“Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu əhəmiyyətli dərəcədə artıb” İqtisadiyyat

“Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu əhəmiyyətli dərəcədə artıb”

“Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar münasibətlərin inkişafına yeni təkan verəcək. Bu səfər həm ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həm də regional və qlobal proseslər fonunda Azərbaycanın artan rolunun bir daha nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat vurğulayıb ki, son illər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol əhəmiyyətli dərəcədə artıb: “Qlobal enerji böhranı fonunda ölkəmiz Avropa üçün etibarlı enerji tərəfdaşlarından birinə çevrilib. Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın 12 ölkəsinə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edilir. Bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfərləri Azərbaycan-Avropa münasibətlərində yeni siyasi dinamikanın formalaşdığını göstərdi. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri də yalnız Azərbaycan Almaniya münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycan – Avropa əməkdaşlığının perspektivləri baxımından xüsusi əhəmiyyət kəsb edir”.

M.Cəfərovun fikirlərinə görə, Avropa İttifaqının aparıcı dövləti kimi Almaniya ilə sıx əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetləri sırasındadır: “İqtisadi əməkdaşlıq bu münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq amillərdəndir. Bir sözlə, Prezident İlham Əliyevin Almaniyaya səfəri təkcə Azərbaycan-Almaniya münasibətlərində deyil, bütövlükdə Azərbaycan-Avropa İttifaqı əlaqələrində yeni mərhələnin başlanğıcından xəbər verir”.

Röya İsrafilova