"Tramp Çinə ABŞ-ın üzərinə götürdüyü “qlobal lider” statusunu itirmiş prezident statusunda gedir" Dünya

"Tramp Çinə ABŞ-ın üzərinə götürdüyü “qlobal lider” statusunu itirmiş prezident statusunda gedir"

ABŞ prezidenti Trampın Çinə planlaşdırılan və İrana qarşı əməliyyatların uzanması səbəbindən təxirə salınan dövlət səfərinin tarixi, nəhayət, açıqlanıb. Artıq həm ABŞ, həm də Çin tərəfi təsdiqləyib ki, Tramp mayın 13-15-də Çində olacaq.

Politoloq Elxan Şükürlü deyib ki, hazırda dünyanın nüfuzlu “beyin mərkəzləri”, ciddi analitiklərin hamısı, demək olar ki, tamamilə bu səfərə, qlobal liderlik uğrunda yarışan iki nəhəng dövlətin liderlərinin görüşünün necə yekunlaşacağına, hansı mesajlar veriləcəyinə fokuslanıblar:

"Çünki əlverişli sövdələşmələr əldə etmək niyyətiylə hakimiyyətə gətirilən və qeyri-sabit xarakteriylə fərqlənən Trampın ABŞ-ın əsas rəqibi Çinlə nədə uzlaşa biləcəyi, bir tərəfdən, onun və respublikaçıların siyasi perspektivini, o biri tərəfdən də bütövlükdə ölkəsinin dünya siyasətindəki yerini müəyyənləşdirəcək".

O, qeyd edib ki, Çinin qurudan mühasirəsi və iqtisadiyyatının nəzarət altına alınması üçün ABŞ-ın xüsusən 3 mühüm, açar ölkədə - Rusiya, Türkiyə və İranda hakimiyyətləri dəyişməsi və özünəmünasib hakimiyyətlər formalaşdıraraq, Mərkəzi Asiyaya daha rahat çıxış, gediş-gəliş və hərbi bazalar qurmaq imkanı əldə etməsi vacib idi ki, ABŞ nə Bayden, nə də Tramp dönəmində bunu bacardı:

"Əksinə, son 10 il ərzində Rusiya, Türkiyə və İran həm öz aralarında, həm də Çinlə daha da yaxınlaşaraq və hətta əlbir hərəkət edərək, ABŞ-ın Mərkəzi Asiyada, Əfqanıstanda və Cənubi Qafqazda planlarını pozmağı bacardılar.

İranla son müharibə isə ABŞ-ın Yaxın Şərqdən də hərbi bazalarını çıxarmasının təməllərini atmış oldu - özünü qoruya bilməyən hərbi baza başqalarını necə qoruyacaq?!

Beləliklə, 2017-ci ildəki səfərindən fərqli olaraq, Tramp bu dəfə Çinə SSRİ dağılandan bu yana ABŞ-ın üzərinə götürdüyü “qlobal lider” statusunu itirmiş prezident statusunda gedir".

Cavid