Putin Qərbin qarşısına hərbi blok çıxarır Dünya

Putin Qərbin qarşısına hərbi blok çıxarır

Rusiya prezidenti: "Dünyadakı çətin dövr KTMT ölkələrindən yeni-köhnə təhlükələrə və çağırışlara qarşı razılaşdırılmış və kollektiv tədbirlər görməyi tələb edir"

Aleksandr Lukaşenko: "Sərhədlərimizdə vəziyyət heç vaxt belə gərgin və təhlükəli olmayıb"

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələrin prezidentləri dünən Moskvada toplanıb. Kremldə keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev, Tacikistan prezidenti İmaməli Raxmon, Ermənistan prezidenti Serj Sarkisyan və KTMT baş katibi Nikolay Bordyuja iştirak ediblər.
Toplantıda çıxış edən Rusiya prezidenti qurumun bundan sonra formal olmayacağına işarə vurub.
O deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Əfqanıstandan və İŞİD-dən gələn təhlükələrə qarşı adekvat və preventiv tədbirlər görməyə hazır olmalıdır: "Dünyadakı çətin dövr KTMT ölkələrindən yeni-köhnə təhlükələrə və çağırışlara qarşı razılaşdırılmış və kollektiv tədbirlər görməyi tələb edir. Terrorçu və ekstremist qruplar öz fəallıqlarını Orta Asiyada yaymağa cəhd göstərir. Ona görə də KTMT Əfqanıstan və İŞİD-dən gələn təhlükələrə qarşı adekvat və preventiv tədbirlər görməyə hazır olmalıdır", - deyə Rusiya dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə Moskvada keçən həftə açılan Milli Müdafiə İdarəetmə Mərkəzi Kollektiv Təhlükəzilik Müqaviləsi Təşkilatına üzv olan ölkələr üçün işləyəcək: "Bu, milli müdafiə sistemlərinin idarəçiliyini artıracaq. Milli Müdafiə İdarəetmə Mərkəzində hər şey istisnasız olaraq Rusiya texnologiyaları ilə, çox möhkəm kompüter təminatı ilə işlənilib".
Vladimir Putin KTMT ölkələrinin bu Mərkəzin işinə qoşulacağını da qeyd edib: "Əminəm ki, bu, milli müdafiə sistemlərinin və qoşunlarımızın idarəçiliyini artıracaq, əlaqələri yaxşılaşdıracaq".
Sammitdə çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı başqa ölkələr və birliklərlə qarşılıqlı konstruktiv fəaliyyətə açıqdır: "KTMT başqa ölkələr və beynəlxalq təşkilatlarla qarşılıqlı konstruktiv fəaliyyətə açıqdır. Ümid edirəm ki, bu gün keçirilən iclasda qəbul olunacaq qərarlar KTMT-yə üzv dövlətlər arasında təhlükəsizliyin təminatı sahəsində əməkdaşlığı möhkəmləndirməyə və effektiv fəaliyyəti artırmağa kömək edəcək".
Belarus prezidenti Aleksand Lukaşenko isə bəyan edib ki, müttəfiqlərin sərhədlərində vəziyyət heç vaxt belə gərgin və təhlükəli olmayıb: "Regionda vəziyyət çox gərgin və təhlükəlidir. Kollektiv təhlükəsizlik qüvvələrinin saxlanılması və möhkəmləndirilməsi vacibdir. Sərhədlərimizdə vəziyyət heç vaxt belə gərgin və təhlükəli olmayıb. İrimiqyaslı risklər və çağırışlar hamımızdan razılaşdırılmış siyasət tələb edir. Mövcud şərtlərdə gərginliyi azaltmaq üçün konfliktlərin əsas həll yolu hər şeydən əvvəl diplomatik tədbirlər olmalıdır".
Belarus prezidenti əsas diqqəti KTMT ölkələrinin iqtisadi maraqlarının qorunması və iqtisadi cinayətkarlıqla mübarizə məsələsinə yönəltməyə çağırıb: "Hesab edirəm ki, bunun üçün KTMT-də mövcud olan xüsusi xidmətlərin qarşılıqlı fəaliyyət mexanizmlərindən istifadə etmək olar".
Toplantıda Ermənistan prezidenti Serj Sərkisyan da çıxış edib. O deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməyə və fəal birgə addımlara hazırdır. Serj Sərkisyan son 1 ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edən Rusiyaya təşəkkür edib.
Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə yaradılıb. Təşkilata Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan daxildir.
Yanvarın 1-dən təşkilata sədrlik Tacikistana keçir.