“Əgər Poroşenko Krım məsələsini qabartsa...” Dünya

“Əgər Poroşenko Krım məsələsini qabartsa...”

Tofiq Abbasov: "O zaman Putin ünsiyyətə marağını itirəcək"
Elxan Şahinoğlu: "Ukraynanın yeni prezidenti sülh istəyir"

Rusiya prezidenti Vladimir Putin iyunun 6-da Normandiyada Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ilə görüşüb.
Onların görüşü iyunun 6-da İkinci Dünya müharibəsində ikinci cəbhə açılmasının - müttəfiq qoşunların Fransanın Normandiya bölgəsinə çıxarılmasının 70 illiyinə həsr olunmuş tədbir zamanı, ayaqüstü baş tutub. Qərb mediası görüşün Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə baş tutduğunu yazır. Olandın ofisi Putin və Poroşenkonun görüşünü Rusiyanın Ukraynadakı prezident seçkisini tanımasında ilk addım kimi qiymətləndirir.
Fransa prezidenti ofisinin əməkdaşı deyib ki, Rusiya və Ukraynanın dövlət başçılarının görüşündə Poroşenkonun prezident kimi tanınması da daxil olmaqla böhranın aradan qaldırılması ilə bağlı mümkün tədbirlər müzakirə edilib. Barışığın detallarının yaxın vaxtlarda müzakirə olunacağı bildirilir.
Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, görüşdə Putin və Poroşenko Ukraynanın cənub-qərbində qan tökülməsinin və hərbi əməliyyatların əleyhinə olduqlarını vurğulayıblar.
"Exo Moskvı" saytı xəbər yayıb ki, Rusiya ilə Ukrayna arasında danışıqlar tezliklə aşlaya bilər.
Ukraynanın paytaxtı Kiyevdə aparılacağı gözlənilən danışıqlar zamanı Rusiya tərəfinin əsas tələbi Donetsk və Luqansk vilayətlərində hərbi əməliyyatların dayandırılması olacaq.
Ukrayna tərəfi isə Rusiya Federasiya Şurasının 4 mart tarixli qərarının ləğv edilməsinə nail olmağa çalışacaq.
Həmin qərar Rusiya prezidenti Vladimir Putinə Ukrayna ərazisində qoşunlardan istifadə etmək səlahiyyəti verib.
Onu da əlavə edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd boyunca təhlükəsizliyin gücləndirilməsi tələbini irəli sürüb.
"İnterfax" xəbər agentliyinin Kremlin rəsmilərinə istinadən yaydığı məlumata əsasən, Putin bu əmri sərhəd pozuntusunun qarşısını almaq məqsədi ilə verib.
Ukrayna iddia edir ki, ölkənin şərq əyalətlərində qeyri-stabilliyin artırılması ilə məşğul olan üsyançılar məhz Rusiya ilə sərhəd ərazilərdən qanunsuz şəkildə ölkə ərazisinə keçir. Bu da öz növbəsində, həmin sərhəd keçid məntəqələrinin çox zəif mühafizə edilməsinə dəlalət edir.
Qeyd edək ki, iyunun 7-də andiçmə mərasimi zamanı Poroşenko Rusiya xidmətçilərinin Ukraynanı təhlükəsiz tərk etmələri üçün dəhliz qurmaq niyyətində olduğunu söyləyib.
Ukrayna və Rusiya münasibətlərinin yenidən qurulmasının əhəmiyyətli olduğunu vurğulayan Poroşenko Ukraynanın şərqində "əllərində qan olmayan" separatçıların əfvinə nail olacağına söz verdi və onları silahları yerə qoymağa çağırıb: "Biz Rusiya ilə münasibətləri tam həll etməyincə Ukrayna xalqı özünü heç vaxt sülh və əmin-amanlıq içində hiss etməyəcək".
Lakin o, Rusiyanın mart ayında Krım yarımadasına müdaxiləsindən sonra keçirilən qanunsuz referendumu tanımayacağını və o mövzu ilə əlaqədar heç bir güzəştin mümkün olmayacağını bildirib.
Görünür ki, həm Ukrayna, həm də Rusiya liderləri dialoqun baş tutmasında maraqlıdırlar. Belə olduğu halda Proşenko ilə Putinin görüşü dialoqun baş tutmasına və Rusiya-Ukrayna münasibətlərinə necə təsir göstərəcək?
Politoloq Tofiq Abbasov bildirdi ki, münasibətləri iki prezidentin bir görüşü ilə düzəldib tənzimləmək mümkün ola bilməz. Onun fikrincə, Ukraynadaxili böhrnın aradan qaldırılması üçün Pyotr Poroşenko gərək cəhd göstərsin ki, bir növ təmiz vərəqdən yeni dialoq başlansın: "Aydın olan odur ki, əgər Poroşenko Krım məsələsini qabartsa, onda Putin ünsiyyətə marağını itirəcək. İkitərəfli münasibətlərin kompleksli problemləri var ki, onları mərhələli şəkildə həll edib gələcək üçün etibarlı zəmin yatamaq vacibdir. Bu kontekstdə, ilk növbədə, Kiyevin nereji asılılığını aradan qaldırmaq lazımdır ki, problem daha çox Moskvadan asılıdır. Rəsmi Brüssel Kiyevə bu problemdə vədlər versə də, həmin vədlər daha çox siyasi mahiyyətə aiddir. Fiziki baxımdam Avropa özü Rusiyadan asılıdır. Çünki alternativlər yalnız nəzəri müstəvidə mövcuddur. Reallıqda Rusiya qaz monopoliyasını əlində saxlayır və uzun müddət belə də olacaq. Digər tərəfdən Ukrayna eksportu daha çox Rusiya bazarını təmin etdiyindən, Kiyev üçün hələ ki ona bərabər alternativ yoxdur. Deməli, Poroşenko gərək elə etsin ki, ölkənin Şərqində və Cənub-şərqində yerləşən və işləmə qabiliyyətinə malik istehsal gücləri iflic vəziyyətdən qurtulub işə başlasınlar ki, büdcəyə valyuta gətirə bilsinlər". O, həmçinin əlavə etdi ki, digər tərəfdən Rusiya da tranzit problemində Ukraynadan asılıdır və onun marağında olan budur ki, qaz Şərqdən Qərbə maneəsiz getsin və Avropa dakı istehlakçılar Moskvanın imkanlarını şübhə altına almasınlar: "Bunlarla yanaşı miqrasiya, ümumi təhlükəsizlik, inteqrasiya problemləri də var ki, onlar hamısı anlaşma yolu ilə həllini tapmalıdır. Qızğın şəraitdə bütün əsələlər həll oluna bilməz və bu mənada qarşılıqlı maraqlar özünü qabarıq şəkildə göstərir. Odur ki, Poroşenko indi risk etmədən gərək elə gedişlər etsin ki, kompromiss mühitini formalaşdırsın. Bunun üçün isə Ukraynanın sağ sektoru gərək ona maneçilik törətməsin. Törətsə, onda vəziyyət daha pisə doğru dəyişilə bilər...".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Ukraynanın yeni prezidenti sülh istəyir, bəlkə də yaxın müddətdə ölkənin şərqində atəşkəs elan etdi. O, bildirib ki, hazırkı vəziyyətə görə, Poroşenko ordu vasitəsilə xeyli separatçını zərərsizləşdirməlidir: "Bu Poroşenkoya ona görə lazımdır ki, şərq vilayətləri ilə danışıqlarda güclü tərəf kimi çıxış etsin. Beləliklə də Kremli Ukraynanın daxili işlərinə qarışmaqdan uzaqlaşdıra bilsin. Kreml tarixi boyu yalnız güclə hesablaşıb, həmin gücə hörmət edib. Poroşenko da məhz tarixi təcrübədən çıxış edir". Politoloqun sözlərinə görə, Ukraynanın Şərqindəki separatçılar artıq havaya pilotsuz kəşfiyyat təyyarələri buraxırlar: "Bu təyyarələri onlara kimin verdiyi üzərində baş sındırmağa dəyməz. Ukrayna ordusu separatçılarla mübarizədə tədricən püxtələşir. Bu arada, separatçılar Slavyansk şəhərindən yalnız qadın və uşaqları şəhəri tərk etməyə icazə verirlər. Kişilər isə istədilər və ya istəmədilər zorla silahlandıraraq Ukrayna ordusu ilə müharibəyə getməlidirlər. İnsanları qırğına göndərirlər. Çünki Ukrayna hakimiyyəti haqlı olaraq dövlətə qarşı əlinə silah alanla onların başa düşdüyü dildə danışır".
Millət vəkili Asim Mollazadə isə deyib ki, Ukrayna prezidenti Poroşenko Kiyevin Avropa yolundakı səylərini davam etdirəcəyini bəyan edib. Onun sözlərinə görə Poroşenkonun prezidentliyi zamanında Ukrayna dövləti güclənməyə başlayacaq: "Bu ölkədə mövcud olan problemlərin həlli yollar tapılacaq. Ukrayna ilə Rusiya arasında münasibətlər də normal müstəvidə qurulacaq. Münasibətlərin normallaşmasında dünya dövlətləri, beynəlxalq təşkilatlar da maraqlıdır. Bu prosesdə beynəlxalq hüquq normalarının aliliyi də əsas tutulur".

Əli