15:19
1 232
Avropa İttifaqı (Aİ) Hörmüz boğazında "gəmiçilik azadlığına təhdidlər" səbəbilə tətbiq etdiyi sanksiyalar çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandan müavinini və SEPAH HDQ-nin əyalət səviyyəli komandanlığını qara siyahıya salıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
"Aİ Şurası İranın Yaxın Şərqdə gəmiçilik azadlığını təhdid edən fəaliyyətlərinə görə iki fiziki və bir hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib", — deyə Aİ Şurası bildirib.
Bu qərarın Aİ-nin "Rəsmi Jurnalı"nda dərc olunmuş variantına əsasən, sanksiyalar SEPAH HDQ komandanının müavini Məhəmməd Əkbərzadəyə, İranın Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları Birliyinin nümayəndəsi və İran Ticarət Palatasının üzvü Həmid Hüseyniyə, həmçinin SEPAH HDQ-nin Hörmüzqan əyaləti üzrə komandanlığına qarşı tətbiq edilib.
Siyahıya daxil edilən fiziki şəxslərin Aİ-yə girişi qadağan edilir, onların Avropa banklarında aşkar ediləcək aktivləri isə dondurulmalıdır. Hüquqi şəxslər üçün bu, həmçinin aktivlərin bloklanması və Aİ-nin dövlət və özəl strukturları ilə hər hansı təmasların qadağan edilməsi deməkdir.
Məryəm Quliyeva