Çində viza və sərhəd vasitəçiliyinə böyük cərimələr tətbiq olunacaq Gündəm

Çində viza və sərhəd vasitəçiliyinə böyük cərimələr tətbiq olunacaq

Çindən gediş və gəliş üzrə yenilənmiş qaydalar sentyabrın 15-də qüvvəyə minib. Reqlament ölkənin suverenliyini və təhlükəsizliyini təmin etmək məqsədilə bir neçə yeni məhdudiyyət tətbiq edir.

Xalqcebhesi.az xəbər verir ki, ÇXR Dövlət Şurasının müvafiq fərmanı "Çinə gələn və ölkədən gedən şəxslərin qanuni hüquq və mənafelərinin qorunması, habelə milli suverenliyin, təhlükəsizliyin və inkişaf mənafelərinin təmin edilməsi" məqsədilə qəbul edilib. Sənədə əsasən, ÇXR hakimiyyəti müəyyən ölkə və regionlara səfər zamanı yaranan risklər barədə xəbərdarlıqlar dərc edəcək. Həm Çin vətəndaşları, həm də dövlət qurumları xaricə gediş sənədlərinə baxarkən bu xəbərdarlıqları rəhbər tutmalıdırlar. Xaricdəki vəziyyət orada baş verən hadisələr, o cümlədən ehtimal olunan silahlı münaqişələr, təbii fəlakətlər, texnogent qəzalar və yoluxucu xəstəliklərin alovlanması nəzərə alınmaqla qiymətləndiriləcək.

Ehtiyac yarandıqda miqrasiya qurumları Çin və digər dövlətlərin vətəndaşlarından səfərin məqsədinə dair əlavə sənədlər tələb edə biləcəklər. Yalan məlumatlar təqdim edildiyi təqdirdə hakimiyyət orqanları onların ölkədən çıxışına imtina edə bilər. Bundan əlavə, yeni fərmana əsasən, Çin vətəndaşları xaricdə hüquqpozuntu törədərlərsə, onların altı aydan üç ilədək müddətə ölkəni tərk etməsinə qadağa qoyula bilər.

Ayrı-ayrı müddəada o da qeyd olunur ki, Çin vətəndaşları mallar və texnologiyalar üzrə ixrac nəzarəti tədbirlərini pozduqda və ya "milli texnoloji təhlükəsizlik" üçün təhdid yaratdıqda onların xaricə gedişinə qadağa qoyula bilər.
Qaydalarda göstərilir ki, vizaların rəsmiləşdirilməsi və ya sərhədi keçmə zamanı yalan məlumatlar və ya saxta sənədlər təqdim edildiyi halda xarici vətəndaşların Çinə girişi bir ildən beş ilədək müddətə qadağan oluna bilər.

Bundan başqa, qaydalar giriş və çıxış sənədlərinin rəsmiləşdirilməsində qanunsuz vasitəçilik xidmətlərinin göstərilməsinə, xarici vətəndaşlar üçün saxta dəvətnamələrin hazırlanmasına, habelə müvafiq lisenziya olmadan bu cür qanunsuz fəaliyyətin təşkilinə görə 5 min yuandan 50 min yuana qədər (740 dollardan 7 500 dollara qədər) cərimələr nəzərdə tutur. Bu zaman xarici şirkətlər tərəfindən bu cür xidmətlərin göstərilməsi qadağandır.

Məryəm Quliyeva