10:24
588
İspaniyanın cənubundakı Almeriya əyalətinin El-Exido bələdiyyəsində baş verən atışma nəticəsində iki nəfər ölüb, daha dörd nəfər isə ağır yaralanıb. Yaralananlar arasında iki azyaşlı da var.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Hadisə bazar ertəsi gecə gec saatlarda, təxminən 23:15-də (Bakı vaxtı ilə çərşənbə axşamı 01:15-də) Balaeneqra yaşayış məntəqəsinin yaxınlığındakı El-Kanalilyo rayonunda baş verib. Hadisə yerinə Mülki Qvardiyanın bölmələri, o cümlədən çevik reaksiya xüsusi təyinatlı dəstəsi (GAR) və həkimlər cəlb olunub.
İlkin məlumatlara görə, atəş açmaqda şübhəli bilinən şəxs hadisədən sonra qaçıb və hazırda axtarışdadır. Onun zərərçəkənlərin bəzilərinin qohumu ola biləcəyi qeyd edilir.
Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.
Məryəm Quliyeva