İran hakimiyyəti xalqın dünya ilə əlaqəsini kəsib Dünya

İran hakimiyyəti xalqın dünya ilə əlaqəsini kəsib

15 noyabrda yanacağın bahalaşmasına qarşı baş qaldırmış etirazlar ölkədə rejim dəyişikliyi çağırışlarına çevrilib. Ölkə boyu etirazçılar küçələrə axışaraq Ali Liderin şəkillərini yandırıb, onu diktator adlandırıblar. BMT və Amnesty İnternational-ın bildirdiyinə görə, İranın onlarla şəhərində baş vermiş altı günlük zorakı etirazlar nəticəsində təxminən 106 nəfər həlak olub. Ölü sayının çox ola biləcəyi də deyilir. Ölkədə internetə giriş də məhdudlaşıb.

İran hələki ölənlərin sayını təsdiqləməyib və etirazlara görə "xarici düşmənlərlə əlaqəsi olan quldurları" günahlandırıb. BMT-nin etirazçılara qarşı canlı sursatdan istifadə etməməklə bağlı xəbərdarlığına baxmayaraq, yayılmış video görüntülərdə təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığı görünür. Etirazların sərt şəkildə yatırılmasından sonra İran prezidenti Həsən Ruhani bildirib ki, "düşmənin" sui-qəsdinin qarşısı alınıb.

BBC-nin İran eksperti hesab edir ki, bu etirazlar "son dərəcə qəddarlığı, geniş yayılmış vandalizmi və amansızca yatırılmasına" görə fərqlənib. Müşahidəçilərin bildirdiyinə görə, belə bir tapşırıq olub ki, "etirazlar heç bir mərhəmət nümayiş etdirmədən mümkün qədər tez dağıdılmalıdır". Ekspertlər həmçinin diqqəti ona çəkirlər ki, son etirazlar təkcə Tehranda deyil, bütün ölkə boyu yayılıb. Həmçinin bu etirazlar "son illərdə ilk dəfədir ki, lidersizdir və ona orta sinifdən də insanlar qoşulub".

"Bizim çoxlu iqtisadi problemlərimiz var. Ət bahadır, toyuq bahadır, yumurta bahadır... indi isə yanacaq", etirazçılardan biri BBC-ə bildirib. BBC eksperti də bu fikirlə razıdır: "Bu etirazların arxasında qəzəb dayanır". Etirazlar ölkənin daha kasıb bölgələrində başlasa da, tezliklə ölkə boyu yayılıb. ABŞ 2018-ci ildə sanksiyaları yenidən tətbiq etməyə başlayandan bəri İran olduqca çətin iqtisadi təzyiqlə üzləşib. İnflyasiya 40 faizdən çoxdur, işsizlik isə 15 faiz.

Nəticədə Prezident Ruhani "seçki kampaniyasında verdiyi bir çox sözlərə əməl edə bilməyib", yerli müşahidəçilər deyirlər. İndi isə o, sosial bazasını itirməkdədir, "orta təbəqənin məyusluğu qəzəbə çevrilib və o, etirazlara qoşulub", BBC eksperti bildirir.

Etnik azlıqlarla mərkəzi hakimiyyət arasında gərginlik də etirazların genişlənməsinə yol açıb. Şənbə günündən bəri İnternetin bağlanması etirazların miqyası və nəticəsi ilə bağlı görüntülərin əldə olunmasına mane olub, BBC-nin eksperti bildirib. Lakin Amnesty İnternational təşkilatından Madyar Saminejad-ın bildirdiyinə görə, aydın olub ki, "İranda qətllər dağlası davam edir və indiyə qədər 21 şəhərdə azı 106 nəfər öldürülb". İnternetsizlik etirazçıların bir-biri ilə əlaqəsini də çətinləşdirib, müşahidəçilər bildirir.

Etirazçılar küçələrdən təmizləndikdən sonra hökumət öz dəstəkçilərini küçələrə çıxarıb. Prezident Ruhani deyib: "Bu onu göstərir ki, illərdir bunu planlaşdıran düşmənlərimiz məğlub edildi". Etirazların arxasında kimin dayandığı aydın deyil. Prezident isə ABŞ, İsrail və Səudiyyə Ərəbistanının dəstəklədiyi "dağıdıcı ünsürləri" günahlandırıb. İranın dövlət mediası bildirir ki, indi hər şey qaydasındadır, lakin əldə olunan məlumatlara görə, etirazlar hələ yekunlaşmayıb. İqtisadiyyatın zəiflədiyi bu məqamda insanların qəzəbinin tezliklə soyuyacağı gözlənilmir.

Amerikanın Səsinə danışan siyasi fəal Bulud Ələmdarın söylədiklərinə əsasən, noyabrın 16-da baş qaldıran etirazlar nəticəsində Təbrizdə azı bir etirazçı həyatını itirib. Bulud Ələmdar deyir ki, İran hakimiyyəti bir yandan vətəndaş etirazlarını qanlı şəkildə yatırır, digər tərəfdən isə Şimali Koreyada olduğu kimi interneti bağlayaraq, xalqın xarici dünya ilə əlaqəsini kəsir. “İran hakimiyyəti heç zaman insanları öldürməkdən, tutmaqdan və onlara işgəncə verməkdən çəkinməyib. Bu gün də çəkinmir. Güney Azərbaycan bölgəsində buraya qədər Əli Hüseyni adında Bağmeşə məhəlləsinin sakinlərindən birinin öldüyü bildirilir. Biz bunu güvəndiyimiz qaynaqlardan əldə etmişik,”- Bulud Ələmdar söyləyir.

Amnesty International noyabrın 19-da yayımladığı hesabatda son etirazlarda İranın müxtəlif vilayətlərində azı 106 vətəndaşın həlak olduğunu bildirib. Həlak olanların çoxu İranın ərəblər məskunlaşmış bölgələrindəndir. Kütləvi etirazlar benzin qiymətinin artmasından sonra baş qaldırıb. Ələmdar müsahibədə bu prosesdə baş verənləri ətraflı şəkildə açıqlayıb. Onun sözlərinə görə, aksiyalar İranın müxtəlif etnik icmalarının yaşadığı bölgələrdə keçirilib: “Ayaqlanma ilk öncə ərəblərin yaşadığı bölgələrdə başladı. Güney Azərbaycanda və türk şəhərlərdə is, ilk Zəncandan başladı. Onun ardından Urmiyə, Təbriz, Qoşaçay, Əhər və Meşkin kimi şəhərlərdə. Az sayı ilə olsa da, daha kiçik şəhərlərdə də etirazlar baş tutub.”

Bulut Ələmdar iqtisadi problemlərin bütün qrupların ortaq dərdi olduğunu vurğulayır. “Fars bölgələrindəki müxalifət ilə türk bölgələrdəki müxalifət çox fərqlidir. Amma iqtisadi məsələlərdə ortaq dərdi paylaşırıq. Başqa məsələlərdə əlbəttə ki, bizə daha çox zülm olunur və biz daha çox meydandayıq. Daha çox mübarizə edirik... İqtisadi məsələlər hər kəsin boğazından yapışan məsələdir. Bahalıq, işsizlik, pulsuzluq, maaşların az olması. Buna görə təbii olaraq Güney Azərbaycanda da ayaqlanmalar oldu,” o ifadə edir.

Ələmdar İran Azərbaycanının müxtəlif bölgələrində onlarla vətəndaşın saxlanıldığı bildirir. Onun dediklərinə görə, “tutulanların adlarını ala bilmirik. Amma Təbrizdə adlarını bildiyimiz, gəlib zorakılıqla evlərindən götürdükləri Davud Şiri, Əyyub Şiri, Ruzbeh Piri və Yaşar Piri vardır. Ərdəbildə Meysəm Colani və Siyamək Seyfi. Qoşaçayda Tovhid Xadimi. O, Qoşaçayda Traktor azarkeşlərinin lideridir.”

Siyasi fəal İranda baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətin münasibətini tənqid edir. “İran hakimiyyəti oradakı insanların xariclə bağını kəsir və aldığı Çin və Rusiya silahları ilə bəzi silahları da özü istehsal edib, insanları istədiyi kimi asır, kəsir, döyür və öldürür. Bu işini çox rahatlıqla yürüdür. İki günün içində Şimali Koreyanın işini gördü. İnterneti qapadır. Normal telefon danışıqları belə zorla olur... Dünya mediasında, parlamentlərində və insan haqları qurumlarında İrana qarşılıq vermirlər. Bu günə qədər dünya ictimaiyyətindən İrana qarşı çox ciddi etiraz görmədik,”- o əlavə edib.