Statistika Gününə həsr olunmuş müsabiqəsinin nəticələri açıqlanıb Hadisə

Statistika Gününə həsr olunmuş müsabiqəsinin nəticələri açıqlanıb

Oktyabrın 19-da Dövlət Statistika Komitəsində 20 oktyabr - Ümümdünya Statistika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Dövlət Statistika Komitəsinin birgə elan etdikləri "Daha təkmil statistika - daha yaxşı həyat" mövzusunda müsabiqənin yekun nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbirdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Fondun icraçı direktoru Vüqar Səfərli, komitənin məsul şəxsləri, ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov tədbiri giriş sözü ilə açaraq BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə 20 oktyabr tarixinin Ümumdünya Statistika Günü elan edilməsini mühüm hadisə kimi dəyərləndirib. Komitə sədri Azərbaycanın "Ümumdünya Statistika Günü"nün qeyd olunmasına xüsusi önəm verdiyini və BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə həmmüəllif kimi qoşulduğunu diqqətə çatdırıb. O, sözügedən qətnamənin və BMT Baş Katibi Pan Gi Munun dünya ölkələrinin başçılarına, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətinin nəzərə alınaraq Ümumdünya Statistika Günü ilə bağlı respublikamızda da silsilə tədbirlərin həyata keçirildiyini vurğulayıb. T.Budaqov ölkə başçısının 17 oktyabr 2015-ci il tarixli sərəncamları ilə ölkə statistikasının inkişafında xidmətlərinə görə bir qrup komitə əməkdaşının fəxri adlara layiq görülmələrini bu sahəyə yüksək diqqət və qayğının əyani təzahürü kimi dəyərləndirib.
Tahir Budaqov 30 sentyabr 2015-ci il tarixdə Komitədə təsdiq edilmiş Tədbirlər Planına əsasən bir sıra mühüm tədbirlərin reallaşdırıldığını, habelə "Statistika Xəbərləri" adlı elmi-praktiki jurnalın təsis edildiyini diqqətə çatdırıb. Bildirib ki, Ümumdünya Statistika Günü ərəfəsində həyata keçirilmiş mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə "Daha təkmil statistika - daha təkmil həyat" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin elan edilməsi olub.
Komitə sədri daha sonra tədbir iştirakçılarını Dövlət Statistika Komitəsinin fəaliyyətindən bəhs edən filmə baxmağa dəvət edib. Hesabat xarakterli filmdə Azərbaycan statistikasının keçdiyi tarixi inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısından, statistika sahəsində qəbul edilmiş dövlət proqramlarından, fərman və sərəncamlardan, habelə əldə olunan uğurlardan ətraflı bəhs olunub.
Komitənin "Məlumatların yayılması" şöbəsinin müdiri Rafael Süleymanov 2015-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatının müxtəlif sahələrində əldə edilmiş nailiyyətləri əks etdirən geniş məruzə ilə çıxış edib. Sonra media nümayəndələrini maraqlandıran suallar komitənin məsul vəzifəli şəxsləri tərəfindən cavablandırılıb.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov statistika sahəsində həyata keçirilən islahatların, habelə əldə olunmuş uğurların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu da yüksək dəyərləndirib. Fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini bu baxımdan xüsusilə qeyd edən Tahir Budaqov keçirilmiş müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında tədbir iştirakçılarını salamlayaraq Ümumdünya Statistika Günü münasibətilə komitənin rəhbərliyini və kollektivini, o cümlədən ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilmiş əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. İcraçı direktor bildirib ki, tədbirdə nümayiş olunan film qısa zaman ərzində statistika orqanlarının fəaliyyətində əsaslı dönüşün yarandığını və qurumda ciddi islahatların həyata keçirildiyini göstərir.
Çıxışını davam etdirən Vüqar Səfərli Fondun fəaliyyət göstərdiyi müddətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, jurnalistlərin peşəkarlığının və sosial rifahının yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması məqsədilə keçirdiyi çoxşaxəli tədbirlərdən söz açıb.
İcraçı direktor bildirib ki, Fondun sentyabrın 23-dən oktyabrın 14-dək Dövlət Statistika Komitəsi ilə birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin məqsədi 20 oktyabr Ümümdünya Statistika Günü ilə əlaqədar Azərbaycan statistikasının tarixi, bugünü və gələcək inkişaf perspektivləri, habelə sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq olub.
Vüqar Səfərli müsabiqəyə 23 kütləvi informasiya vasitəsindən 35 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Fondun icraçı direktoru müsabiqənin yekunlarına görə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfər jurnalistin mükafatlandırıldığını bildirib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Fondun icraçı direktoru qalibləri təbrik edərək media ilə sıx və məhsuldar əməkdaşlığına görə Dövlət Statistika Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib, belə müsabiqələrin gələcəkdə də təşkil olunacağına ümidvar olduğunu vurğulayıb.
Tədbirə yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qısa müddətdə fərdi jurnalist yazıları müsabiqəsini uğurla təşkil etmiş Fondun rəhbərliyinə minnətdarlığını bildirib. Komitə sədri rəhbərlik etdiyi qurumun media ilə qarşılıqlı faydalı əməkdaşlığının genişləndirilməsi üçün bundan sonra da bütün zəruri tədbirləri həyata keçirəcəyini bildirib.