Rəis müdiri necə borca saldı... Hadisə

Rəis müdiri necə borca saldı...

Bir neçə gün əvvəl Salyan Regional Qaz İdarəsinin rəisi vəzifəsindən çıxarılan Xəyyam Rzayevin işdən kənarlaşdırılmasının sensasion təfərrüatları bəlli olub.
Xəyyam Rzayev virtualaz. org saytına açıqlamasında son vaxtlar başına gətirilən qanunsuzluqlar haqda danışıb, işdən çıxarılmasının səbəblərinə aydınlıq gətirib: "Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədli Salyan Rayon Polis Şöbəsinin rəisi işləyərkən rayonun Şorsulu kəndində geniş ərazidə özü üçün böyük bir fermer təsərrüfatı qurdu. Rəis həmin vaxt orada 3 hektar sahədə istixana təşkil etmişdi. Fuad Məmmədli öz səlahiyyətlərindən sui-istifadə edərək mənə təzyiq edirdi ki, Ələt-Astara yolunun yaxınlığından keçən qaz magistralından həmin istixanaya ayrıca qaz xətti çəkim. Magistral qaz kəmərindən polis rəisinin istixanasına qədər 10 km məsafə var. Rəis mən bu uzunluqda xətti öz gücümlə çəkməyə məcbur edirdi. Mən rəisə bu məsələnin həllinin səlahiyyətimdə olmadığını, bunun podratçı təşkilatın işi olduğunu bildirirdim. Amma polis rəisi xətti çəkməkdə israr edirdi. Fuad Məmmədli inadından dönmürdü. Onun məndən fürsət tapıb qisas alacağından çəkindiyim və təzyiqlərə dözə bilmədiyim üçün bankdan külli miqdarda kredit götürməyə məcbur oldum. Həmin pulu podratçı təşkilata ödəyib rəisin istixanasına şəxsi vəsaitimlə qaz xəttini çəkdirdim".
Sabiq idarə rəisinin sözlərinə görə, başına gələnlər bununla da bitməyib: "Ötən il isə Fuad Məmmədli həmin ərazidə 5 hektar sahədə qaynı Vüqar Eminovun adına daha bir istixana tikdirdi. Həmin təsərrüfata da qaz xətti çəkilməli idi. Fuad Məmmədli onda artıq Salyanda polis rəisi deyildi. Qaz xətti isə çəkilməli idi. Bu tapşırıq mənə bu dəfə "Azəriqaz" ASC sədrinin satış və istismar üzrə müavini Qamət Məmmədov tərəfindən gəldi. Qamət Məmmədov yeni tikilən istixananın qazlaşdırılmasını təmin etməyimi tapşırdı. Məlumat üçün bildirim ki, Qamət Məmmədov Əmirov adına NQÇİ-nin rəisi işləyəndə Fuad Məmmədli də həmin rayonun polis bölməsinin rəisi işləyib. Elə o vaxtdan da dostluq münasibətləri yaranıb.
Qaz xəttini bu dəfə də onların təzyiqi altında çəkməyə məcbur oldum. Bu dəfə 5 hektarlıq istixanaya 2 km uzunluqda 159 mm-lik borularla qaz xətti çəkdirməli oldum. Qamət Məmmədovun qanunsuz göstərişi ilə 2014-cü ilin noyabr ayında həmin istixanaya layihədə nəzərdə tutulmadığı üçün heç bir sənədi olmayan qaz sayğacı quraşdırılıb. Özü də qoşulma mənbəyindən yeri dəyişdirilməklə.
Xətti çəkən podratçı təşkilata isə yenə də bankdan kredit götürərək pul ödədim. Çünki Fuad Məmmədlinin adamları mənə söz vermişdilər. Demişdilər çəkdiyin hər iki xəttin pulunu ödəyəcəyik ki, bank kreditini qaytarasan. Bütün bunlar azmış kimi hazırda Fuad Məmmədliyə məxsus istixanaların işlətdiyi qaza görə 50 min manatadək qaz pulu borcu yığılıb. Lakin onlar bu pulu da ödəməkdən imtina edirdi. Bu səbəbdən də həmin istixanalara verilən qazı dəfələrlə dayandırmalı olmuşam. Bu isə onun hiddətinə səbəb olub və məndən qisas almaq qərarına gəlib".
Xəyyam Rzayev polis rəisinin daha bir qanunsuz əməlindən söz açır. Deyir ki, Fuad Məmmədli Salyanın polis rəisi işləyərkən polis şöbəsinin yeməkxanasını da qaynı Vüqar Eminovun adına özəlləşdirib: "Məndən də tələb edirdi ki, həmin obyektə öz hesabıma qaz xətti çəkim. Mən isə bundan imtina edərək podratçı təşkilata müraciət etmək lazım olduğunu bildirmişəm.
Tələb olunan qanunsuzluqlara qol qoymamağım, fermer təsərrüfatının işlətdiyi qazın pulunu tələb etməyim və qaz çəkilişinə görə bankdan götürdüyüm kredit borcunu ödəməyini tələb etməyim isə mənə baha başa gəldi. Belə ki, Fuad Məmmədli öz nüfuz dairəsindən istifadə edərək mənə dediyini etdi. "Azəriqaz"ın satış və istismar üzrə müavini Qamət Məmmədovun təkidi ilə işdən çıxmağımla bağlı ərizə yazmalı oldum".
Sabiq idarə rəisi bildirir ki, o, 2011-ci ildə Salyan Qaz İstismarı İdarəsinə rəis təyin olunanda itki 65 faiz idisə, bu gün 10 faizə düşüb:"Hazırda idarə 7 rayona xidmət edən regional quruma çevrilib, ortalama itki iyul ayı üçün 3,6 faiz olub, yığım isə 100 faizdən yuxarıdır. Belə olan halda mən hansı qüsuruma görə işdən çıxmalıyam? Cavabı isə odur ki, mən Fuad Məmmədli ilə Qamət Məmmədovun qurduğu oyunun qurbanına çevrilmişəm. Mətbuat vasitəsilə Fuad Məmmədlidən xahiş edirəm, onun istixanalarına çəkdiyim 12 km-lik qaz xəttinə görə podratçı təşkilata bankdan kredit götürərək ödədiyim pulu qaytarsın, çünki mən 2 azyaşlı uşaq atası olaraq həm də işsizəm... Onu da qeyd edim ki, işlədiyim müddətdə "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyevin həmişə dəstəyini və köməkliyini hiss etmişəm, onun mənə göstərdiyi etimadı unutmaram. Amma kimlərsə öz şəxsi maraqları naminə məni nüfuzdan salmağa nail oldular..."