Elektron vergi xidmətlərinin tətbiqi innovativ islahatların “açarı”dır Hadisə

Elektron vergi xidmətlərinin tətbiqi innovativ islahatların “açarı”dır

Yana Krimpe: "Vergilər Nazirliyi innovativ həllərin tətbiq olunması sahəsində dövlət orqanları arasında aparıcı mövqe tutur"

Bu gün hər bir sahədə olduğu kimi vergi sahəsində də islahatlar aparılır və bu istiqamətdə zəruri tədbirlər görülür. Ən mühüm addımlardan biri elektron vergi xidmətlərinin tətbiqi ilə bağlıdır. Elektron vergi xidməti şəffaflığa təminatdır. Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və bu sahədə mühüm tədbirlər görülüb. Vergi ödəyicilərinin rahatlığının təmin edilməsi, vergi orqanı ilə ödəyici arasında canlı təmasın, uzun sürən sənədləşmə prosedurlarının minimuma endirilməsi məqsədilə davamlı olaraq Vergilər Nazirliyi tərəfindən bütün vergi xidmətlərinin elektron versiyası hazırlanıb ödəyicilərin istifadəsinə verilib. Xüsusən elektron bəyannamə sisteminin, POS-terminalların, NKA-ların, fiziki və hüquqi şəxslərin elektron qeydiyyatının, ƏDV depozit hesabının, nəhayət, vergilərin və dövlət rüsumlarının elektron ödəniş sisteminin yaradılması ölkədə vergi ödəyicilərinin vergi öhdəliklərinə əməl etmələri üçün əlverişli şərait yaradıb.

AVİS - səmərəli nəzarət mexanizmləri

Qeyd edək ki, 2006-cı ildən başlayaraq Vergilər Nazirliyi sistemində vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən "Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi" (AVİS) tətbiq edilir. AVİS vasitəsilə həm vergi xidmətində sənəd dövriyyəsi elektron formata keçirilib və operativ informasiya mübadiləsi təmin olunub. Həm də vergi bəyannamələrinin qəbulu və emalı prosesi sadələşdirilib, iqtisadi təhlilin həyata keçirilməsi və proqnozların tərtibinə imkan yaradılıb ki, bu da vergi xidmətinə daha səmərəli nəzarət mexanizmlərini tətbiq etməyə imkan verib. Məhz AVİS-in yaratdığı geniş imkanlar hesabına 2007-ci ildə ölkəmizdə elektron bəyannamə sisteminin tətbiqi mümkün olub və bu məqsədlə İnternet Vergi İdarəsi yaradılıb. Müvafiq sistemin tətbiqi nəticəsində Azərbaycan vergi xidməti təkcə MDB ölkələri arasında deyil, həm də Şərqi Avropada ən modern informasiya texnologiyasına malik xidmətlərdən birinə çevrilib.

Əlverişli biznes mühiti

Davamlı iqtisadi inkişafın təmin edilməsi sahibkarlığın dəstəklənməsi sahəsində yeni vəzifələr müəyyən edib. Mövcud çoxpilləli biznesə başlama proseduraları, mürəkkəb icazələr sistemi uzun müddət tələb edirdi. Məhz buna görə də göstərilən mənfi halların aradan qaldırılması, ölkədə sahibkarlığın sürətlə inkişaf etdirilməsi və daha əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" 2007-ci il 30 aprel tarixində Fərman imzalanıb. Prezident İlham Əliyevin "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli Sərəncamı ilə 2008-ci il yanvarın 1-dən başlayaraq sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilib. Bununla da sahibkarların dövlət qurumlarından asılılığı azalıb, qeydiyyat prosesi sadələşib.
Həmçinin 2008-ci ildə Azərbaycanda ilk dəfə ƏDV inzibatçılığı prosesində vergi nəzarətinin tam elektronlaşdırılmasına imkan verən ƏDV depozit hesablarının tətbiqinə başlanıb. Vahid ƏDV depozit hesabının tətbiqi ƏDV üzrə vergidən yayınmaların qarşısının alınmasına, eyni zamanda vergi ödəyicilərinin ƏDV üzrə inzibati yükünün azaldılmasına da şərait yaradıb. Qeyd etmək lazımdır ki, bu sistem vergi orqanları üçün geniş bir informasiya bazası rolunu oynamaqdadır. 2010-cu il yanvarın 1-dən etibarən isə elektron vergi-hesab fakturalarının tətbiqinə başlanılıb.
Vergi siyasətinin modernləşdirilməsi və dünya standartlarına cavab verməsi istiqamətində görülən tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli Fərmanıdır. Müvafiq fərmanın icrası ilə əlaqədar biznes mühitinin yaxşılaşdırılması məqsədilə 2011-ci il iyun ayının 1-dən fiziki şəxslərin, 2012-ci il fevral ayının 7-dən isə hüquqi şəxslərin internet vasitəsilə elektron qeydiyyatına başlanılıb.

Büdcə gəlirlərinin artımı

Beləlilklə Azərbaycanın müasir vergi xidməti ölkənin iqtisadi qüdrətinin güclənməsi, nəhəng regional layihələrin həyata keçirilməsi işlərinə öz töhfəsini verməkdədir. Bununla da dövlətin vergi siyasəti iqtisadi siyasətin mühüm tərkib hissəsinə, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində aparıcı amilə çevrilib. 2011-ci ilin iyul ayının 1-dən etibarən hüquqi şəxs yaratmadan vergi ödəyicilərinin elektron dövlət qeydiyyatının tətbiqi nəticəsində fərdi sahibkarların vergi orqanlarına gəlmədən cəmi bir neçə dəqiqəyə rəsmi dövlət qeydiyyatına alınmasına başlanılıb. Bundan əlavə, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər qüvvəyə mindikdən sonra yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının tətbiqi mümkün olub. Bunun nəticəsində də hər bir Azərbaycan vətəndaşı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyata alınması üçün elektron imzadan istifadə etməklə onlayn qaydada müraciət etmək və real vaxt rejimində qeydiyyata alınmaq imkanı qazanıb. Onu da qeyd edək ki, elektron qeydiyyatın tətbiqi ilə bağlı təqdim olunan sənədlərin siyahısı da minimuma endirilib. Belə ki, hüquqi ünvanı və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər elektron qeydiyyat zamanı təqdim edilməli sənədlərin siyahısından çıxarılıb.

Azərbaycanın brendi - "ASAN xidmət"


Xatırladaq ki, Azərbaycan Respublikasında vətəndaşlara "bir pəncərə" prinsipi üzrə sosial xidmətlərin göstərilməsinin innovativ konsepsiyasinın yaradılması ideyası Prezident İlham Əliyevə məxsusdur. Bu konsepsiyanı həyata keçirmək məqsədilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis olunub. Bu düşünülmüş və planlı fəaliyyətin nəticəsi olaraq, hazırda biz dövlət orqanları ilə vətəndaşlar arasında yeni və daha təkmil münasibətlərin qurulmasını təmin edən "ASAN xidmət" mərkəzlərinin inkişafını müşahidə edirik. Təsadüfi deyil ki, "ASAN" obreviaturasının açması "AzerbaijanService and Assessment Network", yəni Azərbaycanın qiymətləndirmə və xidmət şəbəkəsi mənasını verir. Azərbaycanın bu sahədə təcrübəsi başqa ölkələrdə yüksək marağa səbəb olur və haqlı olaraq Azərbaycanın vizit kartı hesab edilir.
Azərbaycan-Estoniya Ticarət Palatasının rəhbəri, "B.EST solutions" şirkətinin təsisçisi Yana Krimpe bildirib ki, Azərbaycanda müxtəlif dövlət orqanlarının informasiya sistemlərinin idarələrarası qarşılıqlı əlaqəsini təmin edən və real vaxt rejimində əhalinin kütləvi müraciətlərinin təmin olunmasına imkan verən ümumi istifadəçi platformasının yaradılmasına böyük əmək sərf olunub: "Əlbəttə, dövlətin dəstəyi olmadan belə proseslərin təmin edilməsində uğur qazanmaq mümkün deyil. Atılan bu addımlar sayəsində hazırda müxtəlif dövlət qurumları tərəfindən vətəndaşlara 400-dən çox elektron xidmət göstərən "Asan imza" kimi elektron identitetin inkişaf etmiş formalarını özündə cəmləşdirən vahid rəqəmsal məkana sahibik".



Aparıcı mövqe


O əlavə edib ki, Vergilər Nazirliyi innovativ həllərin tətbiq olunması sahəsində dövlət orqanları arasında aparıcı mövqe tutur. Onun fikrincə, "Asan imza" xidməti Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) ilə əməkdaşlıq əsasında mobil operatorlar tərəfindən təqdim olunur: "Bundan başqa, səmərəli fəaliyyətin nəticəsidir ki, hazırda vergi bəyannamələrinin 90%-dən çoxu elektron formada təqdim edilir. Vergilər Nazirliyi öz fəaliyyəti çərçivəsində elektron xidmətləri uğurla tətbiq edir. Respublika ərazisində vergi ödəyicilərinə xidmət mərkəzləri yüksək səviyyədə fəaliyyət göstərir, bununla yanaşı, nazirlik xidmətin tam səmərəli təşkili üçün vergi ödəyicilərinə İnternet Vergi İdarəsi vasitəsilə də xidmət göstərir. Nazirliyin "195" Çağrı Mərkəzinin fəaliyyətini xüsusi qeyd etmək istərdim. Vergi ödəyicisi istənilən yerdən bu Mərkəzə zəng etməklə "Asan imza" vasitəsilə operatorun köməyi ilə tələb olunan vergi bəyannaməsini doldurub təqdim edə bilər. Bu proses zamanı vergi ödəyicisi operatorun sorğusuna cavab olaraq öz mobil telefonunda "Asan imza" PIN1 kodu ilə şəxsiyyəti təsdiq edir və bəyannamə operator tərəfindən doldurulduqdan sonra öz mobil telefonuna göndərilən "Asan imza" PIN2 kodu ilə hazır bəyannaməni təsdiq edir. Bu funksiya internetə çıxış imkanları məhdud olan, bəyannamələrin göndərilməsində çətinlik çəkən, kompüterlə iş bacarığı olmayan və s. vergi ödəyiciləri üçün ən rahat üsuldur".
Qeyd edək ki, ASAN xidmət dünyada maraq doğuran layihələrdəndir və bir çox ölkə bu təcrübədən yararlanmaq istəyir.
Y.Krimpe əlavə edib ki, "ASAN xidmət" modeli dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli alət və "elektron hökumət"in tətbiqi ilə bağlı mühüm addım kimi təqdir olunub: "ASAN xidmət" 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətlərinin göstərilməsi sahəsində qaliblərin mükafatlandırılması mərasimində "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi kateqoriyasında ən yüksək yerə - 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. "ASAN" modeli bir çox ölkələrin diqqətini cəlb edir. Bildiyimə görə, Türkmənistandan əlavə, "ASAN xidmət" Belçika, Böyük Britaniya, Serbiya, Fransa, Baltikyanı ölkələr, eləcə də Afrika və Cənubi Amerika ölkələrində keçirilən rəsmi tədbirlərdə də təqdim edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev isə bildirib ki, "Asan Xidmət" Azərbaycanın brendidir və ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində də bu barədə fikirlərini bildirdi. Onun sözlərinə görə, bu Azərbaycanda korrupsiyanın, bürokratik əngəllərin aradan qaldırılmasında çox böyük xidməti olan bir sistemdir: "Asan Xidmət"in şəbəkəsinin genişləndirilməsi, xidmət növlərinin artırılması gündəmdə olan məsəslədir. Bütövlükdə bu Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısının bir ifadəsidir. Bu həm də mədəni bir nümunədir. Hesab edirəm ki "Asan Xidmət"in təcrübəsindən digər xidmət sahələri də yararlanmalıdır. Bura 10 milyon insan müraciət edib və onların heç biri narazı deyil".

Əli İbrahimov

Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin "Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində" mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir.