Tovuz yenə atəş altında Hadisə

Tovuz yenə atəş altında

Kəndin qaz xətləri, elektrik dirəklərindən bir neçəsi sıradan çıxıb, sankinlər qaz və işıqsız qalıb
Qənirə Paşayeva: "Ermənistan mülki insanları incitməkdən zövq almaq kimi insanlıqdan kənar əməllərdən əl çəkmək niyyətində deyil"

Srağagün və ötən gecə Tovuzun Əlibəyli kəndində güclü atışma gedib. Kənd erməni silahlı qüvvələri tərəfindən 6 saat gülləbaran edilib.
Kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə srağagün saat 15-16 radələrində ara-sıra atışma səsləri eşidilsə də, saat 18 radələrindən başlayaraq ermənilər kəndi iri çaplı silahlardan atəşə tuturlar.
Onun sözlərinə görə, nəticədə kəndin qaz xətləri, elektrik dirəklərindən bir neçəsi sıradan çıxıb. Kənd qaz və işıqsız qalıb. İcra nümayəndəsi bildirib ki, səhər saatlarından başlayaraq aidiyyəti qurumlar kənddə qaz və elektrik enerjisinin bərpa edilməsi istiqamətində təmir işləri aparırlar.
Valeh Rzayevin bildirdiyinə görə ermənilərin dünən kəndi davamlı olaraq atəşə tutması nəticəsində 100-ə yaxın evin damı zədələnib. Bəzi evlərin içərisinə hətta güllələr girərək yanğına səbəb olub.
V.Rzayev bildirib ki, hələ ki, xoşbəxtlikdən xəsarət alan olmasa da evlərin damları və həyətlər güllə baran edilib. İcra nümayəndəsi erməni silahlı qüvvələrinin monitorinq öncəsi təxribat yaratdıqlarını deyir.
Qeyd edək ki, dünən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, ümumiyyətlə cəbhənin müxtəlif istiqamətlərində ötən sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.
Erməni silahlı bölmələri srağagün və dünən gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutub.
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
Tovuz rayonundan millət vəkili seçilmiş Qənirə Paşayeva rayonun Əlibəyli kəndinin Ermənistan tərəfindən sürəkli atəşə tutulması ilə bağlı mətbuata açıqlama verib: "Ermənistan və onun silahlı qüvvələri yenə də özlərinin çirkin hərəkətlərindən əl çəkmirlər. Ermənistan aprelin 14-də yenə də atəşkəsi pozaraq Tovuzun Əlibəyli kəndi istiqamətində kəndi, kənd sakinlərini, onların evlərini, elektrik və qaz xətlərini atəşə tutub. Nəticəsində gərgin və çox narahat bir gün yaşanıb".
Lakin, millət vəkilinin sözlərinə görə, ön cəbhədə yaşayan insanlarımız qəhrəmandırlar və Ermənistanın bütün bu insanlıqdan kənar əməllərinə baxmayaq öz evlərinə və torpaqlarına böyük sevgi ilə sahib çıxır, bununla da düşmənə layiqli cavablarını verirlər.
Onun fikrincə, mülki insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq Ermənistanın və onun silahlı qüvvələrinin xislətidir: "Tovuz istiqamətində Silahlı Qüvvələrimiz hər zaman olduğu kimi mülkü insanlarımızın ciddi zərər almaması üçün düşmənə layiqli cavab veriblər. Amma çox təəssüf, görünən odur ki, Ermənistan mülki insanları incitməkdən zövq almaq kimi insanlıqdan kənar əməllərdən əl çəkmək niyyətində deyil".
Baş verənlərdə beynəlxalq təşkilatları da ittiham edən Milli Məclisin üzvü artıq onlardan hər hansı ciddi mövqe gözlənilmədiyini bildirib: "ATƏT, BMT və digər beynəlxalq təşkilatların bu məsələlərə laqeyd münasibətini Milli Məclisin son toplantısında ciddi tənqid etmişdim. Yenə də onlardan baş verən hadisələrlə bağlı hansısa ciddi mövqe gözləmirik. Təəssüf ki, insanlar onların ədalətli mövqeyinə inamını çoxdan itiriblər və onlar bu inamı ancaq işğalçıya təzyiq göstərməklə bərpa edə bilərlər".