Avrasiya İttifaqı hərbiləşdirilə bilərmi? Dünya

Avrasiya İttifaqı hərbiləşdirilə bilərmi?

Lukaşenkonun Avrasiya ordusu arzusu Putindən gəlir

Cavid

Rusiya prezidenti Putinin müttəfiqi Belorus prezidenti Lukaşenkonun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) yaxın gələcəkdə Avrasiya İttifaqının hərbi qurumuna çevirmək təklifi birmənalı qarşılanmayıb.
Lukaşenkonun sözlərinə görə, bir halda ki, Avrasiya İttifaqının əsasında iqtisadiyyat durur, o zaman bu iqtisadi maraqların müdafiəsi də təşkil olunmalıdır: "Fikrimcə, biz tezliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Avrasiya İttifaqının tərkib hissəsi olması barədə qərar verəcəyik. Bu bizim hərbi təşkilatımız olacaq".
O, hətta Avrasiya İttifaqının gələcəyi ilə bağlı bir sıra fikirlər və proqnozlar irəli sürüb. Deyib ki, ən yaxın vaxtda Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı bərabər səviyyəli tərəfdaş olacaqlar: "Bir sıra digər ölkələrin layihədə iştirak etmək səylərini nəzərə alsaq, geosiyasətin şahmat lövhəsində ən yaxın vaxtda Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı təxminən bərabər səviyyəli tərəfdaş olacaqlar. Onların maraqlarını balanslaşdırmaq lazım olacaq. Bu, onun canlı nümunəsidir ki, inteqrasiya ideyası tamamilə realdır".
O daha sonra qeyd edib ki, Avrasiya İttifaqı yalnız iqtisadi birlikdir və siyasi məsələlərlə əlaqəsi yoxdur: "Avrasiya İttifaqına daxil olmağa ən yaxın namizəd isə Qırğızıstandır. Bu ölkənin rəhbərliyi ittifaqa daxil olmağa etiraz etmir. Lakin bəzi problemlər var".
Onun sözlərinə görə, vahid Avropa ilə danışıqların inteqrasiya edilən birlik tərəfindən aparılması daha effektiv olacaq: "MDB iştirakçı ölkələrinin ayrı-ayrılıqda vahid Avropa ilə onlar üçün təhqiredici şərtlərlə separatçı danışıqlar aparmasından çox, vahid Avropa ilə danışıqları birgə aparmaq daha effektli olar".
Xatırladaq ki, KTMT 1992-ci il mayın 15-də Daşkənddə Rusiyanın təşəbbüsü ilə imzalanıb. Müqaviləni Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan imzalayıb. 1993-cü il sentyabrın 24-də Azərbaycan, sentyabrın 9-da Gürcüstan, dekabrın 31-də isə Belarus bu sazişə imza atıb. Müqavilə 1994-cü il aprelin 20-də qüvvəyə minib. Beş il üçün nəzərdə tutulan sazişin sonradan uzadılması nəzərdə tutulurdu. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan KTMT-də daha beş il qalmaqdan imtina edib və sazişi imzalamayıb. 2002-ci ildə Moskvada qurumun adı dəyişdirilərək, ona beynəlxalq status verilib. Qurum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandırılıb.
Avrasiya İqtisadi İttifaqı isə 2014-cü il mayın 29-da Rusiyanın təşəbbüsü ilə yaradılıb. Həmin gün Astana şəhərində Rusiya, Qazaxıstan və Belarus bu ittifaqı təsis edib. Bu il daha iki dövlətin Avrasiya İqtisadi İttifaqına qoşulacağı gözlənir: Ermənistan, Qırğızıstan.
Politoloq Razi Hurullayev Avrasiya İttifaqının vahid dövlətə çevrilməsinin birmənalı olaraq mümkün olmadığını bildirdi: "Düzdür, Avrasiya İttifaqına gedən yolda müəyyən addımlar atılıb. Və Rusiya, Belarus, Qazaxıstanın iştirakı ilə Gömrük İttifaqı daxilində də nəzərdə tutulan iqtisadi layihələr həyata keçirilir. Əlbəttə ki, Avrasiya İttifaqının yaranma perspektivləri hələ uzunmüddətli bir prosesdir. Gələcəkdə onun mövcud olması və yaxud yaşayıb-yaşamaması da hələ məlum deyil. Çünki Rusiyanın özündə tam olaraq siyasi stabillik mümkün deyil. Rusiya olmadan Avrasiya İttifaqının yaşaması isə mümkün görünmür. Bu baxımdan gələcəkdə Rusiyada hakimiyyət dəyişikliyi olarsa, Putin hakimiyyətini saxlaya bilməsə, mən əminəm ki, Rusiyada müəyyən siyasi təlatümlər baş verəcək. Ondan sonra prezident Putinin də Avrasiya ittifaqı layihəsi iflasa uğrayacaq.
Yox, əgər doğrudan da Rusiyada Putin hakmiyyətini bundan 5-10 il sonra da saxlaya bilsə, o zaman Avrasiya İttifaqının yaranmasının ciddi konturları üzə çıxa bilər". Bunun inandırıcı olmadığını bildirən Nurullayev qeyd edib ki, Rusiyada ciddi avtoritarizm var: "Orada ciddi şəkildə demokratik proseslərin oyanması baş verir. Rusiya müxalifətinin gələcək seçkilərdə daha ciddi nəticələr əldə etməsi mümkündür. Bundan sonra Avrasiya İttifaqı da korrektələrə uğrayacaq və yaxud da ki, ümumiyyətlə, bu layihə dayandırıla bilər. Rusiyanın gələcəkdə də Avropa Birliyi ilə və eyni zamanda ABŞ-la müəyyən ciddi siyasi münasibətləri olacaq. Eyni zamanda müəyyən yaxınlaşmalar da olacaq. Orada hakimiyyət dəyişikliyi baş verərsə də, bu zaman Avropa Birliyi və ABŞ-la da yeni bir siyasi rakursda əməkdaşlıq baş verəcək. Bu baxımdan mən bu bəyanatın tələsik verildiyini söyləmək istərdim".
Politoloq Belarusun hazırda çox ciddi şəkildə iqtisadi və siyasi problemlərlə üzləşdiyini, özünün problemlərdən çıxış yolunu məhz Rusiyanın köməyində gördüyünü vurğuladı: "Əlbəttə ki, onun Gömrük İttifaqında olması, Rusiyadan iqtisadi dəstək alması, eləcə də beynəlxalq aləmdə Kreml tərəfindən müdafiə edilməsi Belarusiya üçün çox ciddi məsələlərdir. Bütün hallarda Belarus prezidentinin bu fikirləri ittifaqa qoşulmaq istəyən digər ölkələr üçün də şirnikləndirici xarakter daşıyır. Amma onun fikirlərini əsas kimi götürən dövlətlərin olduğuna şübhə ilə yanaşıram".
Onu da bildirək ki, Rusiya ekspertlərinin hesablamalarına görə, Belarusla ittifaqın bir ili Rusiyaya 7-12 milyard dollara başa gəlir. Rusiyanın bu yardımı dayanarsa, Lukaşenko rejiminin dərhal çökəcəyi də Moskvanın siyasi dairələrinə yaxşı məlumdur. Lakin Lukaşenkonun anti-Qərb ritorikası və bütün ittifaq təkliflərinə dərhal razılıq verməsi Moskvadakı hakim dairələri elə məst edib ki, kimsə bu vəsaitə Rusiya iqtisadiyyatının daha çox möhtac olması haqqında düşünmür.
Ekspert Hail Cəlilin sözlərinə görə, Avrasiya Ali Şurasının apreldə Minskdə keçirilən sammiti onu göstərdi ki, Avrasiya İttifaqını yaratmaq istəyən və müvafiq müqavilə imzalayan Rusiya, Qazaxıstan və Belorus arasında hələ də ciddi fikir ayrılıqları mövcuddur: "Əsas fikir ayrılığı ondan ibarətdir ki, daha əvvəl bəyan edildiyi kimi, Avrasiya İttifaqına üzv olacaq dövlətlər arasında tətbiq olunan gömrük vergitutmaları ləğv olunmayacaq. Bu xəbər Belorus prezidenti Lukaşenkonun qəzəbinə səbəb olub. O qeyd edib ki, sənəddə üzv dövlətlər arasında olan fikir ayrılıqlarının 2025-ci ilə qədər həll olunması planlaşdırılır. Buna görə Lukaşenko haqlı olaraq təklif edib ki, Avrasiya İttifaqını yaratmaq üçün tələsmək lazım deyil və ölkələr buna hazır olduqda, yəni 10 il sonra yaranması barədə müqavilə imzalana bilər.
Söhbət ondan gedir ki, əgər Rusiya söz verdiyi kimi, yeni İttifaq daxilində bütün gömrük ödənişlərinin ləğv olunmasını həyata keçirərsə bu zaman Rusiya büdcəsi ildə 30 milyard dollar ziyanla üzləşəcək. Krıma görə hər həftə yeni sanksiyalarla üzləşən Rusiya yəqin ki, artıq İttifaq tərəfdaşlarına görə ildə 30 milyard ziyana düşmək gücündə deyil. Buna görə, Rusiya hazırda Avrasiya İttifaqının qurulmasını lakin ölkələrarası güzəştlərin 10 il sonra, yəni 2025-ci ildə tətbiq olunmağa başlanmasını təklif edir. Bu, bir daha onu sübut edir ki, Avrasiya İttifaqı üzv dövlətlərin iqtisadi səmərə əldə etməsi üçün deyil, Rusiyanın geosiyasi ambisiyalarını müəyyən qədər təmin olunması görüntüsünün yaradılması üçündür. Heç bir iqtisadi səmərə verməyəcək təşkilatı qurmaqla Rusiya "böyük yeddilik" dövlətlərinə onların təzyiqləri qarşısında sınmadığını nümayiş etdirmək məqsədi daşıyır.
Qazaxıstan ciddi etiraz etmir. Çünki Nazarbayev anlayır ki, İttifaqın yaradılması sırf formal xarakter daşıyır və mahiyyət etibarı ilə, heç bir ciddi dəyişiklik olmayacaq. Qazaxıstan mövcud vəziyyətdə Rusiya ilə əməkdaşlıq etməyə məcburdur, çünki qazaxlar öz qazını Rusiya vasitəsilə Avropaya ixrac edirlər. Putin bu əmkdaşlığa istərsə Gömrük İttifaqı, istərsə Avrasiya Birliyi adını qoysun. Ümumi hesabda bunun Nazarbayev üçün heç bir fərqi yoxdur. Əsas odur ki, qazax qazının ixracında problem yaranmasın. Belorusun da iqtisadiyyatı birbaşa Rusiyadan asılı olduğu üçün Lukaşenko hər nə qədər etiraz etsə də, Putinin çaldığı havaya oynamaq məcburiyyətindədir.
Avrasiya İttifaqı ölkələrin könüllü ittifaqı deyil, yalnız Rusiyanın iqtisadi şantaj yoluyla qurduğu icbari təşkilatdır. Belə ki, İttifaq daxilində vahid sistem mövcud olmayacaq və hər bir üzv üçün özəl güzəştlər tətbiq olunacaq. Məsələn, Qırğızıstan və Ermənistan kimi zəif ölkələrin İttifaqa cəlb olunmaları üçün Rusiya hansısa birtərəfli güzəştlər həyata keçirə bilər".