“Gənc Liderlər üçün Qış Universiteti - Kreativ başlanğıc” Hadisə

“Gənc Liderlər üçün Qış Universiteti - Kreativ başlanğıc”

Layihənin açılış mərasimi keçirilib
Qafqaz Point Hoteldə "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gənc Liderlər üçün Qış Universiteti - Kreativ başlanğıc" layihəsinin açılış mərasimi olub.
APA-nın məlumatına görə, mərasimdə çıxış edən "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, bu layihə təşkilatın gənclər tərəfindən çox sevilən və ənənəvi bir layihədir. "Gənc Liderlər üçün Yay və Qış Universitetləri layihələrinin aşkarlanması, müxtəlif sahələr üzrə onların bilik və bacarıqlarının artırılması, fəal vətəndaş kimi yetişmələri, eyni zamanda gənc liderlərdən ibarət şəbəkələrin formalaşmasını təmin edir. 2009-cu ildən başlayaraq indiyədək Qazax, Sabirabad rayonlarında "Gənc Liderlər üçün Yay Universiteti", Oğuz, Qəbələ və Gəncə şəhərlərində isə "Gənc Liderlər üçün Qış Universiteti" layihələri keçirilib. Ümumilikdə, layihə Azərbaycanın ən fəal və potensiallı 600 nəfər gəncini bir araya gətirib".
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bu ilki qış universitetinin də əvvəlki illərdəki kimi daha da maraqlı keçəcəyini və gənclərin layihədən böyük nəticələr alacağını deyib. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev layihənin gənclər arasında böyük uğur qazandığını deyərək, fond adından hər zaman bu cür layihələri dəstəklədiklərini deyib. F.Hacıyev, həmçinin, fonda təqdim edilən layihələr haqqında da danışıb. O bildirib ki, 1 il yarım ərzində fonda 1642 layihə təqdim edilib. "Onlardan 1021-i tərəfimizdən dəstəklənib. 277 təşkilat, 2100 isə fərdi gənc fondun qeydiyyatına alınıb".
Milli Məclisin deputatı Ceyhun Osmanlı deyib ki, hər bir gəncin ideyası dövlətçilik, vətənçiliklə bağlı olmalıdır. "Layihədə hər zaman iştirak edən gənclər potensiallı gənclər olub və bu layihədən sonra isə yüksək uğurlara nail olublar. Mən inanıram ki, bu ilki qış universitetinin də iştirakçıları heç də əvvəlki illərdə olan gənclərdən geri qalmayacaq".
Daha sonra komandaların kapitanları çıxış edib və hər bir komanda tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.
Qeyd edək ki, layihə 5-8 fevral tarixlərini əhatə edir. 100 gənc lider 4 gün ərzində gəncləri əhatə edən müxtəlif və gündəmdə olan mövzular üzrə ölkənin aparıcı ekspertləri ilə görüşəcək, fikir mübadiləsi aparacaq, yeni təşəbbüs, təkliflər üzərində çalışacaqlar.