Britaniya müsəlmanları məscidlərə hücumların artdığını bildiriblər Dünya

Britaniya müsəlmanları məscidlərə hücumların artdığını bildiriblər

Böyük Britaniyada hər beş gündən bir məscidə hücum edilir.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Nəşrin Britaniya Müsəlmanları Fonduna istinadən verdiyi məlumata görə, ötən il 70-dən çox belə hücum qeydə alınıb. Fond vandalizm, təqib, məscidə gedənlərə qarşı nifrət dolu çıxışlar, onlayn təqib və sair kimi hərəkətləri məscidlərə hücum kimi təsnif edir.

Fond London, Böyük Mançester və Midlends bölgəsini hücumların əsas qaynar nöqtələri kimi göstərir. Londonda məscidlərə doqquz ayrı hücum qeydə alınıb, Midlendsın ən böyük şəhəri olan Birminhemdəki bir məscidə isə üç dəfə hücum edilib.

Böyük Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə isə, 2025-ci ilin mart ayına qədər olan 12 ay ərzində müsəlmanlar əleyhinə nifrət cinayətlərində artım 19% təşkil edib.

“The Guardian” qəzeti xatırladır ki, bu ilin əvvəlində Böyük Britaniya hökuməti mövcud Məscid Təhlükəsizliyi Maliyyələşdirmə Sxemi çərçivəsində məscidlərə əlavə 40 milyon funt sterlinq (53 milyon dollardan çox) ayırmaq niyyətində olduğunu açıqlamışdı. Bu sxem CCTV kameralarının quraşdırılması, yeni hasarlar və özəl təhlükəsizlik şirkətlərinin işə cəlb olunması üçün dövlət maliyyələşdirilməsinə imkan verir.

Lakin fondun məlumatına görə, məscidlər üçün vəsaitin alınması bürokratik əngəllər səbəbindən olduqca çətindir. Bəzən vəsaitin alınması bir ildən çox çəkə bilər.

Fond həmçinin qeyd edir ki, ölkədə müsəlmanlara qarşı düşmənçilik getdikcə normaya çevrildikcə problem daha da kəskinləşir. Fondun bu ilin iyun ayında "British Future" ilə birgə apardığı sorğuya görə, hər altı britaniyalıdan biri artan müsəlman əhalisinin "Britaniya mədəniyyətinin təməlləri üçün təhlükə" olduğunu düşünür.