Korrupsiya ilə mübarizədə yeni addım: İdman federasiyalarında maliyyə islahatı Cəmiyyət

Korrupsiya ilə mübarizədə yeni addım: İdman federasiyalarında maliyyə islahatı

Azərbaycan idmanı beynəlxalq uğurları ilə dövlətimizin nüfuzunu yüksəltsə də, federasiyaların maliyyələşməsi, bu sahədə şəffalığın olmaması uzun illərdir mütəmadi müzakirə olunur.

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitin necə xərcləndiyi barədə ictimaiyyətə heç vaxt ətraflı məlumat verilməyib.

Zaman-zaman bu və digər Federasiya ilə bağlı maliyyə maxinasiyları haqqında məlumatlar yayılıb: "Federasiyalar ictimaiyyət qarşısında hesabatlı olmayıblar, yalnız öhdəlik olanda AFFA kimi beynəlxalq qurumlara hesabat veriblər. Hətta sosial şəbəkələrdə və idmançı dostlarımızla söhhbətdə tez - tez şikayətlənirlər ki, gündəlik təlimləri, bəzi hallarda isə yarışlarda iştiraklarını belə özlərinin, dostların və qohumlarının hesabına maliyyələşdirirlər. Açıq müşahidə olnurdu ki, sistemli böhran var.

Məhz belə bir şəraitdə hökumət federasiyaların maliyyələşdirilməsi səlahiyyətini Gənclər və İdman Nazirliyindən alaraq Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə həvalə etdi. Əslində, dövlət büdcəsindən bütün ödənişlər illərdir Xəzinədarlıq vasitəsilə həyata keçirilirdi. Fərq ondadır ki, əvvəllər hansı federasiyaya nə qədər vəsait ayrılacağına və bu vəsaitin hansı istiqamətdə xərclənəcəyinə Gənclər və İdman Nazirliyi qərar verirdi. İndi isə bu səlahiyyət Maliyyə Nazirliyinə keçir".

Əliməmməd Nuriyev deyib ki, bundan sonra Federasiyalar birbaşa Maliyyə Nazirliyinin təsdiqi ilə işləyəcək, vəsaitlərin təyinatı və icrası üzərində mərkəzləşdirilmiş nəzarət güclənəcək: "Federasiyalar özləri üçün "qapalı büdcə adası" ola bilməyəcək. Yaxud oğurlamaq çox çətin olacaq.

Bu dəyişiklik hüquqi baxımdan “Büdcə sistemi haqqında” Qanunun vahid xəzinədarlıq prinsipi ilə üst-üstə düşür. Qanun dövlət vəsaitlərinin yalnız təyinatı üzrə xərclənməsini və bütün ödənişlərin vahid xəzinədarlıq hesabı üzərindən aparılmasını tələb edir. “Hesablama Palatası haqqında” Qanun isə büdcə xərclərinin parlament nəzarəti altında olmasını nəzərdə tutur. “Bədən tərbiyəsi və İdman haqqında” Qanuna görə federasiyalar dövlət vəsaitindən istifadə edərkən şəffaf və hesabatlı olmalıdırlar. Lakin illərin təcrübəsi göstərdi ki, bu öhdəliklər çox vaxt formal xarakter daşıyıb. Bu baxımdan Maliyyə Nazirliyinin müdaxiləsi həm hüquqi məntiqlə, həm də korrupsiya risklərinin azaldılması məqsədi ilə izah olunur. Amma qərarın şifahi tapşırıq əsasında verildiyi barədə məlumatlar hüquqi qeyri-müəyyənlik yaradır. Belə mühüm səlahiyyət dəyişikliyi normativ-hüquqi aktla rəsmiləşdirilməlidir.

Qərarın təsirləri ikili xarakter daşıyır. Bir tərəfdən, federasiyaların maliyyə müstəqilliyi məhdudlaşır, amma şəffaflıq güclənir. Hər ödəniş yalnız əsaslandırılmış sənədlərlə təsdiqlənəcək, audit izləri genişlənəcək, mənimsəmə və saxta ezamiyyətlər üçün meydan daralacaq. Digər tərəfdən, operativlik zəifləyə bilər. İdmançılar beynəlxalq yarışlara hazırlaşarkən maliyyə təminatında bürokratik gecikmələrlə üzləşə bilərlər. Bu səbəbdən ictimai rəy də birmənalı deyil. Bir qisim bunu “özbaşınalığa son qoyacaq islahat” kimi dəyərləndirirsə, digərləri “idmançıların motivasiyasını zədələyə biləcək qərar” kimi görür.

Əslində, bu addım təkcə idman sahəsinə aid deyil, son illərdə dövlət maliyyə sistemində aparılan islahatların bir hissəsidir. Büdcə intizamının gücləndirilməsi, elektron xəzinədarlıq sisteminin inkişafı, risk əsaslı audit, “Açıq büdcə” təşəbbüsləri də islahat prosesinin mühüm addımlarıdı.

Federasiyalardan başlayan bu yanaşma dövlətin ümumi maliyyə idarəçiliyində daha geniş miqyasda tətbiq oluna bilər – mədəniyyət qurumları, QHT-lər, hətta bələdiyyələr üçün. Məqsəd yalnız pozuntuları sonradan cəzalandırmaq deyil, korrupsiya risklərini əvvəlcədən neytrallaşdırmaq, şəffaflıq və hesabatlılıq mədəniyyətini formalaşdırmaqdır.

Bununla belə, görülən tədbirlərin real nəticə verməsi üçün təkcə idarəetmədə səlahiyyət dəyişikliyi kifayət deyil. İslahatın uğurlu olması üçün həm hüquqi əsaslandırma, həm ictimai nəzarət, həm də praktiki mexanizmlərlə dəstəklənməsi vacibdir. Əks halda, dəyişiklik sadəcə formal xarakter daşıyacaq. Ona görə də bu qərarın səmərəliliyini təmin etmək üçün aşağıdakı istiqamətlər xüsusilə ön plana çıxır: Birincisi, qərar yalnız şifahi göstərişlə yox, Nazirlər Kabinetinin qərarı və ya qanunvericilikdə dəyişikliklə rəsmiləşdirilməlidir. İkincisi, federasiyalar illik maliyyə hesabatlarını ictimaiyyətə açıqlamalı, sponsor vəsaitlərini də hesabatda göstərməlidirlər. Üçüncüsü, Hesablama Palatası ilə yanaşı QHT-lərə və medianın da bu prosesdə monitorinq imkanları yaradılmalıdır. Dördüncüsü, beynəlxalq yarışlara hazırlıq və ezamiyyətlər üçün xəzinədarlıq prosedurları sadələşdirilməli, maliyyə gecikmələrinin qarşısı alınmalıdır.

Beləliklə, federasiyaların maliyyələşdirilməsində yeni mexanizm yalnız idarəetmədə səlahiyyət dəyişikliyi deyil, korrupsiya ilə mübarizə, şəffaflıq və büdcə intizamının gücləndirilməsi istiqamətində strateji bir addım kimi qiymətləndirilməlidir. Əgər bu addım qeyd olunan prinsiplərlə müşayiət olunarsa, o zaman idman federasiyaları həm dövlətin, həm də ictimaiyyətin etimadını qazanacaq".