Magistraturaya ixtisas seçimi başlayır Hadisə

Magistraturaya ixtisas seçimi başlayır

2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, ixtisaslaşma seçimi iyunun 9-dan 19-dək aparılacaq.
İxtisaslaşma seçiminə 2016-cı ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar. Bakalavrlar "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-yə qədər ixtisaslaşma kodunu göstərə bilərlər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır. Magistraturada dövlət hesabına təhsil almış magistrlər yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə olmaqla yalnız dövlət sifarişi əsasında aparılır. Müsabiqə şərtini ödəyən və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar 9-12 iyun tarixlərində elektron qeydiyyatdan, 13-14 iyun tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının magistraturasının ixtisaslaşmalarını yalnız həmin akademiyanın məzunları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər. Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır. Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. Ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq.