Mustafa Vəkilovun məktublarında yaşayan portret cizgiləri Hadisə

Mustafa Vəkilovun məktublarında yaşayan portret cizgiləri

"Mən böhtan ləkələrindən təmizlənmiş halda sizlərin yanına qayıdacağam"

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil almaq üçün xaricə göndərilən tələbələrin sırasında Parisin Sorbon Universitetində təhsil almış soydaşımız Mustafa Vəkilovun həbs düşərgəsindən anasına və həyat yoldaşına yazdığı məktubları sadəcə, həbsdə olan bir insanın şəxsi duyğuları deyil. Bu, Azərbaycanın ilk hüquq professoru M.Vəkilovun həm şəxsi duyğularını, həm ictimai mövqeyini və bütövlükdə portret cizgilərini əks etdirir. Təbii ki, bu məktubları professional psixoloqların dərindən təhlil etməsi M.Vəkilovun portret cizgilərinin bütün çalarlarını dolğun şəkildə canlandırmağa imkan verərdi. Ancaq məktublardan boylanan bir şəxsiyyəti xarakterizə edən qabarıq xüsusiyyətlər adi oxucunu belə cəlb edir. Onun xarakterik cizgilərini qısaca belə göstərmək olar: sevgisinə sadiq, ailəyə bağlı bir insan olmaqla yanaşı daim elmi düşüncə ilə yaşayan bir alim kimi özünü təsdiq edir. Eyni zamanda M.Vəkilovun düşüncəsindəki təbədülatlar da özünü aydın şəkildə göstərməkdədir.
Mustafa Vəkilov həbsə alındığı ilk günlərdə tezliklə azad olunacağına ümidlər bəsləyirmiş. İlk məktublarından birində yazırdı: "Bugünlərdə radio ilə Moskvadan Azərbaycan ədəbiyyatı ongünlüyü ilə bağlı verilən Azərbaycan musiqisindən ibarət konserti eşitdim. Bülbül "Koroğlu"dan ariyanı oxuyurdu. Yadıma düşdü ki, ayrı düşməyimizdən üç gün əvvəl səninlə birlikdə bu operada idik... Teatrdan evə həmin sərin, xoş gecədə piyada qayıtdıq... O vaxtdan bəri nə qədər sular axıb. Ancaq adama elə gəlir ki, bu, dünən olub. Birlikdə keçirdiyimiz həmin gecəni bütün xırdalıqları ilə açıq-aydın xatırlayıram. Və çox heyfsiləndim ki, yanımızda kənar adamlar olmadan birlikdə keçirdiyimiz belə axşamlar az olub. Görüşənədək. Darıxma. Yanında Çingiz və Nigar var, mənim ikinci tamamlanmış və düzəlişlər verilmiş kitabım var. Sənin Mustafan. 28/V.40-cı il".
Həbsinin 3-cü ilində həyat yoldaşına göndərdiyi məktubda isə yazır: "Sənin məktubunu aldığım gün həyatımın ən fərəhli günü idi. Təkcə anama məktub yazdığım, sənə isə heç nə yazmadığıma görə inciməyinə heyrətləndim. Səbəbi sadədir. Düşərgədən məktub alınmasına Bakıda nə cür münasibət göstəriləcəyini bilmədiyimdən sənə lüzumsuz zərər yetirməkdən çəkindim. Hərçənd deməliyəm ki, burada məhbuslar hətta döyüşən ordudan məktublar alırlar. İndi sənin məktubundan görürəm ki, Bakı da bu baxımdan istisna deyil, çünki sən hətta məktub yazmadığıma görə məndən inciyirsən.
Açığını deyim, sənə yaxşı bəlli olmalıdır ki, heç bir məhrumiyyət mənim mövcud vəziyyətə olan münasibətimi dəyişdirə bilməz. Xarakterim yamanca dəyişib. Sən məni qaynar, ekspansiv, həyata can atan, işdə və hər şeydə od-alov bir adam kimi tanıyırdın. İndi isə ləng, yerindən ağır qalxan adam olmuşam, hətta başım əvvəllər olduğu kimi yaxşı işləmir. 19/IV.42-ci il".
Məktubdan artıq ümidsizlik hiss edilməkdədir. Taleyin acı istehzasından Mustafa Vəkilov sürgün vaxtını bitirsə də azad olub vətənə dönə bilmir. Son məktubu ürək ağırısı olmadan oxumaq mümkün deyil: "Əzizim Müqəddənisə! Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağrılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm.
Mustafa. 15/11-43-cü il. Komi MSSR. Vojayel qəsəbəsi, Dəmiryol rayonu, poçt yeşiyi 243/18". Lakin təssüflər olsun ki, M.Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat etmişdi.
***
Əzizim Müqəddənisə!
Mən Bayıl etap həbsxanasındayam. Yola salınmazdan əvvəl görüşməyi yamanca istəyirəm. Ola bilsin ki, bizi tezliklə göndərsinlər. Əgər sənin vaxtın yoxdursa, qoy evdən kimsə görüşə gəlsin ki, uşaqlarımın və mənim üçün doğma və unudulmaz adamların taleləri barədə xəbər tuta bilim. Əgər qalıbsa, alt paltarlarımdan əlinizə keçəndən mənə göndərin. Əllərindən, gözlərindən öpürəm, mənim yazıq, yeganə sevdiyim, bəxtsiz dostum. Neçə ki, damarlarımdan qanım axır, sənin olan Mustafa Vəkilov. 15.05.39-cu il.
***
Əziz anam!
Mənə görə narahat olmayın. Mən sağ-salamatam. Hansı birinizsə görüşə gəlin. Alça lavaşı və sarımsaq, eləcə də Bayılda verdiyiniz kostyumun jiletini göndərin. Çox rica edirəm, şokolad plitkası kimi şeyləri bir də heç vaxt göndərməyin. Bütün doğmalarımı öpürəm. Fikrim həmişə sizlərin yanındadır. Çalışın uşaqlar məni az xatırlasınlar və kürlük etməsinlər. Hamınızı bərk-bərk qucaqlayır və ayrıca borclu bəxtsiz və əziz dostumun əllərindən öpürəm. Sizin hamınız üçün qalan, Mustafa. 27 iyun, 1939-cu il. Bakının 1 saylı Keşlə həbsxanası.
***
Əziz anam! Ayda bir açıqca yazmaq hüququmdan istifadə edirəm. Sağ-salamatam. Mən sarıdan nigaran qalmayın. Uşaqları yamanca görmək istəyirəm. Lakin qorxuram, birincisi, onların bu istidə buraya gəlmələri çətin olsun, sonrası da, bilmirəm onların məni burada görmələri necə olar? Bu məsələni obyektivcəsinə həll edə bilmirəm. Qoy Müqəddənisa özü yalnız uşaqların ruhi vəziyyəti üçün bunun nə dərəcədə məqsədyönlü olması baxımından həll etsin. 150 manatı aldım. Sağ olun. Həbsxanaya yemək gətirərkən yalnız zəruri şeylərlə: sarımsaq, soğan, alça lavaşı, kolbasa (ucuzundan), suxarı və sair ilə kifayətlənin. Bahalı şeylər və naharlar göndərməyin. 23.07.39-cu il.
***
Əziz anam! Mən artıq sənə yazmışam ki, 1939-cu il dekabrın əvvəlində Bakıdan yola salınmış bir məktub və bir poçt bağlaması almışam. Bundan sonra sizdən heç bir xəbər gəlmədi. Nə üçün yazmırsınız? Doğrudanmı indiyədək Moskvadan mənim işimə dair cavab gəlməyib? Mənim işim Moskvadan geriyə - Bakıya çatan kimi onun nəticəsinin necəliyindən-müsbət və ya mənfiliyindən asılı olmayaraq mənə yazın ki, bundan sonra nə etməyi, hara müraciət etməyi bilim. Ümidvaram ki, hamınız sağ və salamatsınız. Müqəddənisə rayona ezamiyyətindən qayıtdımı, yoxsa indiyədək onu əvəz edəsi həkim hələ göndərilməyib?
Bu məktubu öz ad günümdə yazıram, sizə isə ehtimal ki, hardasa fevralın 10-da, Müqəddənisənin ad günündə çatacaq. Onu təbrik edir və bərk-bərk öpürəm. Ümidvaram ki, bu, birlikdə keçirmədiyimiz sonuncu ildir. Moskvada mənim işimə baxılacağına və həqiqətin yerini alacağına ümidlər məni bir dəqiqə də olsun tərk etmir. 25 yanvar 1940-cı il.
P.S. Göndərdiyiniz pulu Voloqdadan geriyə tələb et, mənə gəlib çatmayıb. Bu pulları geri al və mənə göndərmə. Mustafa.
***
Əziz anam! Mən artıq yazmışam ki, bağlamanı aldım, buna görə hamınıza olduqca minnətdaram. 8 aprel tarixli məktubunuzda sadalanan şeylərlə müqayisədə 200 qram tənbəki çatışmırdı, lakin bunun əvəzində qənd və alça lavaşı vardı. Hələlik bizim təkrar istintaqa qaytarılmağımız barədə heç nə deyilmir. İşə təkrar baxılmaq üçün bizi geri göndərmələri barədə Bakıdan yola salınmalı olan tələbnamənin nə səbəbə ləngidiyini başa düşmürəm... Yusuf ağciyər vərəminə tutulub, aktiv prosesdir. Xəstəxanada yatır. Yaxşı baxırlar. Son günlər özünü bir qədər yaxşı hiss edir. Mustafa. 18.05.40-cı il.
Bizi görünür, bu tezliklə təkrar istintaqa qaytarmayacaqlar. Daha bir ərzaq bağlaması və tənbəki göndərin. Bağlamanın içinə göndərdiyiniz şeylərin siyahısını qoyun. Kirov vilayəti, Volositsı, poçt yeşiyi 231/1.
***
Əzizim Müqəddənisə! Bağışla, əzizim. Mənim vicdanım təmizdir və başıma gələnlər üçün, sizə dərd-kədər gətirdiyim üçün az da olsa təqsirim yoxdur. İndi mənim işimin gedişindən görünür ki, tezliklə hər şey birdəfəlik aydınlaşacaq və mən böhtan ləkələrindən təmizlənmiş halda sizlərin yanına qayıdacağam. Atamı və anamı, əmimi və bibilərimi bərk-bərk öpürəm. Bütün doğmalarıma və yaxınlarıma can sağlığı və səadət arzulayıram. Sənin Mustafan. 28/V.40-cı il.

Elbrus Məmmədov,
Araşdırmaçı