizliyini artırmaqla ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq.

ABŞ administrasiyası artıq Konqresə bu raketlərin potensial satışını təsdiqləmək qərarı barədə məlumat verib.

Qanunverici orqanın potensial müqaviləni nəzərdən keçirmək və onu bloklamaq barədə düşünmək üçün 30 günü var.