Yoxlamalar 2 il müddətinə dayandırılır Hadisə

Yoxlamalar 2 il müddətinə dayandırılır

Azərbaycan Prezidentindən sahibkarlığın inkişafına mühüm dəstək

Azərbaycan Prezidenti İlham Əliyev qanunvericilik təşəbbüsü ilə çıxış edərək, Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib.
Qnun layihəsində qeyd olunub ki, bu il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dünən sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında fərman imzalayıb.
Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib.
Xüsusi razılıq (lisenziya) verilməsinin aşağıdakı qaydalara uyğun həyata keçirilməsi təmin ediləcək:
Sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən zəruri hesab edildikdə xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının rəyinin alınması;
Müəyyən edilmiş müddətdə aidiyyəti dövlət orqanı tərəfindən rəy bildirilmədikdə müsbət rəyin verilmiş hesab edilməsi;
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsi.
İqtisadiyyat və Sənaye Nazirliyi isə aşağıdakı məsələlərə dair təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etməlidir:
Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi;
Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının müəyyən edilməsi;
Bu fərmanın müddəaları nəzərə alınmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə təkmilləşdirilməsi.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən "Elektron lisenziya" portalının yaradılması istiqamətində işləri sürətləndirməlidir.
4. "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, №2, maddə 117, №7, maddə 486, №9, maddə 1044; 2015, №6, maddə 708, №8, maddə 917) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 5.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.18-ci bənd əlavə edilsin:
"5.18. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi.";
4.2. 6-cı hissədə "Nəqliyyat Nazirliyinə," sözlərindən sonra "İqtisadiyyat və Sənaye Nazirliyinə," sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilsin.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.