20:18
714
İyulun 18-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Naxçıvan Hərbi Kollecində “Açıq qapı” günü keçirilib.
Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi adından abituriyentlərə gələcək təhsillərində uğurlar arzulanıb. Sonra tədbirdə xaricdə hərbi təhsil almaq istəyən yüksək nəticəli abituriyentlərə, onların valideynlərinə və media nümayəndələrinə qəbul qaydaları, seçim mərhələləri və kursantlar üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.
Xatırladılıb ki, qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş abituriyentlər MMU-nun beynəlxalq təhsil əməkdaşlığı proqramı çərçivəsində Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə ali hərbi təhsil almaq imkanına malikdirlər.
“Açıq qapı” günü çərçivəsində iştirakçılara MMU haqqında ətraflı brifinq təqdim edilib. Brifinq zamanı universitetin yaranma tarixi, tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri, təhsil proqramı, maddi-texniki bazası eləcə də hərbi təhsil sisteminin inkişafı istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırlıb, media nümayəndələrinə abituriyentlərdən müsahibələr almaq, eləcə də çəkilişlər aparmaq üçün şərait yaradılıb.


