“”Terrorsuz Türkiyə” hədəfinin reallaşması istiqamətində ciddi irəliləyiş əldə etmək mümkündür” Dünya

“”Terrorsuz Türkiyə” hədəfinin reallaşması istiqamətində ciddi irəliləyiş əldə etmək mümkündür”

““Terrorsuz Türkiyə” mövzusu Türkiyə üçün həm daxili siyasi sabitlik, həm də milli təhlükəsizlik baxımından olduqca mühüm məsələdir. Son günlər siyasi təmasların və qarşılıqlı görüşlərin intensivləşməsi prosesin əvvəlki mərhələlərdən fərqli olaraq daha fəal siyasi müstəviyə keçdiyini göstərir”.

Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, burada əsas məsələ yalnız terrorla mübarizənin hərbi və təhlükəsizlik aspekti deyil: “Uzunmüddətli nəticə əldə etmək üçün siyasi dialoq, hüquqi mexanizmlər və cəmiyyət daxilində qarşılıqlı etimad da mühüm rol oynayır. Əgər tərəflər arasında aparılan təmaslar konkret addımlarla davam etdirilərsə, bu, Türkiyənin daxili siyasi həyatında və təhlükəsizlik arxitekturasında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər”.

Deputat əlavə edib ki, eyni zamanda, prosesin kifayət qədər həssas olduğunu nəzərə almaq lazımdır: “Bu səbəbdən indidən yekun nəticələr barədə danışmaq tezdir. Məncə, əsas göstərici bundan sonra siyasi təmasların hansı konkret qərarlara və real addımlara çevriləcəyidir. Proses ardıcıl və qarşılıqlı etimad əsasında davam edərsə, “Terrorsuz Türkiyə” hədəfinin reallaşması istiqamətində ciddi irəliləyiş əldə etmək mümkündür”.

Röya İsrafilova