“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu Siyasət

“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu

“Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin məlum reaksiyası əslində erməni cəmiyyətinin sülh prosesinə yanaşmasını bütün çılpaqlığı ilə ortaya qoyur”.
Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü Əli Zülfüqaroğlu deyib.
ƏHD funksioneri əlavə edib ki, Azərbaycan qələbədən sonra Ermənistana hərtərəfli təzyiq göstərmək imkanına sahib olduğu halda, sülh əlini uzatdı və bölgədə sabitliyin bərqərar olması üçün İrəvanla diplomatik əlaqələrin inkişafına çalışdı: “Eyni zamanda erməni cəmiyyətinin daha sağlam yanaşma sərgiləməsi üçün addımlar atdı.
Rusiya və Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına icazə verildi, həmçinin Azərbaycan yanacağı Ermənistana göndərildi. Bu, Ermənistanda taxıl və yanacağın qiymətinin enməsinə səbəb oldu. Halbuki qlobal neft qiymətlərində ciddi artım müşahidə olunurdu. Bununla erməni cəmiyyətinə o mesaj verildi ki, sülh əldə olunacağı təqdirdə erməni cəmiyyətinin sosial rifahı yüksələcək və daha rahat həyat şəraitinə sahib olacaq.
Müharibədə qalib gəlməsinə və daha üstün imkanlara sahib olmasına baxmayaraq, sülh üçün Azərbaycan daha çox təşəbbüs göstərir.
Amma buna rəğmən erməni cəmiyyəti ilə yanaşı hökumətin də sülh prosesi ilə bağlı manipulyativ cəhdlər etdiyinin şahidi oluruq.
Məsələn, hər kəsə bəllidir ki, Ermənistanda seçki şəffaf keçirilmədi, belə olduğu təqdirdə də hökumət daha çox faizlə özünü qalib elan edə bilərdi. Amma, hakim partiyanın topladığı səsin 50 faizə çatmaması hesab edirəm ki, hesablanmış addım idi.
Yəni İrəvan bununla Azərbaycanın Ermənistan qarşısında konstitusiyanın dəyişdirilməsi tələbinə qarşı “konstitusion çoxluq əldə edə bilməməsi arqumenti” yaratdı. Bununla da erməni revanşist qüvvələri ilə yanaşı, hökumətin də pozitiv açıqlamalara rəğmən pərdəarxasında fərqli siyasət yürütdüyü ortaya çıxdı.
Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün təzyiqlərini gücləndirməlidir.
İndiyə qədər Ermənistan hökuməti və cəmiyyətinə verilən mesajlar nəinki adekvat reaksiya ilə qarşılanır, əksinə, diplomatların Azərbaycanın öz suveren ərazilərinə səfəri belə aqressiya ilə üzləşir. Bu da işğalçı zehniyyətin dəyişmədiyini və bu düşüncə ilə də anlayacağı dildə danışmanın zəruriliyini ortaya qoyur. Ona görə də düşünürəm ki, Azərbaycanın tranzit imkanları Ermənistanın üzünə qapanmalı, yanacaq satılmamalı və sülh gündəliyi kontekstində yürüdülən ikitərəfli əlaqələrə yenidən baxılmalıdır. Tarixi faktlar göstərir ki, revanşist düşüncə ilə təzyiq dili və daha sərt yanaşma effektiv ola, nəticə əldə etməyə imkan verə bilər”.