Məzhəbçiliyin sərgilənmədiyi İraq seçkiləri Dünya

Məzhəbçiliyin sərgilənmədiyi İraq seçkiləri

Seçicilərin təxminən yarısı öz hüququndan niyə imtina edib?
Dörd il əvvəl iraqlılar öz ölkələrinin mövcudluğuna təhlükə saydıqlarını məhv etmək üçün birləşdi; İŞİD İraq ərazisinin təxminən üçdə birini ələ keçirmişdi. Bu həftəsonu millət, ekstremist qrupu məğlub etdikdən sonra ilk seçkisini keçirib və əsas gündəm – təhlükəsizlik deyil, korrupsiya və işsizlik kimi sıradan bir gündəlik güzəran problemləri idi. "Strateq" "The New York Times"a istinadən yazır ki, mayın 12-də 2014-cü ildən etibarən keçirilməyən, olduqca dinc seçkilərdə təxminən 37 milyonluq xalq səsverməyə qatılmaqla, problemlərin dərinliyini nümayiş etdirib.
Əvvəlki illərin seçkilərdən fərqli olaraq, bu seçki xüsusilə şiə liderlərin koalisiyaları arasında məzhəbçiliyin yoxluğu baxımından diqqəti çəkib. Siyasi analitiklər bunu ictimaiyyətin dəyişmiş ictimai əhval-ruhiyyəsi ilə əlaqələndirirlər; 2003-cü ildə ABŞ-ın hərbi işğalından bəri baş verən qətliamların və tənəzzülün əsas səbəbi məzhəbçilikdir. Seçki günü tarixi səhnələr müşahidə olunub. İraqın ikinci ən böyük şəhəri olan Mosulda, 2014-cü ildə İŞİD tərəfindən ələ keçirilən sünni qalasında, çox sayda seçici məzhəbi xətləri adladığını söyləyib.
Seçici Xəlid əl-Dabbağ deyib: "Mən din və məzhəbçilikdən uzaq duraraq səs vermək istədim və kövrək qəlbli uşaqlarımıza milli vətənpərvərlik duyğusu aşıladım". O, İraqın mövcud baş naziri Heydər əl-İbadinin koalisiyasına səs verib. Bu koalisiyaya şiələr, sünnilər və kürdlər daxildir. Silah və zorakılığa dolu ölkədə seçki günü hər hansı bir ciddi hadisə olmayıb, seçkilər sakit məcrada keçib. Yalnız Kərkük vilayətindəki iki partlayıcı qurğunun işə düşməsi ilə təhlükəsizlik qüvvələrinin altı üzvü həlak olub, Diyala əyalətində isə bir neçə nəfər yaralanıb.
Hökumət səsvermə başlamazdan bir neçə gün əvvəl seçki məntəqələri ətrafında təhlükəsizlik qüvvələrini ciddi dərəcədə artırıb. Rəsmi nəticələrə əsasən növbəti parlamentin yekun forması tam aydın olacaq. Ancaq seçicinin seçkiyə apatiyası artıq aydın görünür. 2005-ci ildə ölkənin ilk demokratik seçkisindən bəri ən aşağı iştirak səviyyəsi – 44,5 faiz. Bu, siyasi sistemə və İraq partiyalarına olan inam böhranını sərgiləyir.
Bağdadlı əczaçı Həsən əl-Rəsul səs verməyən milyonlarla iraqlı arasındadır. O, Ərəb dünyasının ən demokratik sistemlərindən biri hesab edilən İraqdakı mübarizə və fədakarlığa hörmətlə yanaşdığını söyləyərkən, siyasi elita üzvlərinin korrupsiyası, infrastruktur yoxluğu və işsizliyin ləğvində uğursuzluğu vurğulayıb. "Mən iki dəfə səsvermədə iştirak etmişəm və bu seçkilərə qatılmaq imkanı verən çoxlu təhlükəsizlik maneələrini aşdım", – Rəsul bildirib: "Bu dəfə seçkinin təhlükəsizliyi daha etibarlıdır. Ancaq səs vermədim. Dedim ki, bunların hamısı özləri üçündir. Eyni adamlar iqtidarda qalır, amma inkişaf yoxdur".
Korrupsiya seçicilər üçün əsas məsələdir, bir çox iraqlı siyasətə yeni siyasi fiqurlar və yeni qan gətirmək arzusunu ifadə edir. İraq Seçki Komissiyası tərəfindən mayın 13-də açıqlanmış nisbi nəticələr bir zamanlar amerikalı qüvvələrini hədəf alan köhnə şiə milis komandiri, son illərdə anti-populist korrupsiya əleyhdarı olan Müqtəda əl-Sadrın rəhbərlik etdiyi "Sairun" koalisiyasının təəccüblü performans göstərdiyini isbatlayıb.
Bağdadda sayılan səslərin 95%-ini alan "Sairun"un ən yaxın rəqibi ("Haşdi-Şəabi"çi) Hadi əl-Amərinin başçılıq etdiyi "Fəth" koalisiyasıdır. Paytaxt – İraq parlamentində 329 mandat deməkdir. Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, "Sairun" və "Fəth" İraqın 18 əyalətinin 10-da birinci və ya ikinci yerləri bölüşürlər. Baş nazirin "Nəsr" ("Zəfər") koalisiyası bu bölgələrin əksəriyyətində üçüncü və ya dördüncü yerləri tutub.
Təhlükəsizlik və iş imkanları baxımından ölkənin ən yaxşı məkanlarından biri olan Bağdadda, qeyri-rəsmi hesabata görə, qeydiyyatda olan seçicilərin təxminən 35 faizi şənbə günü seçki hüququndan istifadə edib. Gənc siyasi fəal Məhəmməd Zubaydinin ("Hikmə" siyasi hərəkatı üzvü) sözlərinə görə, iraqlılar problemlərindən qurtulmaq üçün siyasətə cəlb olunmalıdırlar. Ancaq bu həvəs kifayət qədər deyil. "Tanıdığım adamların çoxu seçkidə iştirak etmıyib".
"Onlar məyusdur", – deyən 43 yaşlı dövlət qulluqçusu Hüseyn də seçkidə iştirakdan yayınıb. "Mən güvənə biləcəyim bir sima tapa bilmədim. Onlar bizim üçün nə ediblər ki!?"
Bağdaddakı Müstənsiriyə Universitetinin professoru xanım Hüla Həbib cənab İbadiyə səs verməklə bərabər, seçici apatiyasının böyük ölçüdə izah edib. Onun sözlərinə görə, iraqlı olma – İŞİD-ə qarşı mübarizə, məzhəb şiddətləri illəri və özləri üçün də olmasa, uşaqlarına daha yaxşı həyat yaratmaq üçün hər gün çarpışma deməkdir. Xanım Həbib deyir: "Bütün iraqlılar millətə xoş gələcək arzulayır. Amma çoxları artıq düşünüb-fikirləşməkdən yorulub".