Azərbaycan klubları avrokuboklarda 13 ilin ən məhsuldar həftəsini yaşadı İdman

Azərbaycan klubları avrokuboklarda 13 ilin ən məhsuldar həftəsini yaşadı

Avrokubokların I təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, klublarımızın hər üç oyunda qalib gəlməsi qitəmiqyaslı turnirlər tarixində ikinci belə hadisədir.

UEFA Çempionlar Liqasında "Sabah" TNS-i (Uels) 2:0, UEFA Avropa Liqasında "Qarabağ" "Vestri"ni (İslandiya) və UEFA Konfrans Liqasında "Zirə" "Torpedo"nu (Kutaisi, Gürcüstan) eyni – 3:0 hesabı ilə məğlub edib.

Komandalarımız bunadək yalnız bir dəfə həftə ərzində ən azı 3 oyun keçirib və hamısında qalib gəlib. 2013/2014 mövsümündə "İnter" "Mariehamn"ı (Finlandiya) 2:0, "Qarabağ" "Metallurq"u (Şimali Makedoniya) və "Xəzər Lənkəran" "Slima"nı (Malta) eyni – 1:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmaların üçü də UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutub və 2013-cü il iyulun 11-də keçirilib.

13 ildən sonra 3 qələbə əldə olunsa da, bu dəfə daha yaxşı top fərqi qeydə alınıb. 2013-cü ildə qol buraxmayan üç klubumuz 4 qol vurubsa, yenə qapısını toxunulmaz saxlayan təmsilçilərimiz ikiqat çox – 8 dəfə rəqib qapısına yol tapıb.