Putini devirmək istəyirlər Dünya

Putini devirmək istəyirlər

Bunu Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov deyib

Cavid

Rusiyanın Ukraynanı işğalı Qərbin rəsmi Moskvaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalarla nəticələndi ki, bu da Putin imperiyasına böyük zərbə oldu. Publun dəyərdən düşməsi, ölkədə iqtisadi böhran və hətta miqrantların belə Rusiyadan köçü Putin administrasiyasını vəziyyət çıxış yolları axtarmağa məcbur edib.
Putin isə iqtisadi böhranla üzləşməsinə baxmayaraq Ukrayna ilə müharibəsini daha da gücləndirir. Eyni zamanda ABŞ, başda olmaqla Qərbin qəbul etmədiyi bəzi dövlətlərlə, xüsusən də İran və Çinlə hərtərəfli əməkdaşlığını artırır. Qərbin sanksiyaları ilə yanaşı Putinin devrilməsinin də planlaşdırıldığı iddia olunur.
Məsələn, "Arqumenti i Faktı" qəzetinə müsahibəsində Putinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov bildirib ki, Qərb ölkələri Ukraynanın cənub-şərqindəki münaqişədən istifadə edərək Rusiyanın iqtisadi maraqlarını boğmaq və ölkə prezidenti Vladimir Putinin devrilməsini nail olmaq istəyir.
"Əminəm ki, Qərb heç vaxt bizdən əl çəkməyəcək. Söhbət heç Krım və Ukraynadan da belə getmir. Əgər Krım olmasaydı belə, onlar başqa səbəb tapacaqlar. Rusiya Ukraynada olan böhranın aradan qaldırılması üçün əlindən gələni edir: Kömür, elektrik enerjisi tədarük etməklə de-fakto Ukrayna iqtisadiyyatına kömək edir, ölkənin şərqində isə çətinlikdə olan insanlara humanitar yardım karvanları göndərilir" – deyə, Peskov bəyan edib.
ABŞ Prezidenti Barak Obama isə Konqresdə çıxışı zamanı deyib ki, Rusiyanın Krımın işğalına cavab olaraq iqtisadi və siyasi təcridə məruz qalması ABŞ xarici siyasətinin uğurudur
"Ötən il biz müttəfiqlərimizlə sanksiyaların tətbiqi ilə bağlı ağır iş gördük. Onda bəziləri deyirdilər ki, cənab Putinin təcavüzü strateji gücün ustalıqla nümayişidir. Bu gün isə Amerika öz müttəfiqləri ilə güclüdür, Rusiya isə təcrid olunub, onun iqtisadiyyatından yalnız sür-sümük qalıb", - prezident deyib.
Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə ABŞ prezidenti Barack Obamanın Rusiya ilə bağlı dediklərini tənqid edib və bildirib ki, Rusiyanı təcrid etmək cəhdləri baş tutmayacaq.
O həmçinin qeyd edib ki, Moskva Ukrayna böhranının həllində bütün mümkün imkanlara əl atacaq.
Lavrov bunu dünən Ukrayna böhranı ilə bağlı Berlində keçirilən görüşdə deyib.
Görüşdə Almaniya, Fransa, Rusiya və Ukraynanın xarici işlər nazirləri iştirak ediblər.
Bu arada BMT-nin İqtisadi və Sosial İşlər İdarəsi Rusiya iqtisadiyyatı ilə bağlı hesabat yayıb.
Hesabatda Rusiyanın hazırda yaşadığı "iqtisadi şok"u yalnız valyuta ehtiyatları sayəsində keçə biləcəyi açıqlanıb.
BMT-nin iqtisadiyyat mütəxəssisləri tərəfindən hazırlanan hesabatda Ukrayna siyasi böhranı üzündən yaranan geosiyasi gərginliyə də toxunulub və bölgədəki gərginliyin artmasının Rusiya iqtisadiyyatı üçün uzun müddətli mənfi nəticələr doğura biləcəyi qeyd olunub.
RİA Novosti isə xəbər verir ki, prezident Vladimir Putinə İqtisadi İnkişaf Nazirliyinin işləyib hazırladığı hökumətin anti-böhran planını təqdim ediləcək.

Plan 101 bənddən ibarətdir və hökumətə iki trilyon rubla başa gələ bilər. Dünən İİN "2015-ci ildə iqtisadiyyatın çevik inkişafı və sosial sabitliyin təminatı planı"nın son versiyasını hökumət aparatına təhvil verib.
Plan mətninin üç gün davam edən detallı müzakirəsi onun məzmununun xeyli dəyişməsinə səbəb olub: bəndlərin sayı 60-dan 101-ə qalxıb, eyni zamanda, İİN və digər qurumların ideyalarının böyük hissəsi ixtisara salınıb.
Hələ ki, planın başlıca faktiki itkisi – xammal və komplektləşdirilmiş mallar üçün idxal ƏDV-sinin ləğv edilməsi təşəbbüsüdür. Daha əvvəl plandan bununla bağlı xüsusi iqtisadi zonaların çevik inkişafı ideyası da çıxarılıb, sənədin son versiyasında dövlət monopoliyaları ilə tarif siyasəti üzrə ticarətin davam etdirilməsi bəndi də ixtisara salınıb. Təşəbbüslərin "tənzimlənməsi", kiçik biznesin dəstəklənməsi və orta biznesin ixracı, müəyyən sahələr üzrə təşəbbüslər isə əksinə, saxlanılıb.