Qərib məzarlar Hadisə

Qərib məzarlar

Rəfaya ananın dilindən:
Mən aşiqəm vay dərdim,
Haray dərdim, hay dərdim.
Hamı əkdi gül dərdi,
Mən də əkdim vay dərdim.

Çox sadə bir ömür yaşamışdı qısa ömrüylə. Ancaq bu ömür örnək olası ömürdür çoxları üçün. Ömür də qatar kimidir, onun yaşadığı tale, həyat qatarının yerişinə, dayanacağına, sürətinə, ləngərinə bənzəyir. Kimi yarımayıb yarı yolda düşür, kiminəsə axırıncı dayanacağa qədər getmək qismət olur. Kimi də bəxtinə yazılan taleyini yaşaya bilməyib kənardan baxır... Bizim İlkin də belələrindəndir.
İnsan balasını itirəndə dünya onun gözündə heçləşir, həyat çox qiymətsiz olur. Ana kimi müqəddəs varlığa belə bala kədərini unutdura bilmir. Ondan sonra bütün itkilərə adi hal kimi baxırsan. Tanrı dağdan ağır olan övlad dağını Rəfayə xanıma yük etsə də, ağlını başından almadı. Bu gün övladının ölümündən necə vaxt keçsə də belə, içində "bəlkələr" hələ də boğulub qalır. Dumanlı nidaya, suala, üç nöqtəyə çevrilir... Axı deyirlər bəlkələr olmasa, insanlar özlərinə təskinlik verə bilməz...
Bütün uşaqlar kimi o da uşaqlıq illərinin şən və xoşbəxt anlarını yaşamışdı. Əgər müharibə olmasaydı, o da elində, obasında qalıb daha xoşbəxt olardı. Namərd düşmən Qarabağı işğal etmiş, ətraf rayonlar da işğala məruz qalmışdı. Neçə vaxt vardı Zəngilan blokada şəraitində yaşayırdı. 1993-cü ilin oktyabr ayının son günlərində erməni quldurları, rus hərbi birləşmələri ilə birlikdə hücuma keçdilər. Planlarında ikinci Xocalı faciəsini törətmək idi. Ətraf bölgələr erməni qoşunlarının nəzarətində olduğundan zəngilanlıların bu soyuq payız günündə bircə ümid yeri qalmışdı: Arazı adlayıb İrana (Güney Azərbaycana) pənah aparmaq. Elə də oldu. İlkingilin ailəsi də Arazı adladılar. Süceyli kəndində olan tanışları Nadirin ailəsinə sığındılar. Bir neçə gün orda qaldıqdan sonra İmişli istiqamətindən adlayıb Vətənə döndülər.
Uşaq yaddaşında ilişib qalmış o fəlakətli günlər ömrünün sonuna kimi onu tərk etmədi. Bəli, İlkin elindən-obasından didərgin düşəndə məktəbli idi, beşinci sinifdə oxuyurdu. Hamı kimi onlar da el-obalarından didərgin düşüb məcburi köçkünə çevrilirlər. Qismətləri vaqon, qamış evciklər olur. Sonra da Sabirabad rayonunun Ulacalı kəndindəki uşaq bağçasında məskunlaşırlar. Əzab-əziyyətli illər idi. Burada İlkin təhsilini davam etdirib orta məktəbi bitirir, hərbi xidmətə yollanır. Hərbi xidmətini Biləcəri qəsəbəsində keçirir. Hərbi xidmətdən sonra iş üçün Bakıya gəlir. Bakıda inşaat meydançalrında işə düzəlir. Qısa bir vaxtda bir neçə peşənin sirrlərinə yiyələnir. Zəhmətkeşliyi, bacarığı həmişə ona üzağlığı gətirib. Halal qazancı ilə boya-başa çatıb desəm yanılmaram. Özünə ev tikib, ailə qurmuşdu. Çox təəssüf ki əcəl vaxtsız gəldi. Amansız qəza faciəli sonluqla bitdi. 2013-cü ilin 24 oktyabr tarixində vəfat etdi. Doğum gününə 19 gün qalırdı... Biləcəri qəsəbəsinin təzə məzarlığında dəfn olundu. Bu məzarlıqda ən çox qaçqın-köçkün soydaşlarımız uyuyur.
Bəli, qərib məzarlar qazılır Azərbaycan adlı məmləkətimizin hər yanında. Onlar inanırdılar yurda-yuvaya qayıdacaqlar. Amma məzarlara gömüldülər. Sənin dərdinə dəva olan dərman tapılmadı. Həkimlər əlacsız qaldılar. Respublikanın tanınmış həkimləri gəlib halına bələd olduqdan sonra başlarını bulayıb getdilər. Hətta xarici ölkədən də həkim dəvət olundu. Düz altı gün süni nəfəslə ürəyini yaşatdılar. Həmin günlər kəndçilərin, qohum-əqrəba, dost-tanış Bakı şəhər 3 saylı klinik xəstəxananın (Sabunçu xəstəxanası) həyətində keşik çəkdilər. Xəstəxananın üçüncü mərtəbəsindəki reanimasiya şöbəsində vaxtaşırı sənə baş çəkən yaxınların neçə-neçə ümidverici sözlərlə geri dönsələr də, sonda...
Həmin gecə kürəyimi döyən yağışın soyuğu neçə gün canımdan çıxmadı, İlkinim mənim, amma mən sənə kürəyimin yox, ürəyimin halını nişan vermək istəyirdim. 10 dekabr tarixində ürəyim sözə baxmadı, infarktı mənə hədiyyə etdi. On gündən çox xəstxanada yarımcan qalmışdım.
Yoldaşlığa, dostluğa sədaqət, etibar vardı onda. Sanki insanlara sevgi paylamaq üçün doğulmuşdu. Onunla bir dəfə ünsiyyətdə olan, söhbət edən kəs ömrü boyu ona bağlanırdı. Ona görə özünü bu qədər sevdirdi, sevildi ki, boşluğunu həmişə hiss edib, yoxluğuna yanaq onun. Amma mən yenə də bölüşə bilmədim bu ağrını, ürəyimdən çıxara bilmədim. Zakir Fəxrinin bir şeiri yadıma düşdü:

Sübhədək gözümə yuxu getmədi,
Gəldim məzarına obaşdan, oğlum.
Girmisən bir mərmər daşın içinə,
Çıx, bircə anlıqsa o daşdan, oğlum.

Qəhər məni boğdu, arxasını deyə bilmədim... Zakir Fəxri cavan oğlunu avtomobil qəzasında itirib. Danışır ki: "Qəbristanlığa obaşdan getmişdim. Oğluma söz vermişdim ki, 21 yaşında səni evləndirəcəm, qol-boyun bir saz havasına oynayacam sənnən... Maşını qəbrin düz yanında saxladım, bir kimsə yox idi ətrafda. Maqnitofonu yandırıb rəhmətlik Aşıq Xanların "Baş sarıtelli"ni qoydum. Bu ağır havanı qol götürüb oğlumun başdaşıyla oynadım..."
Bir söz tapa bilmədim dalısın fikirləşəm. Atan Xəlil kənarda durub qüssəyə dalmışdı. Hüznlü baxışları içindəki çəkdiklərin halıydı. Çətindi, çox çətindi. Məsləhət etməyə, dərd bölməyə çox az, adda-budda adam qalıb. Adam olub yaşamaq çox çətindi. Səni anlayan, səni duyan olmayanda yalqızlıq yalquzaqlığa çevrilir. Minlərin, milyonların içində gəzib dolaşsan da, özünü təklikdə, qürbətdə, qəriblikdə hiss edirsən. Vətən öz insanları ilə Vətəndir. İnsan onda Vətənsiz olur, onda ölür ki, səsi eşidilməz olur. Atan Xəlil bax sənsizlikdən o gündədir.
Uşaqlarından sənin ölümünü gizlədirdilər. Hətta ağlaşma olan yerə yaxın qoymurdular. Rəfayə, Xəlil o yas günlərində nəvələrinin yanında qalırdılar. Hərdən də xısın-xısın ağlayırdılar. Bir gün İlkinin qızı Sevinc babasının, nənəsinin ağladığını görüb demişdi:
- Nənə, baba, niyə ağlayırsınız?
Uşağın qəfildən verdiyi suala çaşqınlıqla bir-birinə baxan Xəlil, Rəfayə nəvələrini yalanla aldatmaq üçün Xəlil dedi:
- Dişimiz ağrıyır.
- Çox dişiniz ağrıyır, həkimə gedin də...
- Gedəcəyik bala, atan gəlsin, bizi aparsın həkimə.
Hər axşam uşaqların sənin qapıdan içəri girəcəyini gözləyirlər. Gözləri qapıya dikəlib qalır. Sənsə gəlmirsən. Sonda qızın Sevinc deyir ki, atam göylərə uçub getdi. Biz yekələndə qayıdıb gələcək. Onda da qocalacaq, saçları ağappaq olacaq...

Ağlayan başdan ağlar,
Kirpikdən, qaşdan ağlar.
Qardaşı ölən bacı,
Durar obaşdan ağlar.

Xatirələr sorağında rəhmətlik Ehtiram yadıma düşdü. İlkinin dayısı Ehtiramda 19 illik qısa bir ömür yaşadı. "Böyük Vətən" adlandırdığımız SSRİ-də hərbi xidmətdə olan azərbaycanlı övladları erməni vəhşiliyini demək olar, bütün acısıyla yaşadılar. Belə ki, 1988-ci ildən başlayaraq respublikamıza gələn əsgər tabutlarının sayı onlarca, yüzlərcə oldu. Əsl səbəb hərbiçilər tərəfindən gizli saxlanan belə ölüm hadisələrinə "suda boğulub", "elektirik vurub", "qəzaya düşüb" və s. neçə-neçə aldadıcı xəbərlər olurdu. Belə hadisələrdən biri haqqında söhbət açmaq istəyirəm.
1988-ci il iyul ayının son günlərində Zəngilan rayonunun Havalı kənd sakini Zalıyev Hüseyin ailəsinə qara xəbərli teleqram gəldi. Teleqramı göndərən hərbi hissə komandiri yazırdı ki, oğlunuz Ehtiram Zalıyev göldə çimərkən boğulub".
Bu teleqramdan təxminən on gün əvvəl Ehtiram Zalıyev atasına ünvanladığı məktubda yazırdı: "Hissəmizdə tez-tez ermənilərlə dava olur. Mənə burada "millətçi" deyirlər. Leytenant B.Ohenisyan məni hədələyir. O, sizə şikayət məktubu yazsa, inanmayın".
Oğlunun ölüm xəbərini alan və əvvəlcədən bu hadisə haqqında məlumatı olan ata SSRİ müdafiə nazirinə belə bir məzmunda teleqram göndərdi: "Oğlum suda boğulmayıb. Onun ölümündə leytenant B.Oheniyasan günahkardır. Bu haqda oğlumuz bizə məktub yazıb, xahiş edirəm ki, oğlumun ölümünü düzgün araşdırıb cinayətkarı məsuliyyətə cəlb edəsiniz. Mən məhkəmədə iştirak etməyə hazıram". Qısa bir vaxtda Kiyev hərbi korpusunun prokrorluğunun cavab məktubu gəldi. Baş verən ölüm hadisəsi əvvəlki kimi izah olunmurdu.
El-oba yasa batdı. Ehtiram Zalıyevin dəfnində minlərlə zəngilanlı iştirak etdi. Müəllimləri, kənd ağsaqqalları, həmyaşıdları dəfndə iştirak edib onun ağıllı, istiqanlı, vətənpərvər oğul kimi tanıdıqlarını dedilər. Dəfndə iştirak edən hərbi hissənin zabit və üç əsgəri matəmi tez-tələsik başa çatdırmaq istəyirdilər. Hətta bunun üçün Zəngilan rayon milis şöbəsindən nümayəndə də çağrılmışdı. 19 yaşlı Ehtiram Zalıyevin ölümü bir sirr kimi özü ilə torpağa tapşırıldı. O, Kiyev hərbi dairəsinin Slavutiç şəhərində 10 ay xidmət etdi. Mərd və qorxmaz idi. Əyrini əyri, düzü düz deməyi xoşlayırdı. Oğlunun dəmir tabutundan öpən Hüseyn dayıya bu dərd iki dəfə infarkt gətirdi.
Bu illər ərzində "Qarabağ kartı" yurdumuza çox bəlalar gətirdi. Torpaq uğrunda on minlərlə vətən oğlu şəhid oldu. Neçə illər keçəndən sonra Ehtiram Zalıyevlə hərbi xidmətdə olan qonşu kəndlisi dedi ki, həqiqətən E.Zalıyev onlarla birlikdə çimən zaman 3 erməni əsgərinin arasında batırılıbmış. İki metr dərinliyi, 75 metr eni olan göldə meyit 50 dəqiqə qalmışdı. Şəhidmi deyək, erməni vəhşiliyinin qurbanımı deyək?! O vaxtlar bu vəhşiliyi, qəddarlığı açıqlamaq olmurdu. Bu gün necə? Həqiqət haqq-sayını almalıdır. Yüz ildən artıq davam edən erməni vəhşiliyinin gizli üzünün yeni səhifəsidir bu qəddarlıq. 1988-1990-ci illərdə keçmiş SSRİ ərazisində hərbi xidmət keçib tabutları gələn azərbaycanlıların qatillərinin erməni zabit və əsgərlərinin adı ilə bağlamağa haqqımız çatır. Məlumatlar toplanıb erməni qəddarlığının yeni səhifəsi yazılmalı və beynəlxalq təşkilatlara göndərilməlidir...
Sən də yarımçıq bir ömür payı yaşadın, İlkin. İki övlad yadigar qoyub getdin. Deməli, ömrünün davamı balalarında yaşayacaq.

Ayaz İmranoğlu