Ünvanlı sosial yardımın təyin olunması prosesi Hadisə

Ünvanlı sosial yardımın təyin olunması prosesi

Ona məmur müdaxiləsi mümkün deyil

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 23 fevral tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardım proqramının avtomatlaşdırılmış infrastrukturunun yaradılması, cari il fevral ayının 15-dən Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) tətbiqinə başlanılması dövlət sosial yardımı sahəsində əhaliyə müasir və şəffaf xidmətlər sisteminin formalaşmasına imkan verib. Bunu AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
O vurğulayıb ki, VEMTAS ötən müddətdə gözlənilən səviyyədə özünü doğruldaraq, dövlət xidmətlərinin təşkilində elektron texnologiyaların tətbiqi yolu ilə məmur-vətəndaş təmaslarının tam aradan qaldırılması və vətəndaşların şəffaf xidmətlərlə təminatına nail olunması istiqamətində uğurlu islahat təcrübəsidir. Mükəmməl proqram təminatları üzərində qurulan bu sistem ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin edilməsi, müraciətlərə baxılması və yardım təyin olunub-olunmaması barədə qərar qəbulu, habelə həmin qərarlar barədə vətəndaşların məlumatlandırılması prosesinin tam avtomatlaşdırılmış şəraitdə, heç bir məmur müdaxiləsi mümkün olmadan, şəffaf şəkildə həyata keçirilməsini təmin edir: "Dövlət idarəetmə və xidmətlər sistemində aparılan hər bir islahatın əsas məqsədi ümumi fəaliyyətin səmərəli təşkili və funksional tələblərin daha təkmil formada icrası ilə bərabər, əhaliyə xidmətlərin müasir və şəffaf, vətəndaşlar üçün çevik və rahat şəkildə formalaşdırılmasıdır. VEMTAS bunun əyani bir nümunəsi kimi diqqəti cəlb edir. Azərbaycanın bu innovativ iş təcrübəsinə beynəlxalq səviyyədə də yüksək dəyər verilib və hazırda əmək və sosial müdafiə sahəsində digər avtomatlaşdırılmış sistemlər kimi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi də BMT-nin portalında qabaqcıl təcrübə nümunələri kimi təqdim olunur".
E.Babayev nəzərə çatdırıb ki, vətəndaşlar əvvəllər kağız üzərində rəsmi müraciət üçün ayrı-ayrı qurumlardan sənədlər toplamalı, sonradan həmin sənədləri müvafiq qurumların əməkdaşlarına təqdim etməli olurdularsa, VEMTAS-ın tətbiqi nəticəsində bu praktikaya artıq son qoyulub. Həmin şəxslər indi sadəcə olaraq "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" e-xidməti vasitəsilə "Ərizə-bəyannamə"ni dolduraraq sistemə daxil etməklə kifayətlənirlər. Elektron qaydada edilən e-müraciətlərə VEMTAS tərəfindən elektron qaydada baxılaraq qərar qəbulu prosesi elə ilk gündən başlayaraq normal qaydada davam etdirilir. Ötən müddətdə artıq 48 min 844 nəfər ailə üzvü olan 12 min 383 ailəyə VEMTAS tərəfindən, yəni avtomatlaşdırılmış rejimdə ünvanlı dövlət sosial yardımı təyin edilib. Ümumilikdə isə ölkəmizdə 532 min nəfərdən artıq ailə üzvünü əhatə edən 124 mindən çox ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir: "Ünvanlı dövlət sosial yardımı üçün elektron müraciət sisteminə keçilməsi, yardım almaq hüquqlarına da məhz elektron qaydada baxılaraq qərar verilməsi elə ilk gündən əhali tərəfindən rəğbətlə qarşılanıb. Bu gün nazirliyə və müxtəlif instansiyalara ünvanlanan çoxsaylı vətəndaş müraciətlərində də ünvanlı dövlət sosial yardımlarının avtomatlaşdırılmasından, həmin sistem vasitəsilə sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın təmin edilməsindən razılıqlarını ifadə edirlər. Çünki insanlar yaxşı dərk edirlər ki, bu sistemdə ünvanlı sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsi prosesinə məmur müdaxiləsi qeyri-mümkündür. Bununla belə, avtomatlaşdırılmış sistem tərəfindən ailələrinə sosial yardımın təyinatından imtina edilməsinə görə ayrı-ayrı şəxslərin nazirliyin qəbul otağına müraciət edənlər olur. Araşdırma zamanı aydın olub ki, həmin vətəndaşlar öz ailə tərkibləri və real gəlirləri barədə sistemə düzgün məlumat daxil etmədiyi üçün, həmçinin ailələrinin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan yuxarı olduğu üçün avtomatlaşdırılmış sistem tərəfindən onların ailələrinə sosial yardımın təyin edilməsindən imtina qərarı verilib. Belə şəxslərin şikayət müraciətlərinin bir sıra KİV-lər tərəfindən aksiya kimi təqdim edilməsi isə ucuz sensasiyaya, cəmiyyətdə dezinformasiya yaratmağa, sosial yardım sisteminin şəffaflaşdırılması sahəsində görülən işləri gözdən salmağa yönəlib".
Şöbə müdiri əlavə edib ki, nazirliyin rəsmi şəxsləri həmin vətəndaşlarla görüşərək, onlara müvafiq hüquqi izahatlar veriblər. Onların diqqətinə çatdırılıb ki, vətəndaşlar elektron şəkildə müraciət zamanı "Ərizə-bəyannamə"ni doldurarkən səhv, yanlış məlumatlar daxil etdikdə, bu, dərhal üzə çıxır. Çünki aidiyyəti qurumlarda onlar barədə olan rəsmi məlumatlar əldə edilərək yoxlanılır, uyğunsuzluq aşkar edilərsə, yardımın təyin olunmasından imtina qərarı verilir. Belə qərar verildiyi təqdirdə vətəndaşa bu barədə göndərilən elektron məlumatda da imtinanın səbəbləri göstərilir: "Ayrı-ayrı şəxslərin artıq iki aydır yardımlarını ala bilmədikləri də əsassızdır. Çünki Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli Sərəncamına əsasən, ünvanlı dövlət sosial yardımlarının təyinat müddəti bir ildən iki ilədək uzadılıb. Hazırda yardım alanlar da sərəncamın imzalandığı dövrdən, yəni ötən ilin martından sonra ikiillik müddətə yardım təyin olunan ailələrdir. Ona görə də cari il ərzində hansısa ailəyə ünvanlı yardımın verilməsinin dayandırılması barədə deyilənlər həqiqətdən uzaqdır. Onu da qeyd edək ki, ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrin minimum maddi tələbatlarının ödənilməsinə yönələn, lakin onların yoxsulluqdan çıxmasını şərtləndirməyən passiv xarakterli sosial müdafiə tədbiridir. Bu səbəbdən aztəminatlı ailələrin özünüməşğulluq imkanlarına yiyələnməklə yoxsulluq vəziyyətindən çıxmalarına şərait yaradılması üçün onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi diqqətdə saxlanılır.
E.Babayev bildirib ki, Azərbaycan Prezidentinin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 2016-cı il 7 aprel tarixli Sərəncamı ilə əhalinin özünüməşğulluğunun təmin olunması üçün 6 milyon vəsait ayrılıb. Ayrılmış vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması, əmək qabiliyyətli üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Hazırda Sərəncamın icrası istiqamətində məqsədyönlü işlər aparılır və görülən işlər ölkədə aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçid təmin ediləcək.