ADA Universitetində tədbir keçirilib Hadisə

ADA Universitetində tədbir keçirilib

Dünən ADA Universitetində Təhsil üzrə Menecment magistr proqramının açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, magistr proqramı ABŞ-ın Miçiqan Universitetinin professorları ilə birgə hazırlanıb: "Bu gün Azərbaycanda təhsili idarə menecerlərin hazırlanması çox vacib məsələdir. Biz də elə buna görə bu sahədəki boşluğu doldurmaq üçün proqram hazırlandı".
Təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, ADA Universitetində Təhsil üzrə Menecment magistr proqramının yaradılması çox mühüm hadisədir: "Təhsil Nazirliyi olaraq biz təhsili idarə edən menecerlərin hazırlanması istiqamətində proqramın təsis edilməsini alqışlayırıq".
Daha sonra qeyd olunub ki, 2016-2017-ci tədris ilindən başlayaraq təklif edilən yeni magistr ixtisası ADA Universitetinin Təhsilin İdarə edilməsi fakültəsi Təhsil Nazirliyinin dəstəyi və ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə əməkdaşlıqda qəbul elan edib.
Magistr proqramı 15 ay müddətində ingilis dilində tədris olunacaq. İşləyən tələbələrin cədvəlinə uyğunlaşmaq məqsədi ilə dərslər axşamlar, həftəsonu və onlayn tədris ediləcək. Müəllim heyəti yerli və xarici professorlardan ibarət olacaq. Tələbələr Təhsil üzrə Menecment magistr proqramı çərçivəsində orta və ya ali təhsil istiqaməti üzrə ixtisaslaşmanı seçə bilərlər.
İngilis dili səviyyəsi magistr təhsili üçün məqbul olmayan tələbələrə əlavə dil hazırlığı dərsləri də təklif olunacaq. Təhsil müddətində tələbələr bir sıra praktiki seminar və səfərlərdə iştirak edəcək, mübadilə proqramları vasitəsilə xarici təcrübəni öyrənmək imkanı əldə edəcəklər.