ÜST: Pandemiyanın kəskin mərhələsi bu il başa çata bilər Dünya

ÜST: Pandemiyanın kəskin mərhələsi bu il başa çata bilər

Dünyada koronavirusa yoluxanların sayı 376 milyon nəfəri keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 1 913 949 nəfər koronavirusa yoluxub, 6 331 nəfər isə dünyasını dəyişib.

Bildirilir ki, yoluxanların ümumi sayı 376 478 335, ölənlərin isə 5 666 064 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

“İnsanların məsuliyyətli davranışı ilə bu il pandemiyanın kəskin mərhələsindən çıxa bilərik”.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüqe bildirib.

"İstənilən halda fərdi məsuliyyət çox vacibdir. Özünü pis hiss edən və ya hərarəti yüksək olan insanlar evdə karantində qalarsa, onda hamımız kəskin fazadan çıxa bilərik”, - Klüqe deyib.

Klüqenin sözlərinə görə, bu, virusun geri qayıtmayacağı anlamına gəlmir: "Müxtəlif ştamlar olacaq, lakin biz virusla yaşamağı öyrənməliyik ki, yeni infeksiya dalğası baş verərsə, respiratorlarımızı dərhal şkafdan çıxaraq və ictimai sağlamlıq tədbirlərinə uyğun davranaq", - ÜST rəsmisi əlavə edib.

Onu da qeyd edək ki, “Amerikanın Səsi”nin verdiyi məlumata görə, ÜST pandemiya döründə atılmış tibbi zibillərin yaratdığı sağlamlıq riskləri barədə xəbərdarlıq edib. Təşkilat ölkələri istifadə olunduqdan sonra yarasız olan vasitələrin atılması sistemlərinin daha yaxşı idarə olunmasına çağırır.

COVID-19 pandemiyasına qarşı mübarizə böyük miqdarda fərdi qoruyucu vasitələr - üz maskaları, əlcəklər, eləcə də peyvəndlərin tətbiqi üçün iynə və şprislərin istifadəsini tələb edir.

Ümumdünya Səhiyyə Təşkilatının yeni qlobal təhlili bu məhsulların istifadəsi nəticəsində yaranan tibbi tullantıların miqdarının böyük və potensial təhlükəlisini ortaya çıxarıb.

ÜST-nın Ətraf Mühit Departamentində su, kanalizasiya və sağlamlıq üzrə texniki məsul işçi Meqqi Montqomeri bildirir ki, pandemiya müəssisələrdə sağlamlıq risklərinin əvvəlki dövrlərlə müqayisədə 10 dəfəyə qədər artmasına səbəb olub.

Əgər nəzərə alsaq ki, az inkişaf etmiş ölkələrdə hər üç tibb müəssisəsindən ikisi pandemiyadan əvvəl tullantıları çeşidlənməsi və ya təhlükəsiz emalı üçün sistemlərə malik deyildi,

bu əlavə tullantı yükünün səhiyyə işçilərinə, icmalara, xüsusən də tullantıların yandırıldığı yerlərdə nə qədər böyük risk yaratığını təsəvvür etmək olar” - deyə, Montqomeri bildirib.

Hesabatda həmçinin göstərilir ki, COVID-19 tullantılarının təhlükəli şəkildə utilizasiyası tibb işçilərini potensial olaraq iynə xəsarətləri almağa, yanıqlara, patogen mikroorqanizmlərə məruz qalmağa, havanın çirklənməsi və pis idarə olunan poliqonların və tullantıların utilizasiya sahələrinin yaxınlığında yaşayanların həyatını təhlükə altına atır.

ÜST-nın ekspertləri BMT-nin fövqəladə hallar üzrə birgə təşəbbüsü ilə 2020-ci ilin martından 2021-ci ilin noyabrına qədər ehtiyacı olan ölkələrə göndərilən təxminən 87 min ton şəxsi qoruyucu vasitələri təhlil edib. Bu avadanlıq və vasitələrin əksəriyyətinin tullantıya çevriləcəyi gözlənilirdi.

Hesabatda COVID-19 ilə əlaqəli tullantı probleminin miqyasının müəyyən etmək üçün ilkin olaraq yalnız səhiyyə sektoru nəzərdən keçirilib ki, bu da problemin miqyasını göstərir. Lakin Montqomeri deyir ki, icmalarda daha geniş şəkildə yaranan tullantıların həcminə baxılmayıb.

"Əhali tərəfindən yaranan tullantılara gəldikdə isə bunlar əsasən maskalardır. Məsələn təkcə 2020-ci ildə ictimaiyyət tərəfindən atılan 4,5 trilyon maska əlavə 6 milyon ton tullantının yaranmasına səbəb olub", Montqomeri bildirib. "Beləliklə aydın olur ki, cəmiyyət daha çox tullantı yaradır. Eyni zamanda səhiyyə sektorunda bu məsələdəki rolu danılmazdır. Və şəxsi qoruyucu vasitələrdən lazımsız istifadəni azaltmaq üçün edilə biləcək bir çox konkret şeylər var", o deyib.

ÜST-nın məsələ ilə bağlı verdiyi tövsiyədə göstərilir ki, təhlükəsiz və ekoloji cəhətdən daha sağlam qablaşdırma, daşınma, təhlükəsiz və təkrar istifadə edilə bilən əlcəklər və tibbi maskalardan istifadə, eləcə də yanmayan tullantıların emalı texnologiyalarına sərmayə qoyulmalıdır.

Cavid