DSMF-yə 250 vəzifə vakant elan olundu Hadisə

DSMF-yə 250 vəzifə vakant elan olundu

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2014-cü il 1 aprel tarixdən 18 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 442 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.
Komissiyadan bildirilib ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 414-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 28-i isə məhkəmə orqanlarının aparatındadır.
"Dövlət qulluğu haqqında" Qanunun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
Məlumatda bildirilir ki, mərkəzi icra hakimiyyəti orqanlarından - təkcə Dövlət Sosial Müdafiə Fondu üzrə 250 vakant vəzifə və Dövlət Statistika Komitəsi üzrə 68 vakant vəzifə müsabiqəyə çıxarılıb.
Qeyd edilən 2 dövlət orqanındakı vakant vəzifələr (318 vəzifə) ümumilikdə müsabiqəyə çıxarılan vakant vəzifələrin 71,95%-ni təşkil edir.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyində 24 vəzifə üzrə 26 yer, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 7 vəzifə üzrə 7 yer, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 17 vəzifə üzrə 18 yer, Dövlət Sosial Müdafiə Fondunda 210 vəzifə üzrə 250 yer, Dövlət Dəniz Administrasiyasında 22 vəzifə üzrə 22 yer, Satınalmalar üzrə Dövlət Agentliyində 2 vəzifə üzrə 2 yer, Milli Televiziya və Radio Şurasında 4 vəzifə üzrə 4 yer, Milli Arxiv İdarəsində 3 vəzifə üzrə 3 yer, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində 8 vəzifə üzrə 8 yer, Azərbaycan prezidenti yanında Ali Attestasiya Komissiyasında 3 vəzifə üzrə 3 yer, Şirvan Apellyasiya Məhkəməsində 4 vəzifə üzrə 10 yer, Şəki Apellyasiya Məhkəməsində 7 vəzifə üzrə 10 yer, Şəki İnzibati-İqtisadi Məhkəməsində 1 vəzifə üzrə 3 yer, Şabran Rayon Məhkəməsində 1 vəzifə üzrə 1 yer, Hacıqabul Rayon Məhkəməsində 3 vəzifə üzrə 3 yer, Şamaxı Rayon Məhkəməsində 1 vəzifə üzrə 1 yer nəzərdə tutulur.
Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı aprelin 1-dən 30-dək, saat 18:00-a kimi DQMK-ya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər.
Müraciət forması Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə, şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.