BMT təcili toplandı Dünya

BMT təcili toplandı

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşır

Cavid

NATO-nun Avropadakı hərbi birləşmələrinin Ali baş komandanı general Filip Bridlav bəyan edib ki, Rusiya artıq Krıma nüvə başlıqları yerləşdirməyə hazırlaşır. General onu da bildirib ki, Rusiys hələ də Ukraynanın şərq vilayətlərinə hərbi texnikanı yeritməyə davam edir. NATO-nun reginola bağlı ciddi narahat olduğunu deyən Bridlav Ukraynanın şərqində atəşin dayandırılmasının yalnız sözdə olduğunu və regionda zorakılığın səviyyəsinin hər gün artdığını bildirib.
Ukrayna Təhlükəsizlik Xidmətinin rəisinin müşaviri Markiyan Lubkivski isə bildirib ki, Ukrayna cənub-şərqini, Donbası indi deyil, bir neçə ilə geri qaytaracaq. Onun sözlərinə görə, Ukrayna Donbası 4-5 ildən sonra qaytara biləcək.
"Çətin ki, Donbass yaxın illərdə geri qaytarılsın. Çünki vəziyyətimiz çox ağırdır", deyə Lubkivski bildirib.
Qeyd edək ki, noyabrın 2-də qondarma Donetsk və Luqansk respublikalarında prezident və parlament seçkiləri keçirilmişdi. Rusiya bu seçkilərin nəticələrini tanısa da ABŞ və Avropa ölkələri seçkiləri qeyri legitim adlandırmışdı.
Kremlin isə qondarma Donetsk və Luqansk Xalq Respublikalarına yardım etməsi rəsmi Kiyevin Moskvaya nota göndərməsinə səbəb olub. Bu haqda məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Yevgeni Perebiynis yayıb.
Məlumatda deyilir ki, rəsmi Kiyev Kremli Donetsk və Luqansk Xalq Respublikalarına yardım etməkdə suçlayır.
"Bu gün rəsmən Rusiya Xarici İşlər Nazirliyinə növbəti nota göndərilib. Notada Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti pislənir, dövlət sərhədində toplanan Rusiyanın çox saylı hərbi birləşmələrinin geri çəkilməsi tələb edilir", - deyə Yevgeni Perebiynis keçirdiyi brifinqdə vurğulayıb.
BMT Təhlükəsizlik Şurası isə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyevin ölkənin şərqində baş verən hərbi canlanma ilə bağlı müraciətindən sonra fövqəladə toplantı çağırıb.
BMT Təhlükəsizlik Şurasının noyabr ayı üçün başqanı və Avstraliyanın daimi nümayəndəsi Qeru Kuinlan toplantının keçiriləcəyini bildiirb.
Qeyd edk ki, Yuri Sergeyev BMT-də etdiyi çıxışında Rusiyanın Ukrayna sərhədinə çox sayda canlı qüvvə və ağır texnika topladığını deyib.
"Son hadisələrdən sonra məlum olur ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşır. Buna görə, BMT TŞ-nin ən qısa zamanda toplanması lazımdır", - Yuri Sergeyev əlavə edib.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) da Yuri Sergeyevin iddialarını təsdiqləyib. Belə ki, qurum verdiyi açıqlamada bu gün Donetskin mərkəzindən 3 kilometr məsafədə yerləşən ərazidə naməlum 43 ədəd yük maşınıın təsbit edildiyini açıqlayıb. Bu yük maşınlarının 5-nin 120 millimetrlik hava mərmisi, 5 yük maşınının isə uzaqmənzilli raketlər daşıdığı məlum olub.
Rusiyalı politoloq, jurnalist və siyasətçi Andrey Piontkovski deyib ki, Putinin planı – "rus dünyası"nın qələbəsidir. İlk addım rus zonasından qaçan itaətsiz "bacı" - Ukraynanın məhv edilməsi olacaq.
Rusiya hakimiyyətinin daxili və xarici siyasətini kəskin tənqidçilərindən olan Piontkovskinin sözlərinə görə, bu siyasət digər sözəbaxmayanlar üçün "yaxşı" tərbiyəvi ölçü olacaq. O qeyd edib ki, Putinin Tallin, Riqa və Vilnüslə bağlı planı iki gün ərzində yerinə yetirilə bilər.
Xatırladaq ki, Krımda keçirilən referendumdan təxminən bir ay əvvəl – fevralın 21-də Litva milli radiosu və televiziyanın internet portalına müsahibə verən Piontkovski Krımın zəbt edilməsi ehtimalını dilə gətirib. "Kreml Ukraynanı parçalamağa və Krımı zəbt etməyə çalışır. Amma Qərb Rusiyanı saxlaya bilmir, çünki ABŞ prezidenti Barak Obama Avropa İttifaqının siyasətçiləri kimi onurğasızdır", - deyə o bildirmişdi.
Piontkovski martın 14-də "Son mərhələ" adlı məqaləsində yenidən Rusiyanın Krımı zəbt etməsindən danışıb.
A.Piontkovski hesab edir ki, əgər Ukraynada Putinin "rus dünyası" konsepsiyasının icrası dayandırılmasa, o halda dünya nüvə müharibəsinə hazırlaşmalıdır. Onun sözlərinə görə, Rusiyanı dayandırmaq üçün hələlik iqtisadi və siyasi imkanları qalır. Rusiyalı politoloq Rusiyanın Ukraynada dayandırılmayacağı halda növbəti hədəfin Baltikyanı ölkələr olacağını söyləyib.
Rusiyalı politoloq Ukraynada baş verənlərin qlobal layihənin bir hissəsi olduğunu və bunu Putinin də gizlətmədiyini deyib: "O, 17 mayda Krımda etdiyi məşhur nitqində "rus dünyası" konsepsiyası irəli sürdü. Putin dünyanın harasında olmasından asılı olmayaraq, etnik rusları müdafiə edəcəyini bildirdi. Və Krımdan sonra növbəti hədəfin "Novorossiya" olduğunu dedi. Ukraynanın səkkiz vilayəti "Novorossiya" adlandırıldı. Təbii ki, növbəti hədəf rus azlığı olan Baltikyanı ölkələridir. Baltikyanı ölkələrdə rusların vəziyyəti ilə bağlı Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatını yada salmağa dəyər. Ukrayna müharibəsi də etnik rusların hüquqları ilə bağlı narahatlıq iddiası ilə başlandı. Putin deyib ki, SSRİ-in dağılması 20-ci əsrin ən böyük geosiyasi faciəsidir. Budur, Putin keçən əsrin qisasını 21-ci əsrdə almaq istəyir".
Rusiyanın Baltikyanı ölkələrə nə vaxt müdaxilə edə biləcəyinə gəlincə, A.Piontkovski hər şeyin Ukrayna döyüşündən asılı olacağını vurğulayıb: "Əgər Putin müvəffəqiyyət qazansa, yəni Ukraynanı tamamilə tabe edə və onun Avropa vektorunu dəyişdirə bilsə, növbəti hədəf Baltikyanı ölkələr olacaq. Putinin başı hələlik Ukraynaya qarışıb. Amma siz Qərbdəki dostlarınıza izah etməlisiniz ki, Putinin təmiz iqtisadi və siyasi vasitələrlə dayandırılması imkanı var. Heç kim Qərbin hərbi iştirakını gözləmir. Amma bu o vaxta kimi davam edəcək ki, "yaşıl adamlar" Baltikyanı ölkələrdə referendum keçirəcək. Qərb isə öz öhdəliklərini yerinə yetirmək üçün nüvə dövləti ilə vuruşmalı olacaq. Təbii ki, Rusiya müəyyən yolla nüvə şantajından istifadə edəcək. Bu dəhşətli ssenaridən qaçmağın yeganə yolu Ukraynada Putinin layihəsinə qalib gəlməkdir".
SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov isə Qərbin Rusiya ilə bağlı siyasətini pisləyib və "soyuq müharibə" haqqında xəbərdarlıq edib.
Bu barədə Almaniyanın "Die Welt" qəzeti M.Qorbaçovun Berlin divarının sökülməsinin 25-ci illiyi ilə bağlı keçirilən bayram tədbirində çıxışından sitat gətirib.
"Berlin divarının sökülməsindən sonra ümid var idi ki, Avropada münaqişələrin həllinin yeni nümunəsi yaranacaq. Ancaq dünya başqa yolla getdi. Avropa, ümumilikdə dünya siyasəti bərpaolunma testindən keçə bilmədi. Dünya yeni "soyuq müharibə" qarşısındadır. Bəziləri deyirlər ki, o artıq başlanıb", - deyə Qorbaçov bildirib.
SSRİ-nin keçmiş prezidentinin sözlərinə görə, Qərb, xüsusilə ABŞ 1989-cu ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi: "Qərb öhdəlikləri yerinə yetirmək əvəzinə özünü "soyuq müharibə"nin qalibi elan etdi. Qərb siyasətçiləri eyforiyaya qapılmağa başladılar. Onlar Rusiyanın zəifliyindən istifadə edərək dünyada liderliyi ələ keçirməyə cəhd etdilər. Artıq 1990-cı illərdə Qərb Rusiya ilə münasibətlərdə etibardan sui-istifadə etməyə başladı. Bundan ən çox kim əzab çəkir? Avropa, bizim ümumi evimiz".
M.Qorbaçov Ukrayna böhranı haqqında danışarkən Rusiya prezidenti Vladimir Putinin siyasətini dəstəkləyib. Onun fikrincə, ABŞ-ın kəskin tənqidlərinə baxmayaraq, Putin gərginliyi səngitməyə çalışır və əməkdaşlıq üçün yeni bazanı yaratmağa cəhd göstərir.
Qorbaçov hər iki tərəfə zərər verən sanksiyaların tədricən ləğvi təklifi ilə çıxış edib. O bildirib ki, xüsusən hər iki tərəfdən olan siyasətçilərə qarşı sanksiyalar ləğv olunmalıdır.