"Mövcud vəziyyət ən çox ABŞ və İsrail üçün əlverişli geosiyasi zəmin yaradır" Dünya

"Mövcud vəziyyət ən çox ABŞ və İsrail üçün əlverişli geosiyasi zəmin yaradır"

ABŞ-İsrail-İran qarşıdurması artıq qlobal təhlükəsizlik arxitekturasının sütunlarını silkələyən, beynəlxalq hüququn effektivliyini sual altına alan və regionu böyük müharibə riskinə sürükləyən çoxqatlı geosiyasi böhrandır.

Bunu xalqcebhesi.az-a siyasi ekspert Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki, Vaşinqton və Təl-Əvivin koordinasiyalı hərbi addımları fonunda İranın cavab zərbələri artıq region ölkələrini fakt qarşısında qoyub. Tehran ABŞ-ın bölgədəki hərbi bazalarına zərbələr endirərkən atılan raket və PUA-ların mülki ərazilərə düşməsi ciddi narazılıq yaradıb. Bu isə münaqişəyə qoşulmaq istəməyən dövlətlərin belə mövqeyini sərtləşdirir.
Xüsusən Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrin son bəyanatları diqqət çəkir. Onlar açıq şəkildə xəbərdarlıq ediblər ki, İranın regionda sabitliyi pozan addımları davam edərsə, “cavab tədbirləri qaçılmaz olacaq”. Bu, faktiki olaraq ABŞ-İsrail koalisiyasının genişlənməsi deməkdir:

"Mövcud vəziyyət ən çox ABŞ və İsrail üçün əlverişli geosiyasi zəmin yaradır. Çünki İranın sərt və barışmaz ritorikası region dövlətlərini təhlükəsizlik baxımından Vaşinqton-Təl-Əviv xəttinə yaxınlaşdırır.
Əgər Tehran emosional və impulsiv qərarlar verməyə davam edərsə, bu, Qərb paytaxtlarında “İran təhdidi” tezisinin daha asan qəbul edilməsinə səbəb olacaq. Bu isə daha geniş beynəlxalq legitimlik, yeni hərbi-siyasi koalisiya və sanksiya mexanizmlərinin sərtləşdirilməsi deməkdir.
Artıq Fransa və Böyük Britaniya da açıq şəkildə ABŞ və İsrailə dəstək verməyə hazır olduqlarını bəyan ediblər. Yaponiya isə daha ehtiyatlı mövqe tutaraq İranı “regionda sabitliyi pozan addımları dayandırmağa və diplomatik həll yollarına qayıtmağa” çağırıb. Bu çağırış diplomatik dillə ifadə olunsa da, əslində Tehrana ciddi xəbərdarlıqdır. Necə deyərlər, Tehran bu sərt ritorika ilə əslində ABŞ və İsrailin əlinə oynayır".

Cavid