Ombudsman Baş Prokurorluğa müraciət edib Hadisə

Ombudsman Baş Prokurorluğa müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın (Ombudsman) tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə NazirliyiPenitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə (CM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, daxil olmuş müraciətlərin, habelə bu müəssisədə məhkumlarla bağlı mətbuatda yayılmış məlumatların araşdırılması olub.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin cərimə təcridxanasının kameralarına və tibb-sanitar hissəsinə baxış keçirilmiş, burada saxlanılan məhkumlar qəbul olunub.
Başçəkmə çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsindən bu müəssisəyə etap olunmuş İbrahimov Nurani Fuad oğlunun ölüm faktı ilə bağlı sənədləşmə öyrənilib, habelə müəssisə rəhbərliyi fakt üzrə prokurorluqda cinayət işinin başlandığını, məhkəmə-tibb ekspertizasının təyin olunduğunu və lazımi sənədlərin istintaqa verildiyini bildirib.
Eyni zamanda bu müəssisəyə etap olunmuş digər beş məhkumla da bağlı məlumatlar yerində araşdırılıb, MPQ-nin həkim üzvünün iştirakı ilə bu şəxslər fərdi şəkildə qəbul olunmuş, bədənlərinə baxış keçirilib. Baxış zamanı onların üzərində xəsarət izləri müşahidə olunmayıb.
Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən həmin müəssisədə 30-dan çox məhkum fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, müraciətləri yerində araşdırılıb. Ümumilikdə isə qəbul olunmuş məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər.
Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.
Başçəkmənin yekununda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Başçəkmənin nəticəsi və N. İbrahimovun ölüm faktının nəzarətə götürülərək tam və hərtərəfli araşdırılması, habelə nəticəsi barədə məlumatların Ombudsmana göndərilməsi ilə bağlı Baş Prokurorluğa müraciət olunub.