
“Azərbaycanda şəhid ailələrinin və Qarabağ müharibəsi qazilərinin hüquqlarının müdafiəsi, onların sosial-iqtisadi problemlərinin həlli ilə sistemli şəkildə məşğul olacaq yeni dövlət qurumunun yaradılmasına ehtiyac var”. Bunu Hərbi Yönümlü Təşkilatlar İttifaqının, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, bu qurum şəhid ailələri və qazilərlə bağlı mövcud sosial siyasətin daha çevik və effektiv həyata keçirilməsini təmin edə bilər.
“Onun əsas vəzifələrindən biri bu kateqoriyadan olan vətəndaşların üzləşdiyi problemləri operativ şəkildə müəyyənləşdirmək və həllinə nail olmaq olmalıdır.
Eyni zamanda, onların hüquqlarının müdafiəsi, sosial təminatının gücləndirilməsi və məşğulluq imkanlarının artırılması istiqamətində vahid siyasətin həyata keçirilməsi vacibdir. Belə bir nazirlik və ya xidmət müxtəlif dövlət qurumları arasında koordinasiyanı təmin etməklə müraciətlərin daha qısa müddətdə və nəticəyönümlü şəkildə həllinə şərait yarada bilər.
Xüsusilə Qarabağın işğaldan azad edilməsindən sonra şəhid ailələri və qazilərin qarşılaşdığı yeni sosial, məişət və iqtisadi məsələlərin kompleks şəkildə həlli daha da aktuallaşıb. Bu baxımdan, şəhid ailələri və qazilərə xidmət göstərən ayrıca, ixtisaslaşmış və güclü dövlət institutunun yaradılması dövlətin onlara göstərdiyi diqqət və qayğının daha səmərəli mexanizmə çevrilməsinə mühüm töhfə verə bilər”. Emin Həsənli hesab edir ki, gec-tez bu istiqamətdə dövlət qurumunun yaradılması gündəmə gələcək.
“Ya nazirlik, ya komitə, ya da xidmət formatında qurum olmalıdır. Necə ki Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi var və öz işini görür. İndi də “Böyük qayıdış”la məşğuldur. “Yaşat” fondu var. Bu qurumların hamısı öz işini layiqincə görür. Amma bu işlərlə sistemli və mərkəzləşmiş qaydada məşğul olan qurum yaransa daha faydalı olar. ABŞ-da “Vyetnam sindromu”ndan sonra məcbur olub Veteranlar Nazirliyi yaratdılar. Türkiyədə bununla bağlı 1984-cü ildə ayrıca qanun qəbul edilib. Türkiyədə 4 hərbi dərnək var, biri də yenicə yarandı. Bu qurumlar nazirlik statusundadır, dövlət qurumları ilə çox sıx və effektiv işləyirlər. Bu məsələdə Amerika, Türkiyə modeli var. Müharibə bitdisə, o həssas qruplarla iş davam etdirilməlidir”-deyə, Emin Həsənli vurğulayıb.
E.Həsənli bildirib ki, hərbi yönümlü təşkilatlar həssas təbəqələrin problemlərini daim diqqət mərkəzində saxlamalıdır: “Şəhid ailələri və qazilər ən həssas sosial qrupdur. Onlar ölkənin ikiqat vətəndaşlarıdır. Onların başda ali baş komandanımız olmaqla ölkənin ərazi bütövlüyünün bərpa olunmasında müstəsna xidmətləri var. “Ya şəhid ol, ya qazi” deyirik, amma bəzən bu ifadəni düzgün işlətmirik. Qazi deyəndə ancaq əlil olmuş şəxs nəzərdə tutulmur. Qazi həm sağlamlığını itirən, həm də sağlam olan qaliblər nəzərdə tutulur. Şəhid də, qazi də, sağlamlığını itirmiş müharibə veteranları da bizim üçün əzizdir. Dövlət daim onlara qayğı göstərir. Bizim missiyamız da odur ki, bu həssas qruplarla dövlət qurumları arasında koordinasiyanı təmin edək.
Onlarla hüquqi maarifləndirmə aparacaq, onların haqq və hüquqlarını qoruyaq. Problemlərini sistemləşdirib parlamentə, aidiyyatı dövlət qurumlarına çatdıraq. Bu istiqamətdə Azərbaycan dövləti xeyli işlər görüb. Onlar mənzillərlə, avtomobillərlə, ən yaxşı protezlərlə təmin olunub. Ancaq insan varsa, problem də var. Bu istiqamətdə davamlı və sistemli illər davam etdirilməlidir. Onların hüquqlarının müdafiəsi, sosial təminatının gücləndirilməsi və məşğulluq imkanlarının artırılması istiqamətində vahid və sistemli siyasətin həyata keçirilməsi vacibdir. Təklif olunan xidmət və ya agentlik bu sahədə əsas əlaqələndirici qurum kimi fəaliyyət göstərməli, şəhid ailələri, qazilər və müharibə veteranlarının qarşılaşdığı bütün problemlərin həlli üçün vahid müraciət ünvanına çevrilməlidir.
Yəni vətəndaş üzləşdiyi sosial, hüquqi, məişət və digər problemlərlə bağlı ayrı-ayrı dövlət qurumlarının qapısını döymək məcburiyyətində qalmamalıdır. Şəhid ailəsi, qazi və ya müharibə veteranı bütün məsələləri ilə bağlı məhz bu quruma müraciət etməli, qurum isə problemin həlli üçün aidiyyəti dövlət strukturları ilə əlaqə yaratmalı və prosesin sonadək icrasına nəzarət etməlidir. Belə mexanizm həm dövlət qurumları arasında koordinasiyanı gücləndirər, həm də vətəndaşın bir qurumdan digərinə yönləndirilməsinin qarşısını alar. Xüsusilə Qarabağın işğaldan azad edilməsindən sonra şəhid ailələri və qazilərin qarşılaşdığı yeni sosial, məişət və iqtisadi məsələlərin kompleks həlli belə vahid institusional mexanizmin yaradılmasını daha da aktuallaşdırır.
Əsas məqsəd isə şəhid ailəsinin, qazinin və müharibə veteranının problemini dinləyən deyil, onun həllinə qədər məsuliyyət daşıyan bir dövlət qurumunun formalaşdırılması olmalıdır”.
E.Həsənli deyib ki, gələcəkdə bütün türk dövlətləri üzrə hərbi yönümlü təşkilatların, şəhid və qazilərin bir federasiyasının yaradılması nəzərdə tutulur: “Onların birgə fəaliyyətinə ehtiyac var. Niyə biz Türkiyədə bu işləri rahat görə bilirik? Çünki orada hərbi yönümlü təşkilatların çox böyük nüfuzu var. Dövlət qurumları ilə də sıx əlaqələrə malikdirlər. Bu əlaqələr sayəsində də biz problemi ən əsas sinir mərkəzlərinə vaxtında çatdıra bilirik”.