Türkdilli dövlətlərin ağsaqqalları Qəbələdə Hadisə

Türkdilli dövlətlərin ağsaqqalları Qəbələdə

Avqustun 6-da Qəbələ şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının IX zirvə toplantısı keçirilib.
Toplantı iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Ağsaqqallar Şuralarının sədrləri müxtəlif məsələləri müzakirə ediblər. Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov zirvə toplantısında iştirak edənləri salamlayaraq bildirib ki, türkdilli ölkələrin əməkdaşlığı istiqamətində atılan addımlar son illərdə daha intensiv xarakter almaqdadır, bu səpkidə müxtəlif təşəbbüslər reallaşmaqdadır. Qeyd olunub ki, artıq nəticəsini verən bu təşəbbüslər türkdilli dövlətlərin müxtəlif sahələr üzrə əməkdaşlığının yeni bir mərhələsinin başlaması ilə də xarakterizə olunur. Bu istiqamətdə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticələri və perspektivdə atılacaq addımların nədən ibarət olacağı türk dövlətlərinin birgə fəaliyyətinin koordinasiya olunmasında yaratdıqları müxtəlif təşkilatlar səviyyəsində də daim əsas müzakirə predmetləri sırasında yer alıb.
Zirvə toplantısında iştirak edən digər ölkələrin nümayəndələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri arasında iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacib olduğunu bildiriblər.
Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Zakiyev, Qazaxıstan ağsaqqallarının nümayəndəsi, senator Adil Ahmetov və Türkiyədən olan millət vəkili Mustafa İsen çıxış ediblər. Zirvə toplantısında Türk Akademiyası tərəfindən orta məktəblərin 8-ci sinif şagirdləri üçün hazırlanan "Ortaq türk tarixi" dərslik proqramı, Türk Akademiyası tərəfindən hazırlanan Türk Dövlətlərinin inteqrasiya konsepsiyası, "Ortaq coğrafiya" kitabının Türk Akademiyası tərəfindən hazırlanmasına dair müzakirələr aparılıb. Həmçinin, tədbirdə sentyabrın 11-də Qazaxıstanda keçiriləcək "İnformasiya və Media İşbirliyi" Türk Toplusunun 5-ci zirvə toplantısından əvvəl informasiya və media sahəsini əhatə edən nazirlərin görüşünün keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diasporlarının regional mərkəzlərinin ABŞ, Fransa və Almaniyada qurulması, birgə fəaliyyət göstərmələri və bir mərkəzdən idarə olunmaları istiqamətində fikir mübadiləsi aparan ağsaqqallar həmçinin Şuraya üzv ölkələrdə keçiriləcək prezident və parlament seçkilərində TürkPA-nın missiyası seçki prosesini izləməsi məsələlərini də müzakirə ediblər. Həmçinin, Zirvə Toplantısında "Qardaş limanlar"ın 2-ci toplantısının bu il ərzində Bakıda keçirilməsi, eləcə də Şuraya üzv ölkələr arasında alternativ enerji və informasiya, kommunikasiya texnologiyaları sahələrində nəzərdə tutulan yeni işbirliyi layihələri haqqında müzakirələr aparılıb. Zirvə Toplantısının sonunda nəzərdə tutulan tədbirlər çərçivəsində quruma üzv olan ölkələr arasında əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunub.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və sabitliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir.