Putinin imperiya arzusu baş tutacaqmı? Dünya

Putinin imperiya arzusu baş tutacaqmı?

Rusiya prezidenti MDB-nin çürüməkdə olan dayaqları üzərində Avrasiya İttifaqı qurmağa çalışır

Cavid

Rusiya prezidenti Vladimir Putinin əsas geosiyasi layihəsi olan Avrasiya Birliyi 1 yanvar 2015-ci ildən fəaliyyətə başlayacaq. Ukrayna hadisələrində Qərbin təzyiqi ilə üzləşən və Ukrayna planını həyata keçirə bilməyən rəsmi Kreml bu ideyanı bütün MDB məkanında gerçəkləşdirməyə qarşısına məqsəd qoyub. Bunun üçün isə Putin MDB məkanandakı bəzi respublikalara müxtəlif formalarda təzyiqlər göstərməkdədir.
Avrasiya İttifaqının yaranması MDB-yə nə verə bilər?
Kolumbiyanın Harriman İnstitutunun postsovet məkanında siyasi təkamül məsələləri ilə məşğul olan eksperti Keysil Mitçe bildirib ki, ritorika vahid və tamamlayıcı cəbhəni doğursa belə, rəqəmlər və tendensiya Avrasiya Birliyi üçün çox daha faciəvi və ondan daha artıq perspektiv vəd edir. Bu birlik digər ekspert və siyasətçilərin yalnışlıqla adlandırdığı kimi, heç zaman SSRİ-nin dirçəlişi olaraq nəzərdən keçirilməyib. Bu birlik özünün 170 milyon əhalisi və 2,7 trilyon dollarlıq ümumdaxili məhsulu ilə Qazaxıstan prezidenti N.Nazarbayevin görmək istədiyi iqtisadi hegemona qətiyyən bənzəmir: "Avrasiya Birliyi Vladimir Putinin düşündüyü neoimperiya layihəsindən də uzaqdır. Birliyin 2011-ci ildə Putinin söylədiyi kimi, Avropa ilə Asiya arasında daha bir geosiyasi "qütb" və ya "birləşdirici bənd" olmaq əvəzinə, bəyan olunduğundan çox uzaq, davamsız postsovet icmasına çevrilmək şansı daha çoxdur. Avrasiya Birliyinə təsir edən ən aydın faktor Qazaxıstan və Rusiya təmsilçilərinin birliyin potensialı ilə bağlı təsəvvürlərindən yaranıb. Putin Avrasiya Birliyinin ümumi parlamentinin, vahid pasport sisteminin və ümumi valyutasının olmasını istəyirsə, Astana ittifaqın fəaliyyətini sırf iqtisadi məqsədlərə yönəltmək niyyətindədir".
Ekspertin fikrincə, danışıqlar prosesində Qazaxıstan mütəmadi olaraq siyasi birləşmə cəhdlərinə əngəl yaratmağa çalışır. Avrasiya Birliyi haqqında məlumatlardan da göründüyü kimi, sənədin mətnində Astana qurumun əslində müqaviləyə uyğun olaraq hansı formatda bir təşkilat olmadığı barədə yazıb: "Bu cür neqativ reaksiya Qazaxıstanın suverenliyini möhkəmləndirmək istiqamətində artan cəhdlərilə eyni vaxtda başladı. Bu cəhdlər Rusiyanın Krımı ilhaq etməsindən sonra daha da aktivləşdi. Müəyyən mənada bu cür vəziyyət tamamilə anlaşılandır. Qazaxıstanda xeyli sayda rus yaşayır və ölkənin şimalında indiyədək bir neçə dəfə parçalanma cəhdləri olub. Krımın birləşdirilməsindən sonra Qazaxıstan qazaxlara vətəndaşlıq verilməsi qaydalarını sadələşdirdi və separatçılığa çağırış etməyə görə cəzaların sərtləşdirilməsi yönündə müzakirələrə başladı. Vahid Avrasiya Birliyi indiyədək müstəqil Qazaxıstanda rast gəlinməyən millətçilik zəminində etirazlara səbəb oldu. Bu etirazlar həm iqtisadi problemlər, həm də Rusiya imperializminin dirçəlişinə əngəl törədilməsi ilə əlaqədardır. Lakin qazaxlar təkcə haqlı olaraq ərazi dəyişikliklərindən qorxmurlar. Hazırda xarici rüsum və tariflərin müəyyənləşdirilməsinə, eləcə də birlik ölkələri arasında ticarətin artmasına çalışan Vahid Avrasiya İqtisadi Birliyi daxildəki problemlər səbəbilə təşkilat üzvləri üçün nəzərəçarpacaq iqtisadi üstünlüklər nümayiş etdirə bilməyib və bu tendensiya inteqrasiya proseslərinin davamı ilə daha da güclənmiş olacaq".
Ekspert hesab edir ki, özündə iqtisadiyyat və suverenliklə bağlı qorxunu birləşdirən bu cür narahatlıq təkcə Qazaxıstana xas deyil: "Gələcəkdə AB-yə üzv ola biləcək Qırğızıstanda da bu prosesi əngəlləmək istiqamətində cəhdlər edilir. Moskvanın göstərdiyi əhəmiyyətli dərəcədə iqtisadi yardımlara rəğmən, Ermənistanda da bu quruma qoşulmaqla bağlı təpkilər var. İmzalanma mərasimində Nursultan Nazarbayev təəccüb doğuracaq bir addım ataraq Ermənistanın Avrasiya Birliyinin tərkibinə BMT tərəfindən tanınmış sərhədləri daxilində, Dağlıq Qarabağ ərazisi olmadan qəbul edilməsini tələb edib. Öz növbəsində Ermənistanın sabiq xarici işlər naziri Aleksandr Arzumanyan bu tələbə bu cür reaksiya verib: "Nəyə görə Rusiya Avrasiya Birliyinə heç bir dövlət tərəfindən tanınmayan Krımla birlikdə qəbul edilir, Ermənistanın isə quruma BMT tərəfindən rəsmən tanınan sərhədləri daxilində üzv olması tələb olunur?"
Millətçiliyin güclənməsi, zəif iqtisadi göstəricilər, solğun və axsaq rus iqtisadiyyatı - hətta, bütövlükdə bu tərkib də Avrasiya Birliyi ilə bağlı gözləntiləri mülayimləşdirməyə kifayət edir. Lakin bu birliyin perspektivlərini daha çox şübhə altına alan iki əlavə faktor da mövcuddur.
Rusiyalı siyasətçi Leonid Slutskinın fikrincə isə hər üç ölkə ittifaq ideyası üzərində çoxdan işləyirdi: "Bu il yanvarın 1-dən isə üç ölkənin vahid iqtisadi məkanı yaradıldı. Növbəti addım Gömrük İttifaqının yaradılması olacaq. Sonra isə iqtisadi inteqrasiyanın növbəti mərhələləri üzrə işlər görüləcək. Həmin bu proseslər 2015-ci ildə postsovet məkanının əhəmiyyətli hissəsində güclü inteqrasiyaya təkan verməlidir. Biz həmin birlikdə hələlik üç ölkənin üzvlüyü barədə düşünürük. Lakin belə hesab etmək olar ki, postsovet məkanındakı inteqrasiya proseslərinə cəlb olunacaq ölkələrin sayı qarşıdakı illərdə artacaq. Bu halda həmin birlik dünya siyasətində, beynəlxalq münasibətlər sistemində qüdrətli amilə çevrilə bilər. Əlbəttə ki, biz Azərbaycanı da inteqrasiya prosesinə qoşulacaq həmin ölkələrin sırasında görmək istəyərdik. Lakin son söz Azərbaycan hakimiyyətinin, İlham Əliyevindir. Amma indidən onu deyə bilərəm ki, biz Avrasiya İqtisadi İttifaqının üstünlüklərini təbliğ etmək üçün tədbirlər, dəyirmi masalarda müzakirələrə keçirəcək və həmin tədbirlərə azərbaycanlı həmkarlarımızı da dəvət edəcəyik".
Rusiyalı siyasətçi hesab edir ki, gələcəkdə Avrasiya Parlamenti də yaradılacaq: "Düzdür, Avrasiya Parlamentinin yaradılması Avrasiya İttifaqının özünün formalaşdırılması prosesindən tez baş verə bilməz. Avropa Şurası və Avropa Parlamenti ilə bağlı məsələdə də belə olmuşdu. Avropa Parlamentinin yaradılmasına onilliklərlə vaxt getmişdi. Əvvəlcə Avropa Şurası yaradıldı, sonra isə Avropa Parlamenti. Hər halda biz bu istiqamətdə də çox fəal işləyəcəyik".
Qərb ekspertləri Putinin birlik yaratmaq səylərini Kremlin SSRİ-ni başqa ad altında bərpa etmək niyyətinin tərkib hissəsi kimi dəyərləndirirlər. İdeya müəllifi Moskva olan Avrasiya İttifaqının təməldaşı hesab edilən Qazaxıstan, Rusiya və Belarus arasında yaradılan Gömrük İttifaqının genişlənməsi yeni SSRİ-nin nüvəsinin yaradılması kimi proqnozlaşdırılır. Hətta MDB-nin Aşqabad sammitində Putin Rusiya, Belarus və Qazaxıstanın yaratdığı Gömrük Birliyinin və vahid iqtisadi zonanın gələcəkdə Avrasiya Birliyinin yaranması üçün təkan olacağını bildirmişdi. Elə həmin vaxt Putinin səsləndirdiyi Avrasiya üçün inteqrasiya layihəsi haqqında bəyanata dərhal rəsmi Vaşinqtondan cavab gəlmişdi. O dönəmin ABŞ dövlət katibi Hillari Klinton ölkəsinin postsovet məkanında Sovet İttifaqını bərpa etmək cəhdi kimi qiymətləndirdiyi inteqrasiya proseslərinə qarşı olduğunu bəyan etmişdi: "Regionun yenidən sovetləşdirilməsi istiqamətində fəaliyyətlər müşahidə edilir. Lakin bunun adı əvvəlki kimi olmayacaq. Bu, Gömrük Birliyi, Avrasiya Birliyi və ya başqa cür adlandırılacaq".
Əsas məqsədin nədən ibarət olduğunu bildiklərini deyən Klinton bu prosesi ləngitmək və ya qarşısını almaq istiqamətində fəaliyyət quracaqlarını bildirmişdi.
Hətta Avropa Birliyi MDB Gömrük İttifaqı məsələsinə çox sərt reaksiya vermişdi.
2012-ci ilin dekabr ayında ABŞ-ın müttəfiqi olan Avropa Birliyi Ermənistana bununla bağlı ciddi xəbərdarlıq etmişdi. Qurumun xarici məsələlər üzrə Ali komissarı Ketrin Eştonun sözçüsü Maya Koçiyançiç bildirmişdi ki, Ermənistan hansısa gömrük birliyinə qoşulmaq qərarına gəlsə, bu, Avropa Birliyi ilə azad və geniş ticarət zonasının yaradılmasına dair imzalanmış ikitərəfli müqavilə ilə uyğunluq təşkil etməyəcək. Çünki Gömrük İttifaqının ümumi xarici ticarət siyasəti var. Bu ittifaqa daxil olan ölkələr isə artıq xarici ticarət siyasətində suveren deyillər.
Koçiyançiç əlavə etmişdi ki, Ermənistanın Rusiya və digər MDB ölkələri ilə Gömrük İttifaqına daxil olması Avropa Birliyi və Ermənistan arasında azad ticarət zonası haqda danışıqlar çərçivəsində əldə edilmiş razılaşmaya ziddir.
Putin isə istənilən halda, yeni formatda "SSRİ"-nin bərpasında israrlıdır. Azərbaycanın Avrasiya Birliyi məsələsinə soyuq münasibəti Rusiyanın Cənubi Qafqazda hegemonluq iddialarına və ya istəklərinə cavab vermir.
Əslində Putinin bəyanatları Rusiyanın hegemonluq niyyətini açıq-aşkar ortaya qoyur. MDB-ni aktivləşdirmək, Avrasiya İttifaqı yaratmaq cəhdləri də bunun tərkib hissəsidir. Sadəcə Rusiya bu gün Azərbaycanı iqtisadi və siyasi cəhətdən özündən asılı sala biləcək heç bir təzyiq vasitəsinə sahib deyil. Yeganə təzyiq Dağlıq Qarabağ münaqişəsinin həlli problemidir ki, burada da Rusiya Ermənistan faktorundan maksimum istifadə etməyə çalışır. Ermənistanı silah-sursatla təmin edir, hərbi əməkdaşlığı daha gücləndirir və İrəvanı aqressiv mövqeyini davam etdirməyə sövq edir. Bütün bunlar isə əslində Azərbaycana dolayısı yolla təzyiq deməkdir.
Politoloqların fikrincə, Rusiya demək olar ötən əsrin 90-cı illərinin əvvəllərindəki siyasətinə qayıdıb.
Ümumiyyətlə, rəsmi Moskva cidd-cəhdlə MDB ölkələrini özündən asılı vəziyyətə salmağa cəhd edir. Avrasiya İttifaqı Avropa Birliyindən tamamilə fərqli fəlsəfə əsasında yaradılır və burada Rusiyanın hegemonluğu açıq-aşkar özünü büruzə verir.