Makedoniyada növbəti Maydan Dünya

Makedoniyada növbəti Maydan

Rusiyaya rəğbətini gizlətməyən baş nazir Nikola Qruyevskinin istefası tələb olunur

Cavid

Ötən bazar günü, mayın 17-də Makedoniyanın paytaxtı Skopyedə on minlərlə etirazçı hökumət əleyhinə yürüşə çıxıb. Onlar baş nazir Nikola Qruyevskinin istefasını tələb ediblər.Yürüşü müxalif Makedoniya Sosial Demokratik Birliyinin rəhbərlik etdiyi müxalifət partiyaları təşkil edib. Səbəb nazirlərin seçkini saxtalaşdırma planını əks etdirən videonun yayılması olub.
Xəbərlərə görə yürüşdə 40 mindən çox insan iştirak edib.Qruyevski mayın 16-da bildirib ki, "istefa vermək, yaxud keçid hökumətini qəbul etmək niyyəti yoxdur". Sosial Demokratik Birliyin lideri Zoran Zaev etirazı "multi-etnik" adlandırıb. Zaev deyib ki, onlar hökumət binasının qarşısında qalacaq. "Nikola Gruevski istefa verməlidir. Getməsə, biz də getməyəcəyik".
Makedoniyada baş verənlər əslində sıradan iqtidar-müxalifət qarşıdurması deyil və analitiklərə görə bu kasıb Balkan ölkəsindəki gərginliyin arxasında Rusiya ilə Qərb arasında regiona nəzarət uğrunda yenidən alovlanan geosiyasi rəqabət dayanır. Belə ki, Makedoniya Rusiyanın "Türk axını" qaz kəməri layihəsinin marşrutu üzərində yerləşən mühüm tranzit ölkəsidir. "Qazprom" Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilməkdə olan Cənub Qaz Dəhlizi marşrutu ilə (TANAP+TAP) eyni marşrutu təkrarlayan, ildə 63 milyard kubmetr qaz nəqlini nəzərdə tutan, iqtisadi layihədən çox siyasi mahiyyət kəsb edən kəmər layihəsinə Makedoniyanı cəlb etməyə razılıq ala bilib. Bu ölkənin baş naziri Nikola Qruyevski "Türk axını" kəmərinə dəstək verəndən az sonra onun hökumətini ifşa edən korrupsiya dəlilləri və seçkilərin saxtalaşdırılmasına hazırlıqları əks etdirən plan müxalifətə ötürülüb.
Bir neçə gün əvvəl isə ABŞ-ın Balkanlardakı for-postu olan Kosovodan sızan naməlum silahlı qrup Makedoniyanın sərhədyanı Kumanovo qəsəbəsində təhlükəsizlik qüvvələri ilə döyüşə girib. Nəticədə azı 8 xüsusi təyinatlı polis həlak olub, silahlı qrup da itki verib. Makedoniya hakimiyyəti silahlı qrupun ABŞ təlimatçılarının təlim keçdiyi alban yaraqlıları olduqlarını bildirir. Bu hadisələr, üstəlik hökuməti təhdid edən siyasi gərginliyin başlaması analitiklər tərəfindən Rusiyanın da cəlb olunduğu geosiyasi toqquşma hesab edilir. Beləliklə, ötən əsrin 90-cı illərinin sonlarında Rusiyanın Balkanlardan sıxışdırılıb çıxarılması ilə nəticələnən geosiyasi qarşıdurma yenidən vüsət alıb. Və belə görünür ki, Rusiya həmin geosiyasi itkilərin əvəzini çıxmağa çalışır.
Balkan üzrə ekspertlər hesab edir ki, Makedoniyada ABŞ və Rusiyanın maraqları toqquşur. Belə ki, ABŞ "Türk axını" layihəsini əngəlləmək üçün bütün rıçaqlarını işə salıb. Dövlət Departamentinin xüsusi elçisi Amos Hokşteyn bu günlərdə Afinaya ezam olunub və Yunanıstan hökumətinə "Türk axın"ına qoşulmamaq barədə xəbərdarlıq edilib. Rusiya isə öz Yunanıstanın solçu hökumətini xeyli dərəcədə öz tərəfinə çəkə bilib, "Türk axını"ıan qoşulmağın əvəzində Afinaya irihəcmli maliyyə yardımları vəd olunub. Həmçinin Rusiya kəmər layihəsinin marşrutu üzərində yerləşən digər Balkan ölkəsi Serbiyanın hökumətini öz tərəfinə çəkməyə nail olub. Ötən həftə xarici işlər naziri Sergey Lavrov Belqrada səfər edərək Serbiya hökuməti ilə strateji tərəfdaşlıq danışıqları aparıb, habelə "Türk axını" layihəsi müzakirə olunub. Lakin kəmər Serbiyaya çatana qədər Makedoniyadan keçməlidir və bu səbəbdən əsas döyüş həmin ölkədə gedir.
Hökumətə qarşı kompromatların müxalifətə ötürülməsinin ardınca Makedoniyanın kəşfiyyat rəisi Saso Miyalkov və daxili işlər naziri Qordan Yankulovski istefaya gediblər. Lakin bu istefalar hökumətin kapitulyasiyaya hazırlaşdığını göstərmir. Rusiya maraqlıdır ki, baş nazir Nikola Qruyevski hakimiyyətdə qalsın. Çünki "Türk axını" kəməri layihəsini reallaşdırmaq üçün Skopyedə Rusiyaya sadiq hökumət lazımdır. Təsadüfi deyil ki, əvvəllər Makedoniyada baş verənlər haqda nadir hallarda maraqlanan Rusiya XİN son günlər xeyli fəallaşıb. İlk dəfə bu il yanvarın 31-də Makedoniya müxalifətinin lideri Zoryan Zayev indiki hökumətin korrupsiya əməllərini ifşa edən audioyazıları yayanda hökumət müxalifəti dövlət çevrilişi hazırlamaqda ittiham etdi. Rusiya XİN isə dərhal işə qarışaraq bəyan etdi ki, Makedoniyada hökumət əleyhinə kompromatları xarici xüsusi xidmət orqanları ötürüb. Şübhə yox idi, Rusiya XİN ABŞ xüsusi xidmət orqanlarını nəzərdə tuturdu. Rəsmi Moskva xəbərdarlıq edirdi ki, bu cəhdlər Makedoniyada daxili sabitliyi poza və etnik qarşıdurmanı yenidən alovlandıra bilər. Növbəti dəfə aprelin 21-də Kosovo Azadlıq Ordusunun geyimində olan yaraqlılar sərhədyanı Kumanovo qəsəbəsinə hücum edəndə Rusiya XİN Makedoniyada "kəskin etnik problemlərin" qaldığını bəyan etdi. Moskva bildirdi ki, Makedoniya hökumətinin ölkədə qayda-qanun yaratmaq cəhdlərini dəstəkləyir. Daha sonra müxalifətin mitinq hazırlıqlarını şərh edən Rusiya XİN Qərbin dəstəklədiyi QHT-lərin və müxalifətin Makedoniyada "rəngli inqilab" hazırladığı haqda xəbərdarlıq etdi. Rəsmi Moskva Makedoniyada hakimiyyət dəyişikliyinə qarşı çıxdı. ABŞ isə Makedoniya müxalifətinə açıq dəstəyini ifadə etdi.
Əslində ilk dəfə deyil ki, ABŞ Rusiya ilə həlledici geosiyasi çəkişmədə "rəngli inqilab" texnologiyasını işə salır. 2013-cü ildə Ukrayna hakimiyyəti Avropa İttifaqı ilə Assosiasiya sazişinin imzalanmasını təxirə salanda və ölkənin daha bir müddət Rusiyanın iqtisadi təsir zonasında qalmasına razılıq verəndə Kiyevdə "avromaydan" proseslərinin başladığını heç kim unutmayıb. Bu proseslərin nəticəsi isə Ukraynanın bölünməsi, iqtisadiyyatının dağılması və müharibə oldu. İndi analoji proseslər Balkanlarda, Makedoniyada başlayıb.