Muxtar respublikada əhalinin sayı artıb Hadisə

Muxtar respublikada əhalinin sayı artıb

Naxçıvan Muxtar Respublikasında əhalinin həyat və məişət şəraitinin yaxşılaşması, cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması demoqrafik proseslərə müsbət təsir göstərir. Muxtar respublikada 2015-ci il iyulun 1-nə olan məlumata görə, əhalinin sayı bir il öncəyə nisbətdə 4 min 193 nəfər artaraq, 441 min 731 nəfər təşkil edib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin 29,1 faizi şəhər, 70,9 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 80 nəfər olub ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 19 nəfər çoxdur. Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların say göstəricisini aşağı salıb. Əgər 1995-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfəri hesabı ilə 6 nəfər olubsa, hazırda bu göstərici 4,5 nəfər təşkil edir.
Doğumun dinamik artımı muxtar respublika əhalisinin sayında gənclərin ümumi sayının artmasına müsbət şərait yaradıb. Əgər 1995-ci ildə gənclərin sayı ümumi əhalinin 22 faizini təşkil edirdisə, 1 iyul 2015-ci il tarixə bu göstərici 30,8 faizə çatıb. 1995-ci illə müqayisədə gənclərin sayı 61,7 min nəfər artaraq 136 min nəfəri ötüb. Reallaşdırılan səmərəli demoqrafik və sosial-iqtisadi siyasətin uğurlu nəticəsidir ki, 2014-cü ildə doğulan körpələrdə gözlənilən ömür uzunluğu 1995-ci ildəki müvafiq göstəricidən 7 yaş artaraq 76 yaşa çatıb. Muxtar respublikada əhalinin, xüsusilə ana və uşaqların, əmək qabiliyyətli yaşda olanların ölüm səviyyəsinin ardıcıl surətdə azaldılması yolu ilə ömür müddətinin uzadılmasına, əhalinin bütün qrupları üçün sağlam həyat tərzinin təmin edilməsinə, ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsinə nail olunub.