İran ətrafında “həlqə” daralır – Nüvə gərginliyi Dünya

İran ətrafında “həlqə” daralır – Nüvə gərginliyi

ABŞ prezidenti mayın 12-də İrana "sürpriz" edə bilər.
Bunu Yaxın Şərq və İran üzrə ekspert Sədrəddin Soltan belə deyib. Onun sözlərinə görə, ABŞ İrana qarşı beynəlxalq aksiyaya başlamaq niyyətindədir:
"İran uzun müddət ABŞ və Avropa İttifaqının nüvə məsələsi ilə bağlı şərtlərini qəbul etmədi. Lakin artan təzyiqlərin sonunda anlaşmaya getdi. İsrail hökuməti iddia edir ki, İran "Amad" proqramı çərçivəsində nüvə silahı əldə etməyə çalışır. Həmin proqram 55 min səhifədən ibarətdir. "Altılıq" ölkələri bu sənədi müzakirə edəcəklər. Lakin yaxın günlərdə İranla bağlı ciddi dəyişikliklərin olacağı ehtimalı aşağıdır. İddia edilir ki, İran əsl proqramlarını gizlədir. Əgər belə bir hal varsa, bu, təkcə İran üçün yox, bu ölkənin təminatçısı kimi çıxış edən Rusiya və Çin üçün də pis hal olacaq. Bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nüfuzuna da zərbə vura, "altılıq" ölkələrinin fəaliyyətinə kölgə sala bilər. Əgər bu iddia öz təsdiqini tapsa, hesab edilə bilər ki, AEBA İrandakı təftişlərində ciddi olmayıb".
Sədrəddin Soltan qeyd edib ki, ABŞ-ın nüvə anlaşmasından çıxması, bu təşkilatların və İranın təminatçısı kimi çıxış edən dövlətləri zərbə altında qoya bilər: "Amma Tramp ayın 12-də müqavilədən tamamilə çıxdıqlarını elan etməyəcək. Lakin buna oxşar bir qərar qəbul ediləcək. Hesab edirəm ki, İrana bir müddətklik də möhlət veriləcək. Çünki 55 min səhifəlik sənədlə tez bir zamanda tanış olmaq mümkün deyil. Həmin sənədlə tanışlıqdan sonra İranın nüvə stansiyaları yenidən təftiş ediləcək. Təftişdən sonra yenidən "Altılıq" ölkələri bu məsələyə baxacaqlar. İlk növbədə ABŞ-ın "Altılıq"dakı müttəfiqləri – Fransa, Britaniya və Almaniya bu məsələni nəzərdən keçirəcəklər. Bu dövlətlərin qərarları əsasdır. ABŞ İrana qarşı beynəlxalq kampaniyaya başlamaq üçün mütləq bu ölkələri də sanksiayalara qoşmalıdır. Buna görə də İrana vaxt veriləcəyini düşünürəm. Bu vaxt ərzində də nüvə stansiyaları təftiş ediləcək".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 12-də 2015-ci ildə İran və "Altılıq" ölkələri arasında imzalanmış nüvə müqaviləsini təktərəfli formada ləğv edə biləcəyini açıqlayıb. Trampın həmin tarixdə müqaviləni yenidən təsdiq edib-etməyəcəyi haqda konkret məlumat olmasa da, Ağ Ev rəhbərinin ABŞ-ı müqavilədən çıxaracağı halda, bunun İranla soyuq münasibətlərin tamam başqa müstəviyə keçirəcəyi dəqiqdir. Ekspertlər bunu nüvə gərginliyinin son mərhələsi, yaxud, İrana qarşı açıq müdaxilələrin başlaması mərhələsi adlandırırlar.
"RİA Novosti" isə xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu deyib ki, İsrail öz şimal sərhədlərində düşmən İranın hərbi iştirakına yol verməyəcək: "Münaqişəyə səbəb olsa belə, İranın bizə qarşı aqressiv təcavüzünü dayandırmaq əzmindəyik. Bunu indi etmək daha yaxşıdır, sonraya saxlamaq olmaz. Hərçənd İsrail vəziyyəti gərginləşdirməyə çalışmır".
Netanyahunun sözlərinə görə, Tehranın Suriyada hərbi mövcudluğunun güclənməsi İsrailə qarşı yönələn hərəkət kimi qiymətləndirilir: "Son aylar İran güc strukturları və İslam İnqilabı Keşikçiləri Korpusu münaqişə zonasına hücum və müdafiə silahları, o cümlədən pilotsuz təyyarə, "yer-yer" raketi və Hava Hücumundan Müdafiə sistemləri gətir".
Xatırladaq ki, aprelin 30-də Netanyahu İranı nüvə silahının yaradılması proqramına sahib olmaqda ittiham edib. MOSSAD-ın bununla bağlı böyük həcmdə məlumatlar ələ keçirdiyini açıqlayıb.
Hökumət başçısının sözlərinə görə, Tehranın nüvə silahı əldə etmək planları ABŞ və İsraillə bərabər bütün dünya üçün təhlükədir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 12-dək bu məsələ ilə bağlı qəti qərar qəbul edəcəyinə söz verib.