“Bu, İsrail–Livan münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər” Dünya

“Bu, İsrail–Livan münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər”

Qeyd olunur ki, İsrail hakimiyyəti yaxın günlərdə İsrail qüvvələri tərəfindən işğal edilmiş bəzi Livan ərazilərinin nəzarətini Beyruta qaytarmağa hazırlaşır.

Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən siyasi şərhçi Alim Nəsirov qeyd edib ki, bu addım ilk növbədə İsrail ilə Livan arasında atəşkəs rejiminin daha dayanıqlı mexanizmlərlə möhkəmləndirilməsi və beynəlxalq vasitəçilərin, xüsusilə ABŞ-nin təşəbbüsü ilə sərhəd bölgəsində gərginliyin azaldılması cəhdləri ilə bağlıdır: “”Pilot zona” modelinin məqsədi İsrail ordusunun mərhələli şəkildə geri çəkilməsi, həmin ərazilərdə nəzarətin Livan dövlət institutlarına verilməsi və sərhəd boyunca təhlükəsizlik risklərinin minimuma endirilməsidir. İsrail bu prosesi yalnız Livan ordusunun bölgədə effektiv nəzarət quracağı və Hizbullahın hərbi fəallığının məhdudlaşdırılacağı halda davam etdirmək niyyətindədir. Bu baxımdan söhbət təkcə ərazi məsələsindən deyil, həm də gələcək təhlükəsizlik arxitekturasının necə formalaşacağından gedir”.

A.Nəsirovun sözlərinə görə, bunu İsrail–Livan münasibətlərində yeni mərhələnin başlanğıcı hesab etmək müəyyən mənada mümkündür, lakin hələlik ehtiyatlı yanaşmaq daha doğru olar: “Çünki tərəflər arasında nə diplomatik münasibətlər mövcuddur, nə də bütün sərhəd problemləri həll olunub. Bununla belə, ərazilərin mərhələli şəkildə Livanın nəzarətinə qaytarılması davam edərsə və sərhəddə sabitlik qorunarsa, bu, uzun illər davam edən hərbi qarşıdurmadan sonra etimadın formalaşmasına xidmət edən ilk praktik addımlardan biri ola bilər. Lakin prosesin uğuru əsasən Hizbullahın mövqeyindən, İranın regional siyasətindən və tərəflərin əldə olunan razılaşmalara nə dərəcədə əməl etməsindən asılı olacaq”.

Röya İsrafilova