"Həmas silahı yerə qoya bilmir, çünki İsrailə etibar etmir" Dünya

"Həmas silahı yerə qoya bilmir, çünki İsrailə etibar etmir"

“Həmas və İsrail arasında hazırkı durum heç də normal deyil. Problem çox dərindir və münaqişənin kökü hələ həll edilməyib. Qanlı və qızğın müharibədən sonra bu məsələni qısa müddətdə yoluna qoymaq mümkün deyil."

Bunu politoloq Tural İrfan Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, bölgədə təhlükəli vəziyyətin qalmasının əsas səbəbi Həmasın İsrailə etibar etməməsidir: “Onlar qorxurlar ki, silahı yerə qoysalar, aldadılar və İsrail onları bir-bir sıradan çıxarar, Qəzzanı da tam işğal edər. ABŞ-ın bu məsələdəki rolu qənaətbəxş deyil, Vaşinqton daha çox İsrailin maraqlarını əsas götürür. Həmasın və Qəzza əhalisinin maraqları isə diqqətdən kənarda qalır.”

Tural İrfan hesab edir ki, münaqişənin ədalətli və davamlı şəkildə nizama salınması üçün əsas rol Avropa İttifaqı ölkələri, Türkiyə və ərəb dövlətlərinin üzərinə düşür: “Bu region ölkələrinin fəal vasitəçilik missiyası olmadan nə Qəzzada sabitlik bərpa oluna, nə də İsrail-Fələstin problemi ədalətli şəkildə həll edilə bilər".

Günel Elxan