Fərdi jurnalist yazıları müsabiqənin qalibləri açıqlanıb Hadisə

Fərdi jurnalist yazıları müsabiqənin qalibləri açıqlanıb

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın 140 illik yubileyi münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunlarına və qaliblərin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini müqəddəs Ramazan bayramı və milli mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Ölkədə söz, fikir və mətbuat azadlıqlarının təminatı sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini deyən icraçı direktor Fondun təşkil etdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkib.
Vüqar Səfərli aprelin 27-dən iyulun 9-dək davam edən müsabiqəyə 64 kütləvi informasiya vasitəsindən 153 yazının təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini bildirib. İcraçı direktor Fondun Müşahidə Şurasının 15 iyul 2015-ci il tarixli iclasında ekspertlərin balları əsasında 111 nəfər jurnalistin qalib elan edildiyini diqqətə çatdırıb. Vüqar Səfərli müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu bildirib.
Fondun ekspertlərindən - BDU-nun professoru Cahangir Məmmədli, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov çıxışlarında müsabiqələrə təqdim edilmiş yazılar barədə fikir və rəylərini bildiriblər. Ekspertlər çıxışlarında ölkə jurnalistlərinə Fondun təşkil etdiyi müsabiqələrə daha yaradıcı yanaşmağı, tədqiqatlara və analitik mövzulara, eləcə də fərdi və orijinal yazı üslubuna üstünlük verməyi tövsiyə ediblər.Daha sonra KİV nümayəndələrinin müsabiqə ilə bağlı fikirləri dinlənilib.
Sonda müsabiqə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki. müsabiqənin qalibləri arasında "Xalq Cəbhəsi"nin müxbirləri Cavid Şahverdiyev və Əli Zülfüqarlı da var.