Daha iki qeyri-dövlət yardım mərkəzi yaradılıb Hadisə

Daha iki qeyri-dövlət yardım mərkəzi yaradılıb

Tərlan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmətlərin göstərilməsi üçün akkreditasiya olunmuş daha iki qeyri-dövlət yardım mərkəzinə ("Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyinə və "Gəncə Regional Qadın Mərkəzi" İctimai Birliyi) akkreditasiya attestatları verilib. Attestatların təqdim edilməsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, akkreditasiya Komissiyasının sədri İlqar Rəhimov məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial xidmətlərlə təmin edilməsi üçün qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiya olunması yönündə aparılan işlərdən bəhs edib. İ.Rəhimov bildirib ki, Komissiyaya müraciət edən qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üçün ən vacib şərtlərdən biri onların müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olmasıdır. Akkreditasiya prosesində bu meyarlara xüsusi diqqət yetirilir. Nazirlikdə fəaliyyət göstərən, əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarət Komissiya tərəfindən artıq 10 qeyri-dövlət yardım mərkəzi akkreditasiya olunub.
ƏƏSMN-nin rəsmi www.mlspp.gov.az saytının ön səhifəsindəki "Akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzləri" bölməsində həmin mərkəzlər barədə məlumatlar, onların yerləşdikləri ünvanlar, telefon nömrələri, e-ünvanları və s. əksini tapıb. Bu mərkəzlərin əsas fəaliyyəti yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə edilməklə törədilən zorakılığın və onun mənfi hüquqi, tibbi və sosial nəticələrinin aradan qaldırılmasına, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsinə, onların hüquqi yardımla təmin edilməsinə və s. yönəlib. Adıgedən ictimai birliklərin rəhbərləri akkreditasiya prosesinin şəffaflıq şəraitində və obyektiv aparılmasından razılıqlarını ifadə edib, onlara göstərilən etimadı özlərinin uğurlu fəaliyyətləri ilə layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar.