İsaril 5 saatlıq atəşkəs elan edib Dünya

İsaril 5 saatlıq atəşkəs elan edib

Cavid

İsrail ordusu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzzaya humanitar yardımların çatmasına icazə verilməsi tələbinə cavab olaraq bu gün 5 saat ərzində Qəzzaya hərbi əməliyyatların dayandıracağını bildirdi.
İsrail ordusu sözcüsü Aviçay Adrae verdiyi açıqlamada BMT-nin tələbləri istiqamətində bu gün Qəzzaya hücumların təxirə salma qərarı alındığını bildirib. İsrail radiosu da BMT-nin Qəzzaya humanitar yardımların çatmasına icazə verilməsi üçün sabah gün içində "5 saat atəşkəs" tələbinə İsrailin müsbət cavab verdiyini bildirib.
Qeyd edək ki, Həmas hərəkatından mövzuya bağlı hələ bir şərh verilməyib. İsrailin Qəzzaya istiqamətli hücumlarında bu günə qədər 213 adam həyatını itirib, minlərlə yaralı var.
ABŞ prezidenti Barak Obama "Biz atəşkəs razılığına doğru səyləri dəstəkləmək üçün bütün diplomatik güc və əlaqələrimizdən istifadə edəcəyik" deyib.
Ağ Evdə xarici siyasətdən danışan Obama, Qəzzadakı vəziyyətə də toxunub: "İsrail və Həmas arasındakı şiddəti sona çatdırmağa istiqamətli diplomatik səyləri dəstəkləməyə davam edirik. Dəfələrlə dediyim kimi İsrailin, İsrail xalqını qorxudan raket hücumlarına qarşı özünü müdafiə etmə haqqı var. Dünyadakı heç bir ölkənin hər gün raket atışları altında yaşaması gözlənilə bilməz. Amerikalıların istehsalı olan və İsrailə hədiyyə etdiyi "Dəmir Qübbə" sisteminin çox sayda İsraillinin həyatını qurtarmasından dolayı qürur duydum. Ancaq son iki həftə içində, şiddətdən, xüsusilə də Qəzzada iki atəş arasında qalan kişi, qadın və uşaq, çox sayda günahsız vətəndaşın ölümü və yaralanması ilə hamımızın ürəyi qırıqdır".
Obama məhz elə bu səbəbdən də bir atəşkəsə ehtiyac olduğunu bildirərək "Atəşkəs istiqamətli səyləri dəstəkləyəcəyik" deyib.
Obama İsrailin Misirin atəşkəs təklifini qəbul etdiyini xatırladaraq "Təəssüf ki, Həmas vətəndaşlara raket atmağa davam etdi və bu səbəbdən də qarşıdurmanı uzatdı. Ancaq İsrail və Fələstin xalqları bu şəkildə yaşamaq istəmir. Sülh və təhlükəsizlik içində, qorxudan uzaq şəkildə yaşamaq onlarında haqqıdır" - deyə bildirib.
Avropa İttifaqının açıqlamasında bölgədəki humanitar vəziyyətin pisləşməsindən narahatlıq ifadə edilərək vətəndaşların öldürülməsindən kədər duyulduğu bildirilir.
İsrailin Qəzzada vətəndaşları qətlə yetirməsinə səssiz qalmaqda tənqid olunan Avropa İttifaqı tərəfləri atəşkəsə çağırıb.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı Ketrin Etonun müşaviri Maja Kocijancic "Atəşkəs çağırışını bir daha edirik. Bunun qətiliklə lazımlı olduğuna inanırıq" deyə bildirib. O, Avropa İttifaqı üzvü ölkələrin liderlərinin Brüsseldə keçiriləcək zirvə toplantısında bu məsələnin də müzakirə olunacağını qeyd edib.
Avropa İttifaqı Xarici İşlər Nazirləri da məsələni bazar ertəsi günü reallaşacaq yığıncaqlarında da müzakirə edəcəklər.
Onu da bildirək ki, 9 gündür, Qəzzaya hücum edən İsrail Fələstin uşaqlarını hədəf almaqda davam edir.
Qəzza zolağına atəş açan İsrail donanması qumsallıqda oynayan 4 uşağı öldürüb. 9, 10 (2 uşaq) və 11 yaşlarında olan uşaqların hamısı eyni ailədən olublar.
Fələstin Səhiyyə Nazirliyinin ölən uşaqların adlarını açıqlayıb: Ahid Atıf Bekir, Zekeriya Bekir, Muhammed Bekir və İsmail Bekir.
Qeyd edək ki, İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlarda 213 nəfər öldürülüb. Ölənlərin 43-ü uşaqlardır.
Yeri gəlmişkən, İsrail hər 4 dəqiqədən bir fələstinlilərin yaşayış məntəqələrinə 1 mərmi atır.
Qəzzada dünən 100 hədəfi vurduğunu etiraf edən İsrail qumsalda oynayan 3 uşağı və 3 fələstinlini öldürüb. Hücumda 5 nəfər yaralanıb.
Bəzi bölgələrdə İsrail əsgərləri ilə Fələstin əsgərləri arasında atışmada 22 nəfərin yaralandığı bildirilir. İsrail əsgərlərinin gerçək mərmi və gözyaşardıcı qaz istifadə etdiyi atışmada fələstinli əsgərlər qarşı tərəfə "molotov" kokteyli və daş atıblar.
Fələstinin Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf Əl-Kudra açıqlama verərək 7 iyuldən bu günə qədər 266 fələstinlinin öldüyünü bildirib. Kudranın sözlərinə görə, yaralıların sayı 673-ə çatıb.
"Həmas"ın hərbi qanadı olan "əl-Kassam" üzvləri isə İsrailin Qəzza zolağına olan bombardmanlara cavab olaraq, bu ölkənin 4 şəhərinə 98 raket zərbəsi endirib.
Xarici KİV-in verdiyi xəbərə görə, "əl-Kassam" üzvləri Hayfa şəhərinə 6, Tel-Əviv şəhərinə 71, Qüdsün mərkəzi hissəsinə 15, Dimonaya şəhərinə isə 6 raket atıblar.
"Əl-Kassam"ın yaydığı məlumata görə, onlar bu səhər İsrail paytaxtı Tel-Əviv şəhərinin "Qrad" və "M75" raketlərindən atəşə tutublar.
İsrail Müdafiə Nazirliyi isə Qəzzada əməliyyat keçirmək üçün 8 min ehtiyyatda olan əsgərini orduya çağırıb.
İsrail dövlət radiosunun yaydığı açıqlamada, orduya çağırılan 8 min əsgərin 40 min hazır əsgərə birləşdiriləcəyi qeyd edilib. Qərarın Müdafiə nazirliyi rəsmiləri arasındakı telefon danışığı ilə verildiyi bildirilir.
İsrailin fələstinlilərə qarşı belə münasibəti İŞİD-i də hərəkətə gətirib.
Belə ki, İŞİD döyüşçüləri Qəzza və Sinadan İsrail ordusuna aid hərbi obyektləri və yaşayış ərazilərini qrad raketləri ilə atəşə tutub.
İnternetdə yayımlanan görüntülərdə işğal edilən Netzarim bölgəsinin 107 mm. raket və 120 mm. hava topları ilə vurulduğu əks olunub. Hücumların təfərrüatı haqqında geniş məlumat verilməyib.
Medianın iddia etdiyinin əksinə olaraq "İraq-Şam İslam Dövləti"nə bağlı qrupların İsrailə hücum etdiyinə dair rəsmi bəyanat yayılıb.
ABŞ isə İsarilə dəstəyini davam etdirir. Son günlər Qəzza zolağında 200-dən çox günahsız fələstinlini öldürən İsrailə ABŞ tərəfindən hərbi dəstək məqsədi ilə 621 milyon dollar yardım ediləcək.
ABŞ Konqresinin İsrailə hərbi yardımı nəzərdə tutan qanun lahiyəsində 621 milyon dollar vəsaitdən yəhudi dövlətinin müdafiəsinin gücləndirilməsi üçün istifadə olunması nəzərdə tutulub. Belə ki, bu vəsaitdən İsraildə dünyada analoqu olmayan qısa mənzilli raketlərdən müdafiə sistemi olan "Dəmir Qübbə"lərin təkmilləşdirilməsi başda olmaqla başqa hərbi məqsədlər üçün istifadə olunacaq.
ABŞ Senatının Təsisat Komitəsinin yanındakı Müdafiə Komissiyasında sözügedən qanun lahiyəsi qəbul olunub.
Qeyd edək ki, 1988-ci ildən İsrailə açıq hərbi dəstək verən ABŞ son günlər Qəzzada baş verən hadisələrin ardından yardımı daha da artırmağı qərara alıb.
Almaniya Federal Təhlükəsizlik Şurası da İsrailə sualtı qayıq satdığını təsdiq edib.
Almaniya baş nazirinin müavini və iqtisadiyyat naziri Sigmar Gabriel İsrailə sualtı qayıq, Kolumbiya üçün 2 sualtı qayığın təmir edildiyini və Misirə helikopter hissələrinin satıldığına icazə verildiyini bildirib.
Qeyd edək ki, keçən ay İsrailə təhvil verilən "Tanin" sualtı qayığı Almaniya istehsalı olan ən böyük və təkmil texnika hesab olunur. Sualtı qayığın hazırlanmasına 1 milyard avro xərclənib. Bunun da 30 faizini Almaniya hökuməti öz üzərinə götürüb.
Bu sualtı qayıqdan nüvə bombası daşımaq xüsusiyyətinin olması Almaniyada gərginliyə səbəb olub. Bu arada məlum olub ki, Almaniya daha 3 belə sualtı qayıq İsrailə satıb.
Yaxın Şərqi artıq 50 ildən çoxdur ki, müharibə və terror meydanına çevirən İsrail-Fələstin münaqişəsində hələ də bütün səylərə baxmayaraq atəşkəsə nail oluna bilmir. 1948-ci ildən başlayan münaqişə hələ də bitmir və tərəflər heç cür razılığa gələ bilmir.
Politoloq Fikrət Sadıqov İsrail və Fələstin münaqişəsində hələ də atəşkəs elan edilməməsinə görə, hər iki tərəfi günahkar bilir. Politoloq hesab edir ki, İsrail tərəfi heç bir reallıqla hesablaşmaq istəmədiyinə görə terror aktlarına əl atır ki, bununla da münaqişəni daha da genişləndirir:
"Burada hər iki tərəf mühüm rol oynayır, onun üçün də hər iki tərəf gərək güzəştə getsinlər. Artıq neçə illərdir ki, tərəflər arasında münaqişə gah qızışır, gah kompromisə gedirlər, amma faktiki olaraq nə İrsail tərəfi, nə də Fələstin tərəfi kompramisə getmək istəmirlər. İsrail faktiki olaraq Fələstini günahlandrır. Onlar hesab edir ki, Fələstin müstəqil dövlət kimi yox muxtariyyat kimi yaşaya bilər. Eyni zamanda fələstinlilərin də iki hissəyə bölünməsi ölkədə xaos yaradır. İsrail də burada terror aktlarına əl atmaqla sərt mövqeyini göstərir".
Politoloqun sözlərinə görə, hər iki münaqişə tərəfinin kompramisə getməməsi, bir-birni anlamaması sülhə nail olmalarına əngəl yaradır. Xüsusən də İsrailin tez-tez terror aktlarına əl atması hələ uzun müddət atəşkəsin bərpa edilməsini sual altında qoyur.
"Fələstində yaşayan HƏMAS qüvvələrinin də çox radikal mövqeyi İsraillə toqquşmaları qaçılmaz edir. İsrail deyir, "onların burda yaşamağa haqqı yoxdur", Fələstin də deyir ki, "bura tarixən bizim olub İsraili dövlət kimi görmür". Bir sözlə, hər iki ölkə nə qədər ki, bir-birini anlamır, kompromisə getmək istəmir və belə ərazi iddiaları davam edirsə İsrail və Fələstin arasında atəşkəs elan olunmasına inam yoxdur".
Qeyd edək ki, tərərflər arasında münaqişənin yenidən qızışdığı vaxtda Misirin xarici işlər nazirliyi Fələstin-İsrail münaqişəsi üzrə müvəqqəti atəşkəs planını irəli sürüb. Həmin atəşkəs planı 190 insanın qurbanı olduğu qarşıdurmanın dayandırılmasına yönələn ilk addım kimi qiymətləndirilir.
3 hissədən ibarət plana əsasən əvvəlcə İsrail və HƏMAS iyulun 15-dən 12 saatlıq atəşkəs rejiminə riayət etməlidirlər. Daha sonra sərhədlər açılmalı və Qahirədə ikitərəfli görüşün keçirilməsi təklif olunub. İsrail Qəzza sektorunda Misirin atəşkəs təklifinə razılıq versə də, HƏMAS qruplaşması atəşkəs rejiminin əldə olunması ilə bağlı hələ ki, razılıq verməyib.